Bu gün Azərbaycanın ən böyük şəxsiyyətlərindən biri Üzeyir Hacıbəyovun anadan olmasının 130 ili tamam olur. Xalqımız Üzeyir bəyi daha çox dahi bəstəkar, Azərbaycanda, eləcə də bütövlükdə Şərq aləmində opera sənətinin banisi, görkəmli musiqişünas alim kimi tanıyır. Üzeyir bəyin olduqca zəngin musiqi yaradıcılığı olub. Lakin milyonlarla azərbaycanlı üçün o ilk növbədə “Leyli və Məcnun”, “Koroğlu” operalarının, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarının həm musiqisi, həm də librettolarının müəllifi kimi daha çox tanınıb və sevilib.
Üzeyir bəyin musiqi yaradıcılığı haqda geniş yazmaq fikrim yoxdur. Yalnız dostlara dahi sənətkarın çox sevdiyim bir neçə əsərini xatırlatmaq istəyirəm. Böyük Nizaminin sözlərinə yazılmış “Sənsiz”, “Sevgili canan” romanslarına, istiqlal şairi Əhməd Cavadın sözlərinə yazdığı “Çırpınırdı Qara dəniz” mahnısına və nəhayət Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş dövlət himnimizin musiqisinə kim biganə qala bilər?
Böyük şəxsiyyətin bu yubiley günündə mən onun yaradıcılığının başqa bir cəhətinə də diqqəti cəlb etmək istəyirəm. Üzeyir bəy yaradıcılığa publisist kimi başlayıb. Olduqca sərrast qələmi olub. “Molla Nəsrəddin” jurnalı və “Azərbaycan” qəzeti də daxil olmaqla 16 qəzet və jurnalda yazılar dərc etmiş və ya redaktorluq etmişdi.
Üzeyir bəy öz publisistikası ilə Azərbaycanda istiqlaliyyət fikrini möhkəmləndirən, sonra da qələmi ilə Xalq Cümhuriyyətinin – istiqlalımızın keşiyində duran böyük fikir adamı idi. Xalq Cümhuriyyəti dövründə Azərbaycan parlamentinin rəsmi orqanı kimi çıxan “Azərbaycan” qəzetinin baş redaktoru olaraq Üzeyir bəy M.Ə.Rəsulzadə ilə çiyin-çiyinə gənc Azərbaycan istiqlalını və demokratiyasını hər cür bədxahlardan müdafiə edirdi.
Təpədən dırnağa qədər Azərbaycan sevdalısı olan böyük şəxsiyyətə Allahdan rəhmət diləyirəm!




