Moldova hadisəsi – 2

(Ilham Əliyevin bütün özünəbəraətlərini puça çıxaran daha bir postsovet ölkəsi haqqında)

Əlbəttə, yazdıqlarım elə təəssürat yaratmamalıdır ki, Moldovada hər şey qaydasındadır. Qətiyyən. Əksinə, mənim bugünkü Moldova ilə bağlı bir neçə günlük davamlı araşdırmalarım, oxuduqlarım göstərir ki, ölkədə kifayət qədər problem var, amma bunlar Moldovanın gələcəyi üçün dərin narahatlıq yaratmır.
Əksəriyyət düşünür ki, Moldova doğru yoldadır, üzünü Azərbaycan kimi keçmişə yox, gələcəyə tutub. Burada hakimiyyətdə olan qüvvələrə Moldovanı çağdaş, modern dünyanın bir parçasına çevirmək hissi, ruhu xasdır. Hakimiyyətdə kommunistlər olsun, ya da liberal demokratlar, fərq etmir, ümumi xətt aydındır: ədalətli, hüququn üstün olduğu, sosial rifahın təmin edildiyi Moldova qurmaq. Onların problemlərin həllinə baxışları fərqlidir, amma onlar heç vaxt Moldovada monarxiyanı bərpa etmək, ölkəni orta çağların feodal ənənələrilə yönəltmək fikrinə düşməzlər, düşə də bilməzlər. Çünki belədə xalqın iradəsi ilə qarşı-qarşıya qalacaqlarını anlayırlar. Hər seçkidə xalqın iradəsinin nəticələrə daha çox yansıması Moldovanın siyasi iqtidarlarını dövlətə və dövlətçiliyə xəyanətdən çəkindirir.
Daha bizdəki kimi yox! Ilham Əliyev fikirləşir ki, əgər seçkilərin nəticələrini saxtalaşdırırsa, niyə narahat olmalıdır? Istədiyini edə bilər, çünki xalqın iradəsi üzərində özünün iradəsi var.
Hakimiyyətlər o ölkələrdə məsuliyyətli, işgüzar, ədalətli, şəffaf olurlar ki, orada onların taleyini seçki müəyyənləşdirir. Bilirlər ki, bir səhv addım nəticəsində növbəti seçkidə cəzalandırıla, hakimiyyətdən göndərilə bilərlər.
Ilham Əliyevin isə bu cür qayğısı olmadığına görə dövlət büdcəsini şəxsi cibi kimi istifadə edə, məmur harınlığına göz yuma, özünü ömürlük prezident görə, məhkəmələrdə ağa kefi ilə qərarlar çıxara bilir.
Moldovaya qayıdaq. Məncə, bu ölkənin uğurlarında əsas rolu prezidenti parlamentin seçməsi (bizdə isə həm prezidenti, həm parlamenti elə prezident seçir!) oynayır. Moldova parlamentində müxalifətin həmişə ciddi üstünlüyü var, onun deputat yerlərinin sayı hakim partiyadakından bir neçə səs azdır. Bu isə prezident üzərində daim basqı mühiti yaradır, prezidenti bizdəki kimi özünü padşah olaraq aparmasına imkan vermir. Əks halda, impiçment məsələsi qapının ağzındadır.
2002-ci ildən başlayaraq Moldova birmənalı şəkildə Avropayönümlü kurs götürdü. 2000-ci illərin ortalarından başlayaraq isə Moldovanın siyasi və hüquqi, iqtisadi nailiyyətlərini dünyada etiraf edirlər. 2006-cı ildə Dünya Bankı korrupsiyaya qarşı mübarizədə uğur əldə edən postsovet ölkələrinə Gürcüstanı və Moldovanı nümunə göstərmişdi. Maraq üçün deyim: eyni hesabatda Azərbaycanda vəziyyətin tam əksi qeyd edilmişdi, korrupsiyanın azalmaq əvəzinə, artdığı bildirilmişdi.
Yenə 2006-cı ildə “Transparency International” 180 ölkə arasında korrupsiyalaşma səviyyələrinə görə ölkələrin reytinqini çap etmişdi, orada postsovet ölkələri arasında ən yaxşı göstəricilərdən birinə Moldovanın imza atdığı göstərilmişdi. Bu ölkə keçmiş Sovet respublikaları arasında ən az korrupsiyalaşmaya görə 5-ci olmuşdu. Yalnız Baltik ölkələri və Gürcüstandan geri qalmışdı. Yenə maraq üçün deyim: eyni reytinqdə Ilham Əliyevli Azərbaycan “gül vurmuş”, Azərbaycan ən pis göstərici ilə Özbəkistan və Türkmənistanla bərabər sonunculardan olmuşdu.
Aradan keçən 5 ildə Moldova postsovet ölkələrinin ümumi və vazkeçilməz bəlası olan korrupsiyada ağız sulandıran nailiyyətlər qazanıb. Ölkədə ictimai nəzarət güclüdür, sözün həqiqi mənasında müstəqil telekanalların, qəzetlərin sayı kifayət qədərdir. Son 1 ildə onların və vətəndaş cəmiyyətinin üzərində basqı, ümumiyyətlə, sıfıra bərabərdir. Moldovada siyasi səbəblərdən hansısa vəkilin səlahiyyətlərini əlindən alan Vəkillər Kollegiyası sədrinin isə, tutub ağzını cırarlar.
Bu ölkədə qərargahsız müxalifət partiyası yoxdur. Bu ölkədə hansısa müxalifət liderinin xarici pasportunun əlindən alınmasını isə ağıllarına belə, gətirməzlər. Bu ölkədə hakimiyyətlə müxalifətin dialoqu gündəlik siyasi fəaliyyətin bir parçasıdır. Elə bir ölkə miqyaslı problem yoxdur ki, hakimiyyət özü onu dərhal müxalifətlə müzakirə etməyə tələsməsin.
Bu ölkədə keçmiş prezidentlərdən biri – kommunist Voronin səlahiyyət müddəti bitdiyində özünə belə təsəlli vermişdi: “Əşşi” prezidentlik də bir iş deyil”. Halbuki onun da ağlına ömürlük prezident referendumu keçirib Konstitusiyaya barmaq eləmək gələ bilərdi, amma gəlmədi, çünki Moldova artıq fərqli siyasi mədəniyyətə sahib ölkədir, orada ağıllara şahlıq yaratmaq deyil, ölkəni modern, uyğar dəyərlərə uyğun idarə etmək hissi hakimdir.
Moldovanı Azərbaycandan kifayət qədər fərqləndirən üstünlüklərinə baxmayaraq, bu ölkənin hakimiyyətinə beynəlxalq təşkilatlardan tənqidlər gəlməkdə davam edir, amma mən bir nəfər də Moldova rəsmisinin açıqlamasına rast gəlmədim ki, çıxıb bu tənqidlərin Dnestryanı münaqişənin həllində hakimiyyətə təzyiq olduğunu desin. Onlar belə tənqidlərə anlayışla yanaşır və adətən deyirlər: “Deməli, daha çox çalışmaq lazımdır”.
Bəli, Moldovanı tənqid edirlər, bunu deyənlər ola bilər, amma mən onlara xatırlatmaq istəyirəm: bu tənqidlər demokratikləşmə prosesinin daha da sürətləndirilməsi üçündür. Heç kim ondan narahat deyil ki, Moldova yarımavtoritarizmdən avtoritarizmə qayıdır, tənqid müəlliflərini qayğılandıran odur ki, ölkə avtoritarizmdən demokratiyaya keçidi daha tez başa vursun.
Bizi isə tam avtoritarizmdən totalitarizmə yuvarlandığımıza görə tənqid edirlər. Bunu da unutmayaq.
Bir sözlə, Moldova bizim Qarabağ kimi dərdi olmasına, bizim kimi Sovetlərin şinelindən çıxmasına, bizdən fərqli dövlətçilik tarixinin olmamasına rəğmən, Avropanın bir parçasına çevrilmək yolunda inamla irəliləyir. Bu ölkədə irtica xofu çoxdan arxada qalıb, hər kəs irəli baxır, heç bir moldovalı üçün gələcək ümidsiz deyil, onlar demokratik, firavan Moldovanın uzaqda olmadığına inanırlar. Moldovanın doğru yolda olduğuna inanırlar.
Moldova Ilham Əliyevin demokratikləşmənin, Avropalaşmanın qarşısına çıxardığı bütün bəhanələri alt-üst edən yaxşı nümunədir. Bu nümunə sübut edir ki, heç bir Qarabağ dərdi, heç bir başqa digər səbəb – totalitarizmdən yenicə qurtulmaq, gənc dövlət olmaq, nə bilim, zəngin dövlətçilik keçmişindən əziyyət çəkmək-filan ölkəni doğru yolla aparmağa mane olmur.
Əksinə, bütün problemlərin açarı daha çox demokratikləşmək, daha çox azadlıqlara nail olmaqdır!

***

Bunları əlbəttə, Ilham Əliyevin oxuyacağı və nəticə çıxaracağı üçün yazmadım. Yazdım görsün ki, qoyun deyilik. Başımızı tovlamaq istədiyini başa düşürük. Bəhanələrinin əsassızlığını anlayırıq.
Yazdım, həm də bilsin ki, Azərbaycanı vaxtilə bizimlə eyni taleni bölüşən ölkələrdən belə, geri atmaq üçün etdiklərini ona və əyanlarına heç vaxt bağışlamayacağıq!