Əziz həmvətənlər, yəqin siz də hərdən deyirsiniz ki, demokratiyanın olmamağının eybi yoxdur, təki Qarabağ qaytarılsın. Mən bilirəm ki, bu fikirlər, istəklər xoş bir niyyətdən doğur, hətta siz Qarabağ üçün öz hüquqlarınızdan, demokratiyanın yoxluğu şəraitində sizə çatmaq əvəzinə bir qrupun cibinə axan sərvətlərimizdən keçirsiniz. Amma siz bu zaman nə qədər yanıldığınızı ağlınıza gətirmirsiniz. Hətta o dərəcə də ki, Qarabağ naminə etdiyiniz bu fədakarlığın ona xeyri bir yana qalsın, ziyanı olduğunu düşünmürsünüz. Təəssüflər ki, siz demokratiyanı Qarabağa qurban verməklə, elə onun özünü qurban verməyə, onun bizdən daha da uzaqlaşmağına kömək edirsiniz.
Burada çətin başa düşüləcək bir şey yoxdur. Demokratiya nədir? Hər şeydən öncə ədalətli və düzgün idarəçilikdir. Bu da hər cəhətdən güclü dövlət olmağımızın yeganə yoludur. Xalqla dövlətin yeganə vəhdətidir. Vətəndaşların vətənə bağlı olmağının ilkin şərtidir. Bu Qarabağ haqqımızın daha əsaslı ifadəsidir. Bu, dünyanı səsimizə inandırmaq yoludur. Bu, özümüzün ağ günə çıxmağımızla yanaşı, Qarabağ ermənilərini Azərbaycanda firavan həyata inandırmaqdır.
Istər hərb, istər sülh yolu olsun, demokratiya yeganə idarəçilikdir ki, Azərbaycan öz resurslarını və diqqətini hər cür problemlərinin, o cümlədən Qarabağ münaqişəsinin həllinə daha effektli şəkildə yönəldə bilər. Ilham Əliyev Qarabağ ermənilərinə ən yüksək muxtariyyət vəd etdi, amma heç kim Naxçıvan kimi irtica rejimi olan bir muxtariyyətdə yaşamaq istəməz. Amma Azərbaycan demokratik və zəngin bir ölkə olsa, bu gün iş üçün ən qatı düşmən saydıqları Türkiyəyə belə, gedən ermənilər muxtariyyətsiz də burada yaşamağa razı olarlar.
Demokratiya həm də Ermənistandan önə çıxmağımızın da yeganə yoludur. Amma hərdən Ermənistandan elə xəbərlər gəlir ki, onların demokratiyaya bizdən daha yaxın olduğu təsəvvürü yaranır. Onlar bizdən öncə demokratik olacaqsa, tərəzinin gözü yaman pis əyiləcək. Hər mənada.
Bu, tarixin də ədalətsizliyi olardı. Gürcüstan kasıb halı ilə bizlərə həsəd yaradır, Ermənistan isə bu halı ilə bizi sarsıdardı. Biz yəni bu qədərmi geriliyə layiq olduq deyə!
Mən demək istəmirəm ki, Ermənistan demokratiyaya daha yaxındır. Ən azı Rusiyanın orada möhkəm kök salması bunu deməyə əsas vermir. Amma bəzən elə xəbərlər alırıq ki, birdən orada hər şeyin Ərəbistan dramatikliyi ilə dəyişəcəyi adamın ağlından keçir. Orada narazı qüvvələrin daha yaxşı toparlandığını və hakimiyyətin də son vaxtlar onlara nisbətən dözümlü olması bu xəbərlər arasındadır.
Baxırsan ki, ermənilər mitinq edir. Zurna çala-çala insan qrupları meydana gəlir. Biz isə zurnaçı tapa bilmərik mitinqdə mahnı üfüləməyə. Elə o zurnaçını da zurna çalmağına peşman edərlər. Bu kimi fərqləri düşünəndə Ermənistandan gələn xəbərlərdə demokratiya daha yaxın görünür.
Amma yenə də deyirəm ki, Ermənistan Rusiyanın caynaqlarına daha pis ilişib, artıq orada da bunu başa düşənlər var. Buna baxmayaraq, biz də onları önləyə bilmirik.
Heç olmasa, indilik “demokratiyanın olmamasının eybi yoxdur, təki Qarabağ qaytarılsın”“ kimi düşüncənin yanlışlığını qəbul etməliyik. Yəni, demokratiyanı qurban vermək Qarabağın qayıtmasına kömək etmir, tam əksinə, ziyan vurur. Elə bizim hakimiyyət də görəndə ki, Azərbaycan xalqının bu yanlışı var, Qarabağ problemi var deyə, hər oyundan çıxır və bu problemin arxasında gizlənir…