Saxta seçkilərə qatılmaq istəyənlər yeni bəhanə tapıblar
Qarşıdan gələn parlament seçkiləri şəffaflıq vəd etməsə də, müəyyən qədər “filtr” rolunu oynayacaq. Belə ki, Avropa Parlamentinin qətnanməsi, ATƏT-in seçki müşahidəçiliyindən imtinası xeyli mətləbləri aydınlaşdırdı və “boykot” qərarının əsaslı olduğunu təsdiqlədi.
Ötən yazılarımızda da qeyd etmişdik ki, keçən seçkilərlə müqayisədə xeyli geriləmələr var və xırda nəfəsliklər də qapadılıb. Yəni “hökuməti ifşa etmək üçün seçkiyə gedirik” arqumenti qüvvəsini itirib və bunu seçkiöncəsi mənzərədən də görmək olur.
Məsələ burasındadır ki, Avropa Parlamentinin qətnaməsi və ATƏT-in seçkiləri boykot etməsi hökumətlə yanaşı, müxalifət donu geyinmişləri də ifşa etdi. Bu gün müxalifət adına iddia edənlərin biri “Antidemokratik ölkədə yaşayırıqsa, antidemokratik seçkilərdə iştirak etməyə də məhkumuq” söyləyir. Başqa biri “seçkidə iştirak edirik ki, mübarizə prosesi getsin” deyir. Digəri isə “heç bir halda seçkidən imtina etmək niyyətində deyilik” söyləyir.
Bütün bu “arqumnet”lər prinsipsizlikdən xəbər verir. Illərlə parlamentdə oturub mübarizə apara bilməyən adamın, seçki prosesində mübarizə aparması absurdun zirvəsidir. Yaxud antidemokratik seçkidə iştiraka məcbur olmaq, hökumətin əsarətində olmağın göstəricisidir. “Heç bir halda seçkidə iştirakdan imtina etməyəcəyik” qənaətində olmaq isə özünüifşanın pik həddidir.
Bu qədər israr hansı zərurətdən doğur? Sizin inteqrasiya etmək istədiyiniz dünya deyir ki, bu dəfə iştirak etmək tamam əbəsdir. Hakimiyyət də əməli ilə göstərir ki, bu dəfə “işıq” görünmür. Belə olan halda seçkidə iştirakı “olum-ölüm” məsələsinə çevirmək prinsipiallığın deyil, prinsipsizliyin nəticəsidir.
Belə çıxır ki, bu adamlar saxtakarlığa legitimlik qazandırmaq, hökumətin ifşasına əngəl törətmək missiyası daşıyırlar.
Bəli, dünyanın və yerli auditoriyanın imtina etdiyi seçkiyə qatılmaq, yalnız hökumətin məqsədlərinə xidmət edə bilər. Belə bir vəziyyətdə seçilməyə ümidi olanlar varsa, deməli, bu ümidi verən var.
Istənilən halda, baş verənlər gizli niyyətləri üzə çıxarır və beynəlxalq aləmin mövqeyi bu “üzəçıxmanı” sürətləndirir.
Digər tərəfdən, yuxarıdakı sitatlar da göstərir ki, dünənə qədər “biz seçki saxtakarlığını ifşa edəcəyik” deyənlər, indi yeni bəhanələr istehsal etməyə başlayıblar. Bəli, bütün hallarda iştirak edəcəklərini, mübarizə aparmaq istədiklərini, antidemokratik ölkədə buna məcbur olduqlarını söyləyirlər. Arqumentsizlikdən doğan arqumentlərlə üz-üzə qalmışıq.
Akif