“Legion”a qarşı “Zabit”!

Beynəlxalq təzyiqlər gücləndikcə, Azərbaycandakı siyasi repressiyaları pisləyən bəyanatların sırası genişləndikcə, hakimiyyətin aqressivliyi də artır. Artıq eyni maddələrlə suçlanan “2 aprelçilər”in növbəti mühakiməsində dövlət ittihamçıları daha çox cəza tələbilə çıxış edirlər.

Biz artıq illərdir, Ilham Əliyevin heç kimə və heç nəyə – o cümlədən hüquqa – əhəmiyyət vermədiyini, söz götürməyən, məsləhət eşitməyən biri olduğunu müşahidə edirik. “WikiLeaks”in açıqladığı Enn Dersiyə teleqramların sayəsində bütün dünya da bunu gördü ki, Azərbaycan hakimiyyəti ilə heç kim hədə dilində, təzyiq yoluyla danışa bilməz, cənabımızın belə şeylərdən xoşu gəlmir.
Əvvəlki illərdən fərqlidir mənzərə: artıq təkcə Azərbaycanda yox, dünyanın bir çox yerlərində hakimiyyət özünə villa ucaldıb, biznes qura bilibsə, daha kimsədən çəkinməməyə dəyər.
Məntiq budur. Bəs, dünyanın nizamı?
Əgər dünyadakı villalar, var-dövlət, kapital kürsünü xilas edəndisə, Azərbaycanın hakim elitasının birgə sərvətindən dəfələrlə artıq əmlaka sahib Hüsnü Mübarək niyə xərəkdə məhkəməyə gətirilir? Əgər hər an döyüşməyə və qan tökməyə hazır olan “suçlu və güclü komanda” hakimiyyəti qorumağa yetirsə, Liviya diktatoru Müəmmər Qəzzafi niyə ilim-ilim itib? Məhəmməd Rza şahın nakam oğlu niyə qürbətdə ölürdü? Ibn Əli niyə aradan çıxırdı?
Qızıldan sərhədlər qaldırsa və bütün ölkədən neft fontan vursa belə, ərazi, əhali, iqtisadi və hərbi baxımdan dünyanın taleyini həll edən dövlətlər sırasına Azərbaycanın düşməsi mümkün deyil. 15 milyardlıq dövlət büdcəsi və 90 milyardlıq Ümumi Daxili Məhsulla beynəlxalq güclərin insan haqları ilə bağlı sərt açıqlamalarına aqressiv reaksiya verən və öz vətəndaşlarını türməyə soxan rejim nəzərə alırmı ki, Amerika Birləşmiş Ştatlarının təkcə dövlət büdcəsinin kəsiri 15 trilyon dollardır? Bilirmi ki, ABŞ-ın öz sularından çox-çox kənarda canlı hərbi qüvvələrinin sayı 300 mindən artıqdır?
Ərazi və təbii sərvətlər baxımından nəhəng Rusiya, əhali və inkişaf stabilliyinə görə böyük Çin dünyanın supergücləri sırasına qatıla bilmirsə, 86,6 min kv/km ərazi, 9 milyonluq əhali ilə hara və nəyə iddia etmək olar? Ki bu ərazinin də 20 faizi işğal olunub, ölkədə aparılan uğurlu iqtisadi siyasi islahatlar sayəsində 3,5 milyonu başını və qarnını götürüb ölkədən qaçıb.
Belə kiçik və kasıb əhalinin qüdrətli prezidenti olmur, axı!
19 yaşında sosial şəbəkə fəalını türməyə soxmaq dərəcəsində kiçik olan ölkə başçısı heç bir halda böyük görünə bilməz, axı!
“Insan haqları heç bir ölkənin daxili işi deyil” deyə nə qədər bəyanat verməlidir sivil dünya? Nə qədər izah etmək olar ki, Azərbaycanın iqtisadi-siyasi gələcəyi demokratik, vətəndaş cəmiyyəti quruculuğundan keçir?
Iki dəfədən artıq prezident seçilməyi qadağan edən Konstitusiya maddəsini ləğv etməklə ömürlük hakimiyyətdə qalmaq iddiasına dünya biganəmi yanaşmalıdır? Rusiyanın belə, cəsarət etmədiyi bir siyasi gedişi Azərbaycanda gerçəkləşdirmək mümkündürmü?
Heç bir halda yox! Enn Dersinin dediyi kimi, bu qədər repressiyalar və iqtisadi monopoliyalar qarşılığında Azərbaycan vətəndaşları etiraz etmək əvəzinə “başını aşağı salıb ölkədən getməyi üstün tutsalar” da, müqavimətin olmadığını düşünmək tamam yersizdir.
Misirdə də siyasi stabillik yüksək səviyyədə idi və Hüsnü Mübarək ABŞ-ın yaxın müttəfiqi sayılırdı; Qırğızıstanda isə qəfil baş verən sosial partlayışın gizli ocaqlarını politologiya hələ də müəyyənləşdirməkdə acizdir. Siyasi dəyişiklikləri doğuran sosial minaların nə vaxt partlayacağı bilinməsə də, təxmin edilir!
O ki qaldı Nikola Sarkozinin “Şərəf legionunun zabiti” tituluna Ilham Əliyevi deyil, birinci xanımı təltif etməsinə, uğurlu texnologiyadır: Şirakın “Legion”una Sarkozinin “Şərəf”i hakimiyyətdaxili çatın dərinləşməsinə verilən töhfədən başqa bir şey deyil.