Putinin yeni ideyası uğursuz plandı

Vəfa Quluzadə: «Dövlətlər yeni iqtisadi məkana razılıq versə, bundan yalnız Rusiya udacaq»

Rusiya baş naziri Vladimir Putin Avropa Birliyinə alternativ olaraq Avrasiya Birliyini təklif kimi irəli sürüb. “Avrasiya Birliyi” layihəsinin keçmiş sovet respublikalarını bir yerə yığacağını deyən Putin bu layihə ilə siyasi və iqtisadi olaraq daha yüksək inteqrasiya səviyyəsinə çatacaqlarını bildirib. Baş nazir yeni birliyin ilk addımının Belarus və Qazaxıstanla qurulması planlaşdırılan gömrük birliyi müqaviləsi olacağını deyib. Ancaq bununla belə, bu layihənin istənilən dövlətə açıq olduğunu da qeyd edib. Putinin planı özünü nə dərəcədə doğrulda bilər və bu hansı nəticələrə gətirib çıxarar?
Politoloq Vəfa Quluzadə bu planın reallaşmasını mümkün saymır. Çünki hazırda Rusiya çətin iqtisadi durumdadır. Belə bir iqtisadi məkanın qurulması isə yalnız Rusiyanın maraqlarına cavab verir: “Rubl məzənnəsini itirir, iqtisadi vəziyyəti ağırdır. Bu dəqiqə Rusiya çulunu sudan çıxarmaq üçün bütün mallarını keçmiş sovet respublikalarına sırımaq istəyir. Bu dövlətlər yeni iqtisadi məkana razılıq versə, bundan yalnız Rusiya udacaq. Uduzan biz olacağıq. Çünki biz müstəqilliyimizi itirəcəyik və məcbur olacağıq Rusiyanın mallarını alaq. Ancaq indi hər ölkənin əlləri açıqdır və hamısı istədiyi kimi hərəkət edir”.
Ekspertin fikrincə, Rusiya gözlənilən böhran dalğasından daha çox əziyyət çəkəcək. Bu səbəbdən də Putin belə bir planla çıxış edib. Lakin bunu məcburi şəkildə heç bir ölkəyə sırımaq mümkün olmayacaq. Çünki siyasi baxımdan da belə bir məkan digər ölkələrin xeyrinə olmayacaq: “Bu, Sovet Ittifaqına qayıdışdır. Sovet Ittifaqına qayıdış da o deməkdir ki, bizim öz malımız olacaq Rusiyanın. Rusiyanın zibil mallarını isə bizə gələcək”.

Fizzə