Bura ölkədir, yoxsa qazanxana?

Hərə bir şeydən narahatdır. ABŞ narahatdır ki, Israil regionda təklənir. Əsəd etirazları dondura bilmir. Sarkozi heç özü də bilmir ki, Qafqaza niyə gəlir. O gün haradasa oxudum ki, “WikiLeaks” indi də videogörüntülər yaymağa hazırlaşır. Əvvəl sadaladıqlarım bunların yanında heç nədir. Mən bilmirəm o görüntülərdə nə var. Amma düşünürəm ki, bir çox siyasətçilər bundan bərk narahat olublar.Əlbəttə, narahat olmağa dəyər. Sizi bilmirəm, mən həmin o materialları, yəni “WikiLeaks”in yaydıqlarını təsadüfi hesab etmirəm. Bəlkə də siyasət olimpində oturub düşündülər və siyasətin bəzi gizlinlərini, onun qaranlıq dəhlizlərini işıqlandırmaq qərarına gəldilər. Əks təqdirdə bu qədər mühüm və ciddi siyasi materialların bir adamın, özü də bu vaxta qədər heç bir ciddi siyasi kapitalı olmayan adamın əlində cəmləşməsini izah etmək elə də asan deyil.

Nə isə. Sözüm bunda deyil. Mən Polşadakı son sammit haqda düşünürəm. Bizim də siyasət dünyamızın “WikiLeaks”in sayəsində bir qədər şəffaflaşması yaxşı haldır, amma daha yaxşı olardı ki, bu hakimiyyət ciddi siyasi islahatlar aparmağa məcbur ediləydi. Bəli, mən düşünərək “məcbur ediləydi” deyirəm, çünki bunlar öz xoşu ilə islahat aparmayacaq. Avropa da bilməlidir ki, bura qazanxana deyil, ölkədir. Qoy, onlar özlərini isindirmək və qızındırmaqdan başqa bir şey haqda da düşünsünlər.

Insafən, onlar azacıq da olsa, bu haqda fikirləşirlər. Üç Qafqaz ölkəsini Şərqi Avropa elan etdilər. Bu nə deməkdir? O deməkdir ki, Avropa Qafqaza doğru genişlənməkdə çox israrlıdır, sadəcə bizim hakimiyyət bu məsələdə israrlı deyil. Əgər digər iki Qafqaz ölkəsi – Azərbaycan və Ermənistan da Gürcüstan qədər Avropaya inteqrasiya olunmağa cəhd etsəydi, proses çox sürətlənərdi, amma bunlar nəinki səy göstərmir, hətta prosesi əngəlləməyə, onu ləngitməyə cəhd edir. Ermənistanın dərdi məlumdur, onlar Rusiyanın geosiyasi çevrəsindən azca olsa belə, kənara çıxmaq istəmirlər. Azərbaycanın problemi isə hakimiyyət, yenə də hakimiyyət məsələsidir. Bunlar haradasa bir keçid tikməklə, harasa bir az mazut yaymaqla bizim fikrimizi çaşdırmağa, bizdə inkişaf təəssüratı yaratmağa cəhd edirlər. Camaat şəhər salır, bunlarsa keçid tikməklə öyünür və bu, azmış kimi, bizi də öyünməyə vadar etməyə çalışırlar. Əgər mən səhv etmirəmsə, dünyanın ən uca binası ərəb ölkələrindədir. Lakin mən yaşamaq üçün Baltik ölkələrinin köhnə şəhərlərini seçərdim, nəinki hələ də despotizm hökm sürən bəzi ərəb ölkələrini! Sonuncuların iqtisadi inkişafı məni elə də cəlb etmir. O ölkələrin də hamısı qazanxanadır, ancaq başqa ölkələri və diyarları isindirməklə məşğuldurlar. Amma onlarda, daha doğrusu, onların hakimiyyətində azacıq da olsa, insaf var…

Başqalarının azadlığı üçün…

Bunu aprel məhbusları haqda yazıram. Mən onların çıxışlarını izləyir, nədən daha çox narahatlıq keçirdiklərini başa düşmək istəyirəm. Məndə belə fikir yaranır ki, bu insanlar bizim hər birimizdən, çöldəki insanların hamısından daha azaddırlar. Bəli, insan var ki, ürəyi, dünyagörüşü və düşüncələri onun üçün bir zindandır, özü özünün əsiri, dustağıdır. I.Nəsimi nahaq deməmişdi ki,
Ey bülbüli-qüdsi, nə giriftari-qəfəssən,
Sındır qəfəsi, tazə bir gülüstan tələb eylə!

Bəli, özünün, zamanının, dövrünün dustağı olan insanlar olur. Zira mən bunu aprel məhbuslarında görmürəm, onlar azaddırlar. Onlar azadlığın elə özüdür. Elə etirazlarının səbəbini də gözəl izah ediblər – biz başqalarının azadlığı üçün küçələrə çıxdıq… Özünün, dünyagörüşünün, nəfsinin dustağı olan insanlar özlərinin azad olmadıqlarını başa düşmürlər. Onlara elə gəlir ki, həyatı başqalarından daha yaxşı başa düşürlər, daha müdrikdirlər, hətta fürsət düşəndə başqalarına nəsihət də verməyə çalışırlar, özlərini daha çox ağıllı və tədbirli hesab edirlər. Amma onlar bir həqiqəti dərk etmir: qorxaq və qorxaqlıq elə bir dərin fəlsəfə tələb etmir. Eynşteynin bir məşhur misalı var: böcək bütün ömrü boyu kürənin üstündə ora-bura sürünür, ağlına da gəlmir ki, üçüncü ölçü də var. Amma üçüncü ölçü var!