Bunların 18 ildir etmək istədikləri tək şey nə idi? Ağzımızı qıfıllamaq, dilimizi kəsmək. Susdurmaq. Danışmağı suça çevirmək. Onların yanında olmayan, onlara qarşı olan hər kəsdən dilsiz-ağızsız düzəltmək. Baş tutmadı. Alınmadı. Murazları gözlərində qaldı.Ən əsası: bunlar bizi susdurmağa çalışarkən, indi özlərini susduran lazımdı. Bunlar bizdən susmağı gözləyərkən, indi öz adamları danışmağa başlayıblar. Son həftələrdə rejimi baltalayanlara baxın: öz KQB müstəntiqləri, öz rektorları, öz biznesmenləri… Arada adama elə gəlir ki, artıq bizim missiyamız bitib, artıq bizə ehtiyac yoxdur, elə bunların öz yetirmələrinin özlərinə açdığı atəş kifayətdir.
Elşad Abdullayev, məsələn… Bizim yazdıqlarımız bu adamın yazdıqlarının yanında yalan olub. ABU rektoru bombalaya-bombalaya gedir. Şəxsən mən oxuduqca özümü xəyanətkar, ən azı konstruktiv hesab etməyə başlayıram. Istər-istəməz fikirləşirəm, bu rejim ki, bu qədər mafioz, biz düşündüyümüzdən də artıq cinayətkar, quldur imişsə, bugünədək hakimiyyət əleyhinə yazılarım çox yumşaq, loyal olmayıbmı?
Zülfüqarlı qardaşlarından birinin – Nurəddin Zülfüqarlının müsahibəsi ya da… Oxuduqca adamın tükləri biz-biz durur. Qarşımızda necə qansız, amansız, heç bir hüquq və əxlaq ölçüsü tanımayan bir sistemin dayandığı bütün çılpaqlığı ilə ortaya çıxır. Hələ utanmadan bizi radikallıqda suçlayırlar. Sən bir iş adamını əmisinin yasından çıxanda başına torba keçir maşına bas, apar qaranlıq bir otağa, çök boğazına ki, sənin filan-filan zavodların bundan sonra bizimdi, amma radikal da biz olaq eləmi? Nə deyim vallah, doğrudan da adamın üzündə həya gərəkdi.
Əslinə qalanda məni bu saat heç bunların öz rektorlarının, iş adamlarının, müstəntiqlərinin açıqladıqları gizlinlər, rejimin kriminal mahiyyəti, cinayətkar əməlləri barədə faktlar da düşündürmür. Heç mənə maraqlı da deyil, onların yazdıqlarının, danışdıqlarının içində doğru nədir, yalan nə? Bəlkə də şişirtməyə yol verirlər, bəlkə də yazdıqları, danışdıqları onların başına gətirilənlərin heç mində biri də deyil, bilmirəm, bilmək də istəmirəm. Mən bu saat başqa şey düşünürəm: axı hakimiyyət öz rəqiblərinin, opponentlərinin ağzını mumlamağa çalışarkən, nə baş baş verir ki, hakimiyyətin öz adamları danışmaq, rejimi ifşa və rüsvay etmək üçün növbəyə düzülürlər? Tutaq ki, Elşad Abdullayev… Heydər Əliyev haqqında qalın-qalın kitablar, palaz-palaz məqalələr yazıb, dünənəcən Ilham Əliyevin adı dilindən düşmürdü – varsa da Ilham Əliyev, yoxsa da Ilham Əliyev… Indi birdən-birə necə olur ki, rejimi topa tutan məktublar yazır, faktlar açıqlayır, ittihamlar səsləndirir? Digərləri də eləcə. Onlar qəfildən necə tüpürürlər keçmişlərinə, vaxtilə toz qondurmadıqları bir hakimiyyəti indi necə yerdən-yerə vururlar?Cavab aydındı: haqsızlığa uğrayıblar, maraqlarına toxunulub, sərvətlərinə əl qoyulub, vəzifələri əlindən alınıb. Bunlar da qisasa qalxıblar. Deməli, bizim illərcə yazdıqlarımız təsdiqini tapır: bu rejimin xidmətində dayanan heç kim Əliyevlərə səmimi-qəlbdən, cani-könüldən bağlı deyil. Bu rejimin xidmətçilərini Əliyevlərə heç bir ideoloji səbəb, heç bir mənəvi tel bağlamır.
Deməli, başından bəri doğru diaqnoz qoymuşuq: Bu rejimin xidmətçiləri Əliyevlərə ürəkləri, qafaları ilə deyil, qarınları ilə bağlıdırlar. Azacıq maraqlarına toxunan, azacıq maddi zərərə düşən kimi “dünya şöhrətli siyasətçi”, “xalqın xilaskarı”, “Heydər Əliyev kursunun layiqli davamçısı”, “analoqsuz inkişaf edən Azərbaycan”, “regionun lider dövləti” söhbətləri yaddan çıxır, ittihamın, tənqidin, ifşanın biri bir qəpik olur. Onların hakimiyyətə sevgilərinin kökündə maddiyyatdan başqa bir şey dayanmadığı ortaya çıxır.Sonra da deyəndə ki, rejimin dayaqları çürükdür, populizm kimi başa düşürlər. Kor-kor, gör-gör, dayaqlar bir-bir yıxılmaqdadır. Aradan və sıradan çıxmaqdadır.Üstəlik, mən əminəm ki, hələ daha yekə elşad abdullayevlər qabaqdadır. Onlar da danışacaqlar. Onlar da bombalayacaqlar. Qarının qafanın önünə keçdiyi bir sistemdə, münasibətləri ürəyin deyil, mədənin müəyyənləşdirdiyi rejimlərdə bu qaçılmaz sonluqdur.
Darıxmayın və gözləyin.