Bizim bir çox problemlərimiz biliksizliyimizdən qaynaqlanır. Biliksiz adama saman sındırmaq da çətin görünər: görəsən, bunu sındıra bilərəmmi? görəsən, bunu sındırmağa gücüm çatarmı? Biliksiz adama qarşısındakı körpüdən keçmək də çətin görünər: görəsən, bunu necə keçim – eninə, yoxsa uzununa? altından, yoxsa üstündən?
Tez-tez belə görsənişlə qarşılaşmalı, tez-tez belə subyektlərlə üzləşməli oluruq: özgəyanlı – azərbaycanlı! Azərbaycanlı olmağımız bəlli, bəs özgəyanlı, bu necə olur? Daha doğrusu, biz necə özgəyanlı oluruq? Bizim necə özgəyanlı olduğumuzu, necə özgəyanlıya çevrildiyimizi bilmək üçün Mirzə Fətəlini, Mirzə Cəlili, Üzeyir Hacıbəylini oxumaq gərəkdir. Bizim necə özgəyanlı olduğumuzu bilmək üçün günümüzün bir sıra görsənişlərini görmək, görə bilmək gərəkdir.
Bir var gerçəkliyə baxmaq, bir də var gerçəkliyi görmək. Gerçəkliyə hamı baxır, ancaq gerçəkliyi hamı olduğu kimi görüb qavraya bilmir. Bu da nəylə bağlıdır? Yetərincə bilik yiyəsi olmamaqla. Gerçəyi bütünlüklə görüb qavramaq üçün gecə-gündüz çoxlu oxumaq, böyük bilik yiyəsi olmaq gərəkdir. Diplomsuz bir yana, bizdə diplomlu biliksizlik baş alıb gedir. Bizdə müəllim müəllim deyil, alim də alim. Başqa cür desək, bizdə müəllim müəllim yerində deyil, alim alim yerində.
Bəs din adamları necə? Bizdə mənəviyyatsız dinçilik baş alıb gedir. Mənəviyyatsızlıq olan yerdəsə din ola bilməz. Islam peyğəmbərinin göstərdiyi başlıca yol mənəviyyat, elm-bilim yolu idi. Çevrənizdəki din adamlarına baxın: onların böyük çoxluğu bütünlüklə başqa yolun yolçusudur. Niyə? Yalnız özləri pis olduqlarına görə yox, oruc-namazla din yolu tutduqlarına, işlərinə, gündəlik çıxarlarına yaramadığından dinin dərinliklərinə varmadıqlarına – mənəviyyat qatına enmədilkərinə görə. Kimə gərəkdir belə yalançı dinçilik? Belə yalançı dinçi-islamçılar üçün islam peyğəmbərinin bir çox yolgöstərənliyi kimi bu yolgöstərənliyi də önəmsizdir: “Ölkə sevgisi imandandır”. Biz bunu, demək olar, hər gün görürük. Din biliklərinə yarımçıq, görsəniş üçün yiyələnənlər yalançı-yarımçıq dinçilər olduğu kimi, başqa biliklərə üzdən yiyələnənlər də yalançı-yarımçıq müəllim, alim, siyasətçi, nə bilim, nə olurlar.
Tanrı insanlara düşünmək bacarığı verib. Insan bütün başqa varlıqlardan düşünmək bacarığı ilə üstündür. Insanın insan olaraq diriliyi, başarılığı, üstünlüyü onun düşünmək bacarığına bağlıdır. Baxın: dünyadakı bütün üstün, qabaqcıl toplumlar, xalqlar düşünmək bacarığı ilə seçilənlərdir – ingilislər-amerikanlar, yəhudilər, yaponlar, çinlilər. Bu sıranı yalnız düşüncə üstünlüyünə yiyələnən xalqlar genişləndirə bilərlər. Sıra qapalı deyil, hamı üçün açıqdır. Dərin, çevik, buna görə üstün düşüncəyə yiyələnən istənilən xalq istənilən çağda bu sıraya qatıla bilər. Dərin, çevik, buna görə də üstün düşüncə istər ayrı-ayrı kimsələr, istərsə də bütöv bir xalq olmaqla böyük biliklərə yiyələnməklə qazanılır. Belə kimsələr, belə xalqlar istər – istəməz başqalarından üstün status qazanırlar. Başqaları itirə-itirə gedirkən, belələri qazana-qazana gedir.
Itirə-itirə gedənlərin biri, birincisi bizik. Son yüz ildə biz torpaqlarını, demək, özünü ardıcıllıqla itirə-itirə gələn bir xalqıq. Yer üzündə ikinci belə bir xalq yoxdur. Bunun niyəsini, bir daha demək gərəkir: Mirzə Fətəlinin, Mirzə Cəlilin, Üzeyir Hacıbəylinin yaradıcılığından açıq-aydın görmək olar. Bunu eləcə də çağımızın – günümüzün bir çox görsənişlərindən görmək olar. Düşüncə insanlara görsənişlərin alt qatındakı gizlinləri görmək, bilmək, anlamaq üçün verilib. Üst qatda olanları bütün gözlülər görür, alt qatda, “qabıq” altında olanları yalnız gerçəkdən düşünməyi bacaranlar, gerçək düşüncə yiyələri! Başqaları bir yana, bizdə bir çox siyasət adamları, bir çox siyasi liderlər də “qabığın” altındakını görməyi bacaran düşüncə yiyələri deyil. Bu isə istənilən xalq üçün qaçılmaz uğursuzluq görsənişidir. Belə olanda biz biliksizlikdən, dayazlıqdan ÖZGƏYANLI azərbaycanlıya çevrilirik: istər – istəməz!