Vicdan məhbuslarının məhkəmə iclaslarının birində Məhəmməd Məcidli hakimə, prokurora və yalançı şahidlərə əlindəki “Qırmızı terror” kitabını göstərdi. Məhəmməd Məcidli bu kitaba tez-tez istinad edirdi, bu da səbəbsiz deyildi. Müəllifi Ziya Bünyadov olan “Qırmızı terror” 37-ci il repressiyalarından bəhs edir, “iş” və işgəncə verənlərin hamısı orada adbaad qeyd olunub.
Mən Məhəmməd bəyi intizardan qurtarmaq istəyirəm, illəri gözləməyə ehtiyac yoxdur. Azərbaycanın adı “məhkəmə”, “polis”, “prokurorluq” qoyulan işgəncə strukturları dünya miqyasında ifşa olunub. Dünya bizim cəlladlar barədə kitab yazır, yayır. Bugünlərdə onlardan birini mən oxudum və tam səmimi deyirəm, saçlarım dimdik oldu.
Buyurun bir parçanı siz də oxuyun: “21 oktyabr 2003-cü ildə şahid kimi Goranboy rayon Prokurorluğunda saxlanılan 14 yaşlı bir qızı inspektor anasından ayıraraq tanımadığı beş kişinin olduğu bir otağa salıb. Bu otaqda inspektor onu sorğu-suala tutub və təhdid edib. Inspektor ona deyib: ”Biz nə deyiriksə, onu da yazmalısan. Yoxsa sənin ağzına acı dərman qoyub, lüt şəklini ANS-də nümayiş etdirəcəyik”.
Qızın dediyinə görə, o, inspektora savadsız olduğunu dedikdə, hərf-hərf ifadə yazmağa məcbur edilib. Daha sonra bu qız dayısına qarşı ifadə verməyə məcbur edilib. Onun dayısı prokurorluqda saxlanıldığı vaxt qonşu otaqdan qızın qışqırdığını eşitdiyini bildirib”.
Düşünürəm ki, sitat bu qədər kifayətdir, kəsə yoldan gedək. Bu işgəncə fatkı birinci instansiya və apelyasiya məhkəməsində dəfələrlə qaldırılıb. Hər dəfə hakimlər özlərini karlığa vurublar.
Geçək əsas məsələyə. Yəqin beyinlərinizdə “sitat hardan idi?” sualı yarandı. Onu təbii ki, heç bir müxalifət qəzetindən köçürməmişəm. Mənbə budur: “Azərbaycan məhkəmələrinin monitorinqi, 2006-2007” kitabı, səhifə 65. Kitabın müəllifi də sizin üçün maraqlı olar: ATƏT-in Bakı ofisi.
Məni dəhşətə gətirən bu qiymətli kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə gec də olsa, təşəkkürlərimi çatdırıram. Ancaq təkcə təşəkkürlərlə yekunlaşmaq olmaz. Yaxşı, hörmətli yoldaşlar, əziyyət çəkib, bu qədər monitorinq aparmısınız, kitab çıxarmısınız, lütfən deyin bilək, bu nəyə görədir? Məqsədinizi qısa şəkildə yazıb göndərsəydiniz, şad olardım.
Mən özüm üçün sual verirəm: ATƏT bu monitorinqlə dramatik bir kitab ərsəyə gətirib oxucu auditoriyası toplamaq istəyibmi? Belədirsə, hədəflərinə yetməyiblər. Ölkənin ən oxunaqlı qəzetinin yazarı bu kitabdan tam təsadüfən xəbər tutubsa, onda o kitabın əldən-ələ, eldən-elə dolaşdığı real deyil.Bu kitab Azərbaycanın hüquq-mühafizə, ədliyyə sistemini humanistləşdirmək məqsədilə tərtib edilibsə, yenə də heyf o zəhmətə…
Azərbaycan məhkəmələri, polisi, prokurorluğu dünyada geriyə təkamül yaşayan yeganə təsisatlardır. ATƏT Azərbaycan polisinə, məhkəməsinə nə qədər qrant ayırıb, hanı onların faydası? Işgəncələr, ədalətsiz qərarlar gündən-günə artır. Camaatın balası ilə düşmən əsirindən də pis rəftar edirlər.
Bunları niyə xatırlayıram. Ona görə ki, ATƏT hələ də Azərbaycan məhkəmələrini monitorinq etməklə məşğuldur! Yəqin ATƏT-dəkilər dənizin duzlu olmasına inanmaq üçün onun bütün suyunu içməyi lazım bilirlər.