«Qətnamənin ardınca ünvanlı sanksiyalar gəlir»

cemilhesenli-azadliqda«Avropa Azərbaycana görə öz dəyərlərini itirə bilmə

Cəmil Həsənli: «Bütün dünya bu gün Azərbaycanın məsələsiylə məşğuldur, Azərbaycan hakimiyyəti isə Razi Nurullayev üçün cəbhə yaratmaqla»

Başlanğıcı ötən sayımızda

– “Avropadan imtina etməliyik” çağırışını səsləndirənlərə qarşı bir qədər primitiv də olsa sosial şəbəkələrdə belə cavab verilir ki, yaxşı, Avropa pisdirsə, o zaman düşün Avropanın maşınlarından, bu məkanda təhsil alan uşaqlarınızı geri çağırın, xəstələrinizi Avropaya müalicəyə göndərməyin. Hakimiyyət təmsilçilərinin Avropadan imtina ilə bağlı çağırışlarına necə baxırsız?

– Bu çağırışlar daha çox siyasi sifarişdir. Onların heç birinin nə siyasi, nə iqtisadi, nə də mənəvi əsasları var. Adamlar seçim etmək istəsələr elə həmin bəyanatı səsləndirənlərin çoxu Qərbi seçər. Başı ağrıyandan burnu qanayana qədər hər kəs ən etibarlı müalicə almaq üçün Almaniyaya üz tutur, ya da təhsil almaq üçün Böyük Britaniyaya, ABŞ-a gedirlər. Asudə vaxtlarını keçirmək üçün Avropaya üz tuturlar. Yüksək səviyyəli Azərbaycan məmurları üçün Avropaya getmək, korrupsiya pullarına Avropa ölkələrində mal-mülk almaq həyati zərurətə çevrilib. Bunların belə boğazdan yuxarı danışmaqlarına baxmayın. Bunlar fərdi qaydada öz şəxsi talelərini, gələcək rahat həyatlarını Avropada görürlər, pullarını Avropa banklarında yerləşdirirlər. Ona görə bu çağırışlar, əlbəttə, səmimi deyil. Sadəcə olaraq kampaniyadır, sifariş əsasında həyata keçirilir. Bu gün dəyər seçiriksə, bu dəyər Qərbdədir, inkişaf və ədalətli cəmiyyət modeli istəyiriksə, o da Qərbdədir. Əgər ayrı bir yerdə varsa, müqayisə edək, o birinin üzərində dayanaq. Sadəcə seçim imkanı yoxdur.

– Cəmil müəllim, Azərbaycan hakimiyyətinin Qərbi sərt tənqid edən siyasəti daha çox kimin maraqlarına uyğundur?

– Mən hətta məsələni belə qoyardım. Bundan itirən kimlər oldu. Bizdə artıq formalaşmış ənənəvi qiymətləndirmə var. Harada uğursuzluq varsa, harada işlər hakimiyyətin istədiyi kimi getmir, o dəqiqə hazır ştamp var: “bu qərar və ya qətnamə erməni lobbisinin təsiri altında verilib”. Bunlar hamısı mənasız söhbətlərdir və vəziyyətdən asan çıxış yoludur. Avropa Parlamentinin qəbul etdiyi qətnamə Azərbaycan hakimiyyətinin bilavasitə yeritdiyi siyasətin nəticəsidir. Səbəbləri ayrı yerdə axtarmaq lazım deyil. Bu qədər adamı siyasi mülahizələrlə həbs alanda, seçki saxtakarlığını 58 faizə qaldıranda Avropa nə etməlidir?

Hakimiyyət uğursuz yolu seçir”

– Qərblə bu formada konfrantasiyaya getməyin, münasibətlərin pozulmasının perspektivi necədir? Beynəlxalq aləmə bu formada dirəniş göstərmək ölkəni hara aparır?

– Qarşıdurma yolu arzuolunmazdır. Mən arzu etməzdim ki, Azərbaycan hakimiyyəti Qərblə konfrantasiyaya getsin. Bu uğursuz yoldur və bu qarşıdurmada hansısa uğur gözlənilmir. Avropa təşkilatlarının islahatlarla bağlı, seçki ilə bağlı təklifləri varsa, bunu müzakirə etmək daha faydalı olardı. Ötən prezident seçkisində 58 faiz saxtakarlığın olduğu elan edilibsə, bunu aradan qaldırmaq üçün nə edilib, heç olmasa 5 dairə, məntəqə komissiyası buna görə cəzalandırılıbmı? Ona görə artıq ölkəmizdə seçki institutları xalqın etimadını itirib. Avropa ilə qarşıdurmaya getməkdənsə, onu bərpa etmək istiqamətində addımlar atmaq lazımdır.

Sanksiyaların məqsədi ictimai qınaq yaratmaqdır”

– Daha sərt addımlar atıla bilərmi?

Əlbəttə. Bu qətnamənin ardınca ünvanlı sanksiyalar gəlir. Nəzərə almaq lazımdır ki, ünvanlı sanksiyaların dairəsi yetərincə geniş ola bilər. Bu məsələlərdə bir qədər uzağa baxmaq lazımdır. Söhbət ondan getmir ki, bir neçə korrupsiyalaşmış nazirə, prokurorluq işçisinə, icra başçısına, ədalətsiz hökm çıxarmış hakimlərə Avropa ölkələrinə viza verilməyəcək. Söhbət ictimai fikirdə bu adamların damğalanmasından gedir. Bir gənci polis saxta narkotik ittihamı ilə saxlayırsa, prokurorluq bu saxtakarlığı müdafiə edirsə, hakim onun saxta olduğunu bilə-bilə ona hökm oxuyursa, əlbəttə, həmin vəzifəli şəxslərə sanksiya tətbiq olunmalıdır. Sanksiyanın mahiyyəti təkcə onun əhatə etdiyi vəzifəli şəxslərin Qərbə yolunu bağlamaq deyil, həmin vəzifəli şəxsləri öz ictimaiyyəti arasında nüfuzdan salmaq, gözükölgəli etməkdir.

Hakimiyyətə ATƏT-in seçkidə sadəcə iştirakı lazım idi”

– Avropa Parlamentinin qətnaməsi ATƏT-in seçkini izləməməklə bağlı qərarını bir qədər kölgədə qoydu. Amma bu da mühüm hadisədir. Nüfuzlu beynəlxalq təşkilat Azərbaycanda seçkini müşahidə etməkdən imtina edir…

Əlbəttə, ATƏT Varşava Bürosunun belə bir qərar verməsi gözlənilən idi. Məlum olduğu kimi, ATƏT seçkidə 380 müşahidəçi ilə iştirak etmək istəyirdi. Amma üç ay əvvəl altı min idmançını və üç min texniki heyəti qəbul edən Azərbaycan tərəfi indi seçki ilə bağlı 380 müşahidəçini qəbul etmək istəmir. Avqust ayında ATƏT-in Varşava Bürosunun nümayəndələri ilə bizim görüşümüz oldu. Onlar seçki müşahidəsinə maraqlı kimi görünürdülər. Amma hakimiyyətin müşahidəçilərin sayını 125 nəfərə endirməklə bağlı təklifləri onları bu maraqdan daşındırdı. Bilirsiniz, Azərbaycan hakimiyyətinə sadəcə olaraq ATƏT-in seçkilərdə iştirakı lazım idi. Çünki seçkinin legitimliyi üçün iki mühüm amil vacibdir. Bunun biri ATƏT-in Varşava Bürosunun seçkini müşahidə etməsi, digəri isə müxalifət adına kimlərinsə seçkiyə qatılmasından ibarətdir. Biz Milli Şura olaraq seçki ilə bağlı məsələləri çox geniş müzakirə etdik. Bu müzakirələrin gedişində belə qənaətə gəldik ki, seçki islahatının keçirilməsi, o sıradan seçki komissiyalarının yenidən formalaşdırılması, siyasi məhbusların azad edilməsi və ATƏT-in Varşava Bürosunun seçki müşahidəsində iştirakı vacibdir. Gördüyünüz kimi, bu şərtlərin heç biri yoxdur. Ona görə də, Milli Şura sentyabrın 10-da seçkidə iştirakdan imtina haqqında qərar qəbul etdi. Bu yalnız siyasət məsələsi deyil, həm də əxlaq məsələsidir. Bu qədər siyasi məhbusun taleyini arxa plana keçirib bilərəkdən və ya bilməyərəkdən hökumətin oyunlarına qoşulmaq seçkiyə həvəs göstərənlərə yaxşı bir şey vəd etmir. Müxalifət adına iddialı olan təşkilatlar üçün bu ağır nəticələr verə bilər. Indi Azərbaycan hakimiyyəti parlament seçkiləri fonunda müxalif qurumların qatqısı ilə Qərbə qarşı “vətənpərvər cəbhə” yaratmağa daha çox meyllidir. Əslində isə, heç bir əlavə çağırış olmadan xalqın seçkini boykot etməsi və Avropa strukturlarının müşahidədən imtina etməsi əslində hazırkı seçkilərin taleyini həll edib. Ona görə hakimiyyəti belə etimadsız seçkiyə getməkdən çəkindirmək lazımdır. Nəzərə alınmalıdır ki, həm saxta seçkidə iştirak etmək, həm də xalqdan hörmət gözləmək, etimad gözləmək eyni vaxtda mümkün deyil. Bunun biri mümkündür. Ona görə doğru seçim edilməsi indiki anda çox zəruridir. YAP-ın bu günlərdə açıqlanan siyahısı seçki mənzərəsini ortaya qoydu. Hətta YAP daxilində belə hakimiyyət qanunverici orqanda dəyişiklik etməyə qərarlı deyil. Ölkədə seçkiyə yox, hakim partiyanın rəsmi və qeyri-rəsmi üzvlərinin parlamentə təyin olacağına hazırlıq gedir. Ona görə də seçkini qiymətləndirmək üçün noyabr ayının 1-ni gözləməyə ehtiyac yoxdur. Indiyə qədər baş verənlər seçkilərin qeyri-legitim, qeyri-azad, ədalətsiz qiymətləndirilməsi üçün yetərlidir.

Baş verən proseslərin mahiyyətini izah edəcəyik”

– Növbəti addımlarınız nə olacaq? Milli Şura bəyan edir ki, qəbul olunan qərar boykot deyil, təşkilat seçkidə iştirakdan imtina edir. Artıq seçki pozuntuları barədə məlumatların toplanıb beynəlxalq təşkilatlara da təqdimatına lüzum qalmayıb. Çünki ATƏT özü seçkini müşahidədən imtina edib. Milli Şura tək qapıya oynan seçkiylə bağlı hansı addımları atacaq?

– Bizim əvvəldən məqsədimiz Azərbaycan xalqı ilə işləmək, baş verən proseslərin mahiyyətini əhaliyə izah etmək,qanunun icazə verdiyi bütün vasitələrlə prosesin mahiyyətini ortaya qoymaq olub. Indiki kommunikasiya imkanları elədir ki, rəsmi namizəd nəyi edə biləcək ki, biz onu edə bilməyəcəyik. Tez-tez belə suallar səslənir, bəs siz özünüz filan vaxt seçkiyə niyə getmişiniz? Hətta o vaxtlarla müqayisədə vəziyyət çox ağırdır. Insanları öz yaxın adamlarından imtinaya məcbur edirlər. Milli Şura üzvləri və Xalq Cəbhəsi fəalların rayonda yası düşəndə polis rəisi və MTN-in yerli nümayəndəsi hüzr sahibindən xahiş edir ki, Əli Kərimli ilə Cəmil Həsənli yas məclisinə gəlməsinlər, gəlsələr, sizin üçün də, bizim üçün də yaxşı olmayacaq. Çay içdiyimiz çayxanaları bağlayırlar. Hər kənd icra nümayəndəsi üçün indi müxalif namizədə həmin kənddən imza vermək dövləti cinayət həddində qiymətləndirilir. 2013-cü ildə bir sıra hallar istisna olmaqla heç vaxt Azərbaycanda vəziyyət bu həddə çatmamışdı. Azərbaycan cəmiyyəti, qeyri-hökumət təşkilatları, siyasi partiyaların qarşısında duran ən mühüm vəzifə xalqın seçki huququnun özünə qaytarılmasıdır. Bu istiqamətdə sosial şəbəkələrin imkanlarından yararlanmaq lazımdır. Son illər “Azadlıq” qəzetinin ictimai rəyə təsiri güclənib, demokratik mücadilədə onun oynadığı rolun müstəsna əhəmiyyəti var. Bütün leqal imkanlardan istifadə etmək lazımdır.

Milli Şura aksiyalara start verəcək”

– ATƏT və Avropa Parlamenti Azərbaycanın maraqlarına uyğun qərar veriblər. Amma hakimiyyət də bu təşkilatlara qarşı cavab verir, akisyalar təşkil edərək guya xalqın onları dəstəklədiyi görüntüsünü yaradır. Milli Şura necə Qərbin göstərdiyi mövqeyi dəstəkləmək üçün aksiyalar keçirəcəkmi?

– Biz aksiyalarımızı Azərbaycan xalqının haqqı və hüququnu müdafiə etmək üçün keçiririk. Bundan əvvəl də keçirmişik, yenə də keçirəcəyik. Milli Şura bu istiqamətdə hələ avqust ayında müzakirələrə başlamışdı. Tələblərimiz yerinə yetirilməyib, siyasi məhbuslar azad edilməyib, seçki demokratiyası təmin edilməyib, xalqın güzəranı gün-gündən pisləşir, bahalaşma insanların dolanışığına böyük təhlükə təşkil edir. Bunların hamısı kütləvi aksiyaları zəruri edir.

Kənd təsərrüfatı gəlirsiz sahəyə çevrilib”

– Nəhayət, 2016-cı ilin dövlət büdcəsinin əsas konturları bilindi. Gəlirlər və xərclər hissəsiylə bağlı məlumatlar açıqlandı. Gələn ilin büdcəsi təxminən 25 faiz fərqlə nəzərdə tutulub. Niyə bizim varlı dövlətimiz neftin qiyməti aşağı düşdüyü deyə bu qədər gerilədi?

– Hələ bir neçə həftə öncə mən yazdığım statusların birində büdcənin ötən illə müqayisədə təxminən 30 faiz aşağı düşəcəyini proqnozlaşdırmışdım. Gedən proseslərdən bu aydın şəkildə görünürdü. 2016-cı ilin büdcə rəqəmləri hökumətin bacarıqsızlığını ortaya qoydu. Bir daha aydın oldu ki, ölkəmizdə hər şey neftdən asılıdır. Büdcədə azalan hər manat 2016-cı ildə işsizlərin sayının artacağına, əhalinin dolanışığının çətinləşəcəyinə dəlalət edir. Bu büdcə qarşıdakı ildə xalqın ac saxlanmasına hesablanıb. Əslində hökumət bu büdcə ilə gözlənilən sosial böhranın vaxtını bir az qabağa çəkdi, onu tezləşdirdi. Bizim uzun illər ərzində parlamentdə, mətbuatda, sosial şəbəkələrdə dediyimiz ondan ibarət idi ki, qeyri-neft sektorunu yaratmaq lazımdır. Faktiki olaraq Azərbaycanda qeyri-neft sektoru formalaşmadı. Regionların sosial-iqtisadi inkişafı özünü doğrultmadı. Vəsaitlər ayrıldı, amma Bakıdan kənar bütün rayonlar büdcədən ayrılan dotasiya hesabına yaşayır. Yəni faktiki olaraq uzun müddət ölkəni saxlayan kənd təsərrüfatı bu gün gəlirsiz sahəyə çevrilib. Ona görə də kənd təsərrüfatı rayonlarının böyük hissəsi özünü maliyyələşdirmək imkanında deyil. Kənd təsərrüfatı ağır vəziyyətdədir. Rayonlarda sosial gərginlik kritik həddə çatıb. 2016-cı ilin büdcəsi də kənd təsərrüfatının vəziyyətində dəyişiklik etməyəcək. Əhalinin real pul gəlirləri və manatın alıcılıq qabiliyyəti durmadan aşağı düşür. Dövlət borcları və dövlətin təminatı ilə alınan borclar 30 milyardın üstündədir. Kənd rayonlarında nisyə dəftərləri bir-birinin üzərinə qalaqlanmadadır. Qəribədir ki, bu cür şəraitdə belə, böhranın artıq evlərə daxil olduğu bir zamanda Azərbaycan hakimiyyəti bazar üzərində yaratdığı monopoliyadan əl çəkmək istəmir. Yaranmış vəziyyətdən çarə qılmaq, çıxış yolu aramaq əvəzinə hakimiyyət Razi Nurullayev üçün cəbhə yaratmaq işi ilə məşğuldur.

Sücəddin Şərifov,

Xəyal Şahinoğlu