“Vəziyyət gərginləşməkdə davam edəcək”

cemilhesenli-azadliqda«Ölkəni elə vəziyyətə gətirib çıxarmaq lazım deyildi ki, belə bir qətnamə də qəbul edilsin»

Cəmil Həsənli: «Qətnamə kifayət qədər obyektiv və sərtdir»

Artıq bir neçə gündür ki, gündəmin əsas mövzusu Avropa Parlamentinin Azərbaycandakı siyasi məhbuslar, noyabrın 1-də keçiriləcək parlament seçkiləri, korrupsiya ilə bağlı qəbul etdiyi sərt qətnamədir. Qəbul edilən sənədlə bağlı Azərbaycan hakimiyyətinin də mövqeyi artıq ortadadır. Müsahibimiz Milli Şuranın sədri, tarix elmləri doktoru, professor Cəmil Həsənli ilə söhbətimizə qəbul edilən qətnaməyə və hakimiyyətin ona verdiyi reaksiyaya münasibət öyrənməklə başlamaq qərarına gəldik. C.Həsənliyə eyni zamanda gündəmdə olan digər sualları da ünvanladıq. Müsahibəni dəqqətinizə çatdırırıq:

Əlbəttə, ölkəni elə bir vəziyyətə gətirib çıxarmaq lazım deyildi ki, belə bir qətnamə də qəbul edilsin. Qətnamə yetərincə obyektiv və sərtdir. Bütövlükdə Avropa dəyərləri baxımından Azərbaycandakı vəziyyətin qiymətləndirilməsini özündə ehtiva edir. Mənə elə gəlir ki, burada bir az hisslərin və həyəcanın təsirinə düşüb, Avropanın, Avropa Parlamentinin ünvanına gərəksiz, lazım olmayan ifadələri deməyə ehtiyac yox idi. Əslində parlament özündə güc tapıb ölkə başçısının qarşısında siyasi məhbusların azad olunması məsələsini qaldırmalı idi. Məsələnin belə qoyuluşu problemin həllinə, vəziyyətin normallaşmasına Milli Məclisin böyük töhfəsi olardı. Hamı bilir ki, siyasi məhbuslar nahaqdan tutulub. Onlar öz vətəndaşlıq mövqeyi ilə seçilən adamlardırlar. Səksəndən yuxarı siyasi məhbusun yarıdan çox parlament seçkilərində potensial namizəd ola bilərdilər. Axı necə seçki keçirilir ki, həmin potensial namizədlərin böyük bir hissəsi saxta ittihamlarla həbsə alınaraq seçilmək hüququndan məhrum edilirlər. Kim sübut edə bilər ki, o, Tofiq Yaqubludan, Ilqar Məmmədovdan, Seymur Həzidən, Intiqam Əliyevdən, Rəsul Cəfərovdan, Pərviz Həşimlidən və siyasi mülahizələrlə həbs edilmiş digərlərindən daha yaxşı namizəddir. Anar Məmmədli kimi seçki monitorinqi sahəsində təcrübəsi olan bir şəxs artıq iki ilə yaxındır həbsdədir. O, bu istiqamətdə peşəkarlaşmışdı. Seçkiyə maraq göstərən bütün beynəlxalq qurumlarda onun rəhbərlik etdiyi təşkilata böyük etimad var idi. Hazırda Anar Məmmədli həbsdədir. Ən nəhayət, hesab edirəm ki, Xədicə Ismayılı, Arif və Leyla Yunusları həbs etməyə heç bir əsaslı dəlil yox idi və bunu etmək olmazdı. Hüququ bu qədər gözdən salmaq olmaz. Ona görə də hakimiyyət bilavasitə öz yanlış əməllərinin girovuna çevrilib. Bunlar elə bilirdi ki, bütün bu qanunsuzluqları edəcəklər və dünya da buna göz yumacaq, Avropa, demokratik dünya narahatçılıq ifadə etməklə məsələ qapanacaq. Ona görə qeyri-hökumət institutunun dağıdılması, siyasi partiya fəallarının təqib edilməsi, gənclər təşkilatları aktivistlərinin cəzalandırılması yolu ilə cəmiyyəti susdurmaq Azərbaycan hakimiyyəti üçün strateji istiqamət idi. Ölkədə polis rejiminin oturuşduğu güman edilirdi. Amma, göründüyü kimi, bu, özünü doğrultmadı. Gözümüzün önündə Mingəçevir hadisələri oldu. Bütün repressiyalara, təzyiqlərə, təqiblərə baxmayaraq əhali narazılığını ifadə edə bildi. Indiki halda vəziyyətdən ən yaxşı çıxış yolu islahatlara başlamaqdır. Siyasi məhbuslar buraxılmasa, seçki islahatları keçirilməsə, vətəndaş bu gün dünənkindən yaxşı yaşamasa, vəziyyət gərginləşməkdə davam edəcək.

Ədalətin bərpa edilməsi geri çəkilmək deyil”

– Söhbətimizə başlayanda qeyd etdiniz ki, parlamentin ən böyük töhfəsi siyasi məhbusları buraxmaq olardı. Sonda da vurğuladınız, yaxşı olardı ki, islahatlara gedib, məhbusları buraxsınlar. Bunu hökumətdə kimlərinsə dərk etmədiyini demək ədalətsizlik olar. Bunu yaxşı anlayırlar. Amma özləri üçün bir qırmızı xətt dəəyyən ediblər ki, geri çəkilmək olmaz. Niyə?

– Öncəəyyən edilməlidir ki, kimin qarşısında geri çəkilməkdən söhbət gedir. Bu yaxınlarda Qazaxıstanda oldum. Ayrı-ayrı şəhərlərdə, bölgələrdə yaşayan əhalinin əhval-ruhiyyəsi, narazı olduğu məqamlar öyrənilir ki, onlar aradan qaldırılsın. Adamların pozulmuş hüquqlarının, ədalətin bərpası geri çəkilmək deyil. Dövlətə sarsılmış inamın qaytarılmasıdır. Həmişə 40 manata aldığım dərmanı dünən 19 manata aldım, bunun nəyi pisdir, nəyi geri çəkilməkdir? Hamı bilir ki, Xədicə Ismayılı, Leyla və Arif Yunusları, Intiqam Əliyevi, Rəsul Cəfərovu, Seymur Həzini, Fərəc Kərimlini, Rauf Mirqədirovu, Hilal Məmmədovu, “Nida”çıları, bloqçu gəncləri nahaqdan tutublar, saxta cinayət işləri quraşdırıblar. Azərbaycanda və beynəlxalq aləmdə bunu hər kəs bilir. Mən Xədicə Ismayıl ilə bağlı məhkəmələrin bir hissəsində iştirak etdim, qalan proseslər barəsində isə mətbuat və vəkilləri vasitəsilə məlumat aldım. Xədicə Ismayılı həbsə almaq üçün heç bir hüquqi əsas yoxdur. Bir tərəfdən zərəəkmiş bəyan edir ki, ona zorla şikayət yazdırıblar və o, şikayətindən imtina edir. Digər tərəfdən Xədicə Ismayılın “Azadlıq” radiosunun rəhbərliyi ilə bağladığı müqaviləyə əsasən onun heç bir vergi öhdəliyi yoxdur, işə adam qəbul etmir, yalnız yaradıcılıq məsələlərinə məsuldur. Belə olan halda Xədicənin üzərinə necə vergi ittihamı qoyursan. Özü də o ölkədə ki, ümumiyyətlə, vergi orqanları korrupsiyanın əsas mənbəyidir. Bu korrupsiyanı bir kənara qoyub vergi öhdəliyi olmayan adamı vergi pozuntusu üstündə mühakimə etmək bütün sədləri keçmək deməkdir. Əslində, seçkilərin başlanması hakimiyyətin əlində bir şans idi ki, cəmiyyəti bürümüş ədalətsizlik girdabından çıxış yolu arasın. Xalqın rəyi ilə seçilmiş hakimiyyətin borcu xalqın istək və arzularına uyğun hərəkət etməkdir. Amma biz nə görürük: xalqla hesablaşan yoxdur, onun seçki hüquqi mənimsənilir, adamlar övladlarından, tənqidçi mövqeyi olan qohum-əqrəbalarından imtinaya məcbur edilir. Avropa Parlamentində Qərbi Avropanın nüfuzlu dövlətlərinin nümayəndələri təmsil olunub. Avroparlamentin qəbul etdiyi qətnamədə bu quruma üzv olan dövlətlərin deyil, məhz siyasi mülahizələrlə, saxta ittihamlarla həbs edilmiş Azərbaycan vətəndaşlarının azad olunmasından söhbət gedir, o vətəndaşların ki, onların haqqını qorumaq, hüququnu müdafiə etmək bilavasitə Azərbaycan hakimiyyətinin borcudur. Bu qədər gənc fəalın cibinə narkotik atıb onları şərləmək, günahsız insanlar üçün günah düzəltmək və bunu məhkəmədə rəsmiləşdirmək dövlət adına həqarətdir, dövlət anlayışını nüfuzdan salmaqdır. Axı necə ola bilər ki, Qənimət Zahid, Emin Milli hökumətin tənqidçisi olandan sonra, onların qohumlarından narkotik çıxır. Natiq Ədilov hökuməti tənqid edir, məhz bu tənqidə görə qardaşı Murad Ədilovun həyətindən narkotik çıxır, gənc cəbhəçi ali məktəbdə əla qiymətlərlə oxuyan Elvin Abdullayevin bilavasitə imtahandan sonra cibindən narkotika çıxır, N!DA rəhbərliyi gənclərin kifayət qədər intellektual kəsimidir, onlar hara, narkotika hara, terroristlərin cəbbəxanasına daxil olan “Molotov kokteyli” hara? Bütün bunlar cəmiyyəti susdurmaq üçün uydurulmuş ittihamlardır. Axı, necə olur ki, narkotiklərin hamısı tənqidçi dairələrdən çıxır. Açıq-aydın görünür ki, bütün bunlar qurama işlərdir. Amma bizim bəyənmədiyimiz sovet hökuməti öz vətəndaşının cibinə narkotik qoymağı ləyaqətinə sığışdırmırdı.

Hazırda baş verənlər 2013-cü ilin davamıdır”

– Cəmil müəllim, dediniz ki, hakimiyyət hər kəsin dediyini edir, amma xalqdan başqa. Niyə məhz xalqdan başqa?

– Azərbaycan hakimiyyətində belə bir rəy var ki, bu xalqı diz çökdürə bilər. Polis rejimi yaradılıb, ağzını açanın cibinə narkotik atılır. Bundan başqa, məhkəmə hakimiyyəti müstəqil deyil. Məhkəmələr icra strukturlarından nə göstəriş verilirsə, onu icra edirlər. Hökumət vətəndaşlara iş, çörək vermir, dolanışıq imkanı yaratmır, rüşvət ayaq tutub yeriyir, korrupsiya tüğyan edir. Buna etiraz edənlər isə repressiv üsullarla susdurulur. Insanların içində hiddət dalğası toplanır. Ölkənin taleyinə cavabdeh olanlar bu prosesi görmək istəmirlər. Hakimiyyət, ümumiyyətlə, bu fikirdədir ki, repressiyalar hesabına xalqı ram edib və xalq artıq onun üçün təhlükə törətmir. Əminliklə deyirəm ki, bu yanlış təəssüratdır və bu illüziyaya qapılmaq olmaz. Vəziyyətdən çıxış yolu ölkədə islahatlara başlamaqdır, demokratik açılım olmalıdır. Son 10 ildə Seçki Məcəlləsinin 246 maddəsinin 220-də edilmiş dəyişikliklər reqressiv xarakter daşıyır, xalqın seçki hüququnu mənimsəmək üçün müxtəlif anti-konstitusion üsullara əl atılır. Ötən 3 seçkidə saxtakarlığın dinamikasına diqqət yetirsək, acı həqiqət ortadadır. ATƏT-in Demokratik Təsisatlar və Seçki Institunun rəqəmlərinə görə 2008-ci ilin prezident seçkilərində saxtakarlığın səviyyəsi 23, 2010-cu ilin parlament seçkilərində 32, 2013-cü ilin prezident seçkilərində isə 58 faiz olub. Əslində mən deyərdim ki, Avropa Parlamentinin qətnaməsi bu narahatçılığın ifadəsidir. Axı normalda bu əksinə olmalı idi, 23 faiz beş il ərzində 58-ə qalxmamalı. Bu dinamika o deməkdir ki, Azərbaycan xalqı seçki yolu ilə öz hakimiyyətini formalaşdırmaq hüququnu itirib. Əslində, Azərbaycana münasibət baxımından Avropa Birliyində, AŞPA və ATƏT-də yaranmış bugünkü yanaşma 2013-cü ilin davamıdır. 2013-cü ilin prezident seçkiləri bir həqiqəti açıq şəkildə ortaya qoydu ki, ölkədə hakimiyyət məsələsində Azərbaycan xalqının rəyi, seçicinin səsi mühüm deyil, həlledici deyil.

Liviya və Misirdə bugünkü hadisələrin əsasını 30-40 il hakimiyyətdə oturanlar qoymuşdular”

– Milli Məclisdəki son dinləmələrə diqqət yetirsək görərik ki, ittihamlarla yanaşı bir xof da hiss olunurdu. Vitse-spikerin və digər deputatların çıxışında açıq deyilirdi ki, Azərbaycanda Liviya düzəltmək istəyirlər. Amma bir məqamı da vurğulayırdılar ki, Azərbaycanda xalq-hakimiyyət vəhdəti var və xalq iqtidardan narazı deyil. Təzad ortaya çıxır. Bir halda ki, xalq narazı deyil, o zaman nəyə görə Azərbaycanda Liviya olmalıdır?

Əvvəlla Liviya və Misir hadisələri dünənin məsələsi deyil. Bu ölkələrdə baş verən faciələrə 30-40 il hakimiyyətdə oturanlar, öz xalqının seçki hüququna məhəl qoymayanlar, dövlət hakimiyyətini ailə idarəsi hesab edənlər rəvac vermişdilər. Uzun illərin alternativsiz idarəçiliyi Qəzzafidə psixoloji problemllər yaratmışdı, xarici səfərlər zamanı rezidensiyalarda deyil, özü ilə daşıdığı çadırda yaşayırdı. Özü ilə bərabər çadır daşıyırdı. Və ya Hüsnü Mübarək olsun. O da otuz il hakimiyyətdə oturmuşdu. Xalqın ona “sevgisi” haqqında cild-cild əsərlər yazılmışdı. Hətta, Bakıda da heykəli qoyulmuşdu. Axırı necə oldu? Son illərdə Suriyada baş verənlər Qərbin deyil, Əsəd rejiminin günahıdır. Indi bizdə Qərbə qarşı tutarlı dəlil gətirə bilmədikləri üçün Islamafobiyadan yapışırlar. Bu fikir iki gün əvvəl parlamentdə də səsləndi, hakimiyyət mətbuatında da vurğulanır. Bu necə Islamafobiyadır ki, Misirdən, Liviyadan, Suriyadan 1 milyona yaxın müsəlman qaçqın Avropada yer-yurd tapıb. Avropa son aylarda bir milyona yaxın müsəlman qaçqını qəbul edib. Müsəlman təəssübkeşliyindən dəm vuran “vətənpərvərlərimiz” bir nümunə göstərsinlər ki, Türkiyədən başqa hansısa ayrı bir müsəlman ölkəsi öz dindaşlarına belə qayğı göstərib. Burada bir dəlilsizlik sindromu var. Məsələn, bizim üçün öz uğursuzluqlarımızın ən sadə izahı onu erməni lobbisi ilə bağlamaqdır. Hakimiyyəti təmin etməyən bir sənəd ortaya çıxanda “erməni lobbisi” ifadəsi də zərərsizləşdirmə kartı kimi ortaya atılır.

– Hakimiyyətin yenə də Qərbə qarşı əsas arqumenti erməni lobbisinin təsiri, Islamafobiya, türk düşmənçiliyidir…

– Bunlar mənasız söhbətlərdir. Əvvəla, Avropa Parlamentində qəbul olunmuş qətnamə Azərbaycan xalqının köklü maraqlarına cavab verir. Burada söhbət millətin, xalqın hüququnun, haqqının təmin edilməsindən gedir. Azərbaycan hakimiyyətindən siyasi məhbusların azad edilməsini, seçki islahatı keçirməsini, öz vətəndaşına adam kimi yanaşmasını, korrupsiyaya son qoymasını, millətə normal yaşayış təmin etməsini istəyirlər. Qərb Azərbaycana normal, azad və ədalətli seçki keçirilməsini tövsiyə edir. Azərbaycan xalqının da istəyi elə bundan ibarətdir də.

– “Avropadan imtina etməliyik” çağırışını səsləndirənlərə qarşı bir qədər primitiv də olsa sosial şəbəkələrdə belə cavab verilir ki, yaxşı, Avropa pisdirsə, o zaman düşün Avropanın maşınlarından, bu məkanda təhsil alan uşaqlarınızı geri çağırın, xəstələrinizi Avropaya müalicəyə göndərməyin. Hakimiyyət təmsilçilərinin Avropadan imtina ilə bağlı çağırışlarına necə baxırsız?

ardı var

Sücəddin Şərifov,

Xəyal Şahinoğlu