Avropa Parlamentinin qətnaməsinin ardınca “mənfur Avropa” mövzusunda bizim hökuməti təmsil edən xeyli adamdan, həmçinin Milli Məclis üzvlərindən sonra, nəhayət, Ilham Əliyev də söz açdı. Müxtəlif tədbirlərdə söhbəti xüsusi olaraq bu mövzuya gətirdi, hətta məktəblilərlə görüşdə də…
Həmin çıxışların məzmunu və ritorikası bizə çoxdan tanışdır… Bütün dünya bizim paxıllığımızı çəkir, bizdəki inkişafı gözləri götürmür, Azərbaycanın müstəqil mövqeyini qəbul edə bilmir. Hər yerdə böhrandır, biz də isə heç bir problem yoxdur, ola bilməz və s.
Amma nə qədər tanış məzmun olsa da, zaman əvvəlki deyil, bu arada çox şeylər dəyişib. Azərbaycan manatını ucuzlaşdırıb, çox öyündüyü büdcəsini xeyli azaldıb. Ölkədə ixtisarlar, maaşların azalması, şirkətlərin bağlanması hiss edilən tendensiyaya çevrilib. O sıradan, Avropa Parlamenti kimi mötəbər qurum bu hakimiyyət barədə olduqca sərt sənəd qəbul edib və onu öz xalqına qarşı ağır qanunsuzluqlar törətməkdə ittiham edib. Tamam yeni bir tərz nümayiş etdirilib. Tamam yeni dövrdür…
Bu səbəbdən də, mən əminəm ki, belə böhranlı vəziyyətdə tərəfdarları, məmurlar, yaxın komandası Ilham Əliyevin çıxışlarını təlaşsız oxumurlar. Onların hamısının ürəyində belə bir sual var: görəsən bunun axırı necə olacaq? Vəziyyət bura gəlməli idimi? Düzələ bilərmi?
Gəlin son hadisələrdən birinin timsalında bu suallara baxaq. Erməni müxalifətçisi adlandırılan bir nəfər – Martirosyan Azərbaycandan sığınıcaq alıb. Rəsmi təbliğat bu cürdür. Ola bilsin ki, bir erməni siyasətçisinin Azərbaycana gəlib sığınacaq istəməsi özlüyündə yaxşı hadisədir. Ölkəmizin də onun qəbul etməsi mütərəqqi sayıla bilər. Onun Ermənistandakı vəziyyəti pisləməsi, Azərbaycanı tərifləməsi də özlüyündə bu münaqişə baxımından xeyrimizə görünə bilər. Əvvəla, bilmək olmur ki, bu cür təbliğatla nəyə nail olmaq mümkündür. Guya ermənilər Azərbaycana sığınan erməni siyasətçinin arxasınca gedib, Azərbaycanın mövqeyini qəbul edəcək? Üstəlik, indiyəcən ölkəmizə sığınmadan da, bizə təriflər demədən də Ermənistanı yanlış mövqeyə görə tənqid edən, çox ciddi dəlillərlə öz xalqını yanlış yoldan çəkinməyə, Azərbaycanla dostluğa çağıran ermənilər olub, onlarla müqayisədə bu adam qeyri-ciddi görünür. Və Azərbaycanın xeyrinə danışan, münaqişənin həllinə çalışan belə ermənilərlə açıq tədbirlərdə görüşən azərbaycanlılar düşmən elan edilib! Hələ yazılarında bu münaqişədə Azərbaycanın marağını hamıdan yaxşı müdafiə edən tanınmış jurnalist Rauf Mirqədirovun, hüquq müdafiəçisi Leyla Yunusun erməni agenti kimi şərlənməsini, haqq sözü deyən hər kəsi ermənilərə işləməkdə ittiham edilməsini demirəm.
Ümumiyyətlə, erməni diskursunu bir anlığa kənara qoyaq! Cənablar, erməni müxalifətçisinə sığınacaq verən ölkəmizdə siyasətçi Ilqar Məmmədov və həm də Qarabağ döyüşçüsü olan Tofiq Yaqublu həbsdə deyilmi? Gənc fəallar, vəkillər, vətəndaş cəmiyyəti təmsilçiləri həbsdə deyilmi? Jurnalistlər, o sıradan bütün dünyanın tanıdığı araşdırmaçı Xədicə Ismayıl həbsdə deyilmi? Məgər Azərbaycan öz müxalifətindənsə, erməni müxalifətinə daha güvənli ölkədir?
Bizə sığınan kimisə xalqa göstərərkən, yada salırıqmı ki, ölkə əhalisinin əksəriyyəti imkan tapsa, hələ təqib olunanları nəzərdə tutmuram, Avropada sığınacaq almağa hazırdır. Ümumiləşdirib desək, ölkənin ağalıq və talan obyekti kimi idarə edilməsi eyni tərzlə davam etmirmi? Problemləri bir-bir sadalamağa da ehtiyac yoxdur – bilirsiniz hər şeyi. Onda bu durumla nə dəyişə bilər? Başqa hara gəlib çıxa bilərdik ki!
Təbliğatla, TV-lərdən yalan, tərif yaymaqla, oyunlarla, şoularla bir ölkə, bir durum dəyişə bilərmi? Axı enində-sonunda məsələ dünyanın bizə münasibətində də deyil, xalqın real durumunda, ölkənin real halındadır. O vəziyyətdir ki, çölümüzün kimisə yandırdığını deyə bilmərəm, amma içimiz özümüzü yandırır! Təlaş doğuracaq durumdur!