Azərbaycandakı repressiyalar BMT-də müzakirəyə çıxarıldı

bmt 1

Sentyabrın 14-dən başlayaraq, BMT-nin Insan Haqları Şurasının Cenevrədə növbəti sessiyası keçirilir. Sessiyada dünyanın müxtəlif ölkələrində insan haqlarının vəziyyəti müzakirə olunur. İnsan Haqları Şurasının sessiyasında iştirak edən beynəlxalq təşkilatların təmsilçiləri Azərbaycandakı repressiyalarla bağlı fikirlərini bölüşüblər.

Vətəndaş İştirakçılığı Dünya Alyansı”nın sessiyada iştirak edən nümayəndəsi BMT-nin İnsan Haqları Şurası ali komissarının Azərbaycanda hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti institutlarına dəstəyini alqışladığını bildirib: “Azərbaycanda sistemli repressiyalar getdiyi dövrdə BMT-nin İnsan Haqları Şurasının bu məsələyə xüsusi diqqəti vacibdir”.

İnsan Hüquqları Evi Fondunun nümayəndəsi çıxışında demokratiyanın təkcə seçkilərlə məhdudlaşmadığını vurğulayaraq, vətəndaşların və mülki cəmiyyət institutlarının sərbəst şəkildə fəaliyyət göstərməsinin vacibliyini qeyd edib. Təşkilatın nümayəndəsi BMT İnsan Haqları Şurasının Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin dayanmadan pisləşməsinin qarşısını almaq üçün konkret addımlar atmalı olduğunu bildirib. O, həmçinin Azərbaycan hökumətini dərhal və qeyd-şərtsiz ölkədəki bütün siyasi məhbusları azadlığa buraxmağa çağırıb.