WikiLeaks “şeytan ayələri”dirsə, bəs onda Enn Dersi kimdir?

– Abi, hani bir bayan mühabir, Gürcüstandan Ermenistana gidecek bir tren petrol bulmuşdu, nasıl bitti şu olay?

– Bilə bilmədik!
– O kıza bir şeymi yapdılar?
– Hayır, o hanımefendi millet vekili oldu!
– Şaka?!!
…Illər öncə Bakıya gəlmiş bir türk yazarla təsadüfi tanışlığım beləcə bitdi.Məni zarafatcıl adlandırdı, seçki prosesini isə ona anlatmağa səbrim çatmadı və mənə elə gəldi ki, bu dəfə o mənimlə zarafat edir…

…Milli Məclisdə ən iri oliqarx-məmurların (guya bu ölkədə məmur olmayan oliqarx da varmış – X.Ə.) himayəsində olan deputatlar haqda çox yazılıb. Əlbəttə, hər bir deputat qətiyyətlə bu fikirləri rədd edəcək…

Amma zaman-zaman məmur oliqarx “dara” düşəndə təxmin etdiyimiz deputat qrupu “od püskürməyə” başlayır. Bu günlərdə məlum oldu ki, Milli Məclisdə gizli bir “boks fraksiyası” varmış, xəbərimiz yoxmuş… Boksun neçə raunddan ibarət olduğunu belə bilməyən, seçki platformalarında boksa aid (!) bircə bənd olmayan millət vəkillərində bu “sevgi”, görəsən hardandır? Bəlkə dinc aksiyalarada yumruqlanan soydaşlarının haqlarını müdafiə etmək üçün yaradıblar?..

Ətin bahalaşmasından yazırıq, qarşımızda “ət” fraksiyasını buluruq: “düşmənin dəyirmanına su tökməyin”, soydaşlarımızın evlərinin uçurulmasından yazırıq, üstümüzə “neft” və “futbol” fraksiyası gəlir: “sizi topa tutarıq, sakit olun”. Çinin oyuncaq zavodlarında istehsal olunmuş avtobuslardan yazırıq, “nəqliyyat” fraksiyası bizi hədələyir.

Bəzi deputatların fikrincə, ABŞ-ın Bakıda Enn Dersi adında səfiri olmayıb, Wikiliks isə “şeytan ayələri”dir. (“Ədalət” qəzeti, 6 oktyabr, 2011-ci il). Bu “ayələrdən” məlum oldu ki, Azərbaycanda bütün iri məmurlar əsrarəngiz şəkildə bu xanımın qəbulunda olub və düzü-düz, əyrini-əyri ona söyləyiblər. Işin ən ilginc tərəfi odur ki, onların əksəriyyəti bizim yazdıqlarımızı, yəni ölkədəki korrupsiya, rüşvət və monopoliya olmasını, bu “xəyalət” saydığınız xanıma etiraf ediblər, yəni Tağı Əhmədovun təbirincə desək, zərrə qədər “burcutmayıblar”.

Niyə onlar susduğu halda, siz “yaxanızı cırırsınız”, bir az səbriniz olsun, bəlkə onlar inkar etməyəcəklər və deyəcəklər ki, “xanım bizi elə ”cadulamışdı”, heç nə dediyimizi özümüz də bilmirdik, sonradan məlum olduğu kimi, həqiqəti söyləmişik”. Şeytan da durur, ayələri də, qəzetləriniz də, televiziyalarınız da. O da ilham pərisi deyil ki, intizarla gözləyəsiniz, gəlməyə…

…O ki qaldı 10 milyon rüşvətə, bu, artıq faktdır, ola bilər başqası göndərib, məsələn, elə Milli Məclisdəki “boks fraksiyası”, yaxud da 10 milyonu olan bir boks aşiqi, önəmli deyil, araşdırılacaq. Bu məsələyə aydınlıq gəlməsi Azərbaycanın xeyrinədir, nəticə nə olursa-olsun. Italiya və Türkiyə futbolunda da oxşar hadisələr oldu, hər iki ölkə bu ləkəni təmizlədilər və dünya ictimaiyyəti bunu unutdu. Bizim də tək istədiyimiz odur ki, idmançılarımızın alınlarının haqqı ilə qazandığı qələbələrə kimsənin şübhəsi olmasın. Bax, bu məsələlərdə sizin “canfəşanlığınız” kənardan yaltaqlıq kimi görünür və beləliklə, qeyri-ixtiyari olaraq o “fraksiya” söhbətinin təsdiqinə rəvac verirsiniz…

…Evi sökülən, pul verib evinə sahib çıxa bilməyən, şərlənən, övladını orduda laqeydlik nəticəsində itirən o qədər seçiciləriniz var ki.., onlarla ilgilənin, heç olmasa bir-ikisinə kömək edin və bizə irad bildirin ki, niyə bunlardan yazmırsınız. Bax, elə dünən də acı xəbər aldıq – iki əsgərimiz evlərinə tabutda döndü… Allah rəhmət eləsin!

Əlimizdən başqa bir şey gəlmir, təəssüf ki…