Parlamenti zəbt edən YAP-çılar

milli-meclisHakim partiya 15-20 il deputatlıq stajı olanları niyə əvəzləyə bilmir?

Uzun illərdi YAP hakimiyyəti inkişaf nağılları danışır. Amma məsələ konkretləşəndə bütün sahələrin “qısır” olduğu üzə çıxır. Xüsusən də kadr məsələsində hakimiyyətin  “prinsipial”lığı göz deşir. Bu hakimiyyət üçün dəyişiklik, sadəcə yerdəyişmədən ibarətdir. Yəni bir səfirin, bir icra başçısının, bir polis rəisinin, bir deputatın vəzifədən azad edilməsi, eyni vəzifəni başqa bir yerdə davam etdirməsi anlamına gəlir. Yəni yeni simaların üzə çıxması, təşəbbüslərin həyata keçməsi ənənəsi yoxdur.

Necə olur ki, “bizim 600 mindən artıq üzvümüz var” deyənlər, 22 il ərzində 60 nəfər yeni simanı cəmiyyətə təqdim edə bilmirlər. Nazirlər, icra başçıları, komitə sədrləri 15-20 ildir vəzifə başındadılar. Bəli, müasir dünyaya “qocalar hakimiyyəti” ilə qədəm qoyuruq.

Yaxın günlərdə ölkədə parlament seçkiləri keçiriləcək. Heç kimə sirr deyil ki, seçkidə iştirak edənlərin 99 faizi YAP namizədləridi. Yəni rəsmi yapçıların sayı 118 nəfər olsa da, “müxalifyönlü yapçılar”, “bitərəf yapçılar” da seçkiyə qatılırlar. Amma ən maraqlısı budur ki, YAP-ın rəsmi siyahısının 53 nəfəri “stajlı”lardan ibarətdi. Yəni Eldar Ibrahimovu, Siyavuş Novruzovu, Vasif Talıbovu, Rövnəq Abdullayevi, Oqtay Əsədovu, Aydın Mirzəzadəni və digərlərini əvəz edə biləcək kadrınız yoxdur? Eyni adamların 15-20 il deputatlıq kürsüsünü zəbt etməsi nə deməkdir? Onsuz da parlamenti təyinatla doldurursuz. Heç olmasa gənc kadrlara da yer verin, görüntü xatirinə yeni simaları parlamentə buraxın.

Görünür, “600 minlik” kontingentin içərisində ortaya çıxarılası namizəd yoxdur. Əslində bu, 600 min nəfərin yalnız kağız üzərində yapçı olmasının, partiyada müstəqil təşəbbüslərin pozulmasının və ölkənin bazar təfəkkürü ilə idarə edilməsinin göstəricisidir.

Başqa vaxt “müxalifətin sosial bazası yoxdur”, “radikal düşərgədə heç kim qalmayıb” deyərək həşir qoparanlar ortaya 5 nəfər nüfuzlu sima çıxara bilmirlər. Bir daha təsdiq olunur ki, YAP parlament kreslolarını da monopoliyaya alıb.

Bir sözlə, prezidentdən tutmuş, millət vəkilinə qədər hamı kresloda qocalmalıdı. Bəlkə də Avropa bu “ənənə”yə görə bizə paxıllıq edir? Ölkənin büdcəsi nə vəziyyətdədirsə, YAP-ın kadr bazası da həmin vəziyyətdədir. Yəni ikisində də həmişə kəsir yaranır.

Əslində YAP-ın 53 nəfərlik “ənənəvilər”i haqqında təfərrüatı ilə yazmaq olardı. Amma buna lüzum yoxdur. Görünən budur ki, 600 minlik ordudan, 60 nəfər “poqon”lu tapmaq mümkün deyil.

Samir