“Fövqəlnazir”in oğlu İngiltərənin kəşfiyyat sferasına pulla nüfuz etməkdəymiş
“Guardian” ingilis deputatın Heydərovlardan maliyyə aldığını üzə çıxarıb
Britaniya mediası Azərbaycanla bağlı daha bir korrupsiya qalmaqalını üzə çıxarıb. Bu dəfə işə dünyaca məhşur nəşrlərdən olan “Guardian” qarışıb. Qalmaqalın qəhrəmanı isə yenə də Heydərovlardır.
“Guardian” yazır ki, Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov Britaniya parlamentinin kəşfiyyat komissiyasının üzvünə pul verir. Onun rəhbərlik etdiyi Azərbaycan Avropa Cəmiyyəti həmin komissiya üzvü ilə “xüsusi maraqlar” çərçivəsində işbirliyindədir.
“Guardian”ın “Kəşfiyyat komissiyasının nümayəndəsi Azərbaycanın lobbi qrupundan pul alıb” başlıqlı məqaləsini təqdin edirik:
***
Kəşfiyyat komissiyasının nümayəndəsi və təhlükəsizlik xidmətinin fəaliyyətini izləyən parlamentin mühafizəkar qanadına mənsub üzvünə Azərbaycan lobbi qrupu tərəfindən il ərzində 6000 funt-sterlinq ödənilib. London şəhərindən parlamentin üzvü Mark Fild bir məsləhətçi kimi Azərbaycan Avropa Cəmiyyətinin rəhbərliyində təmsil olunur.
Heydərovların Ingiltərə parlamentində “ovu”
Mark Fild
Bu il Ingiltərə Xarici Işlər Nazirliyi və “Amnesty International” təşkilatı Azərbaycan hakimiyyətini siyasi islahatlar tələbilə aksiyalar keçirən müxalifətə qarşı repressiyalara görə sərt tənqid edib. Parlamentin leyboristlər qanadını təmsil edən parlamentarilər isə Marka belə bir sual ünvanlayıblar ki, onun yeni iş yeri kəşfiyyat komissiyasındakı fəaliyyətinin həssas təbiətilə uyğun gəlir yoxsa yox.
“Ov” çox əhəmiyyətli mövqedədir
46 yaşında olan Fild bu günə qədər kəşfiyyat komissiyasında fəaliyyət göstərmək imkanı qazanan ən gənc parlamentaridir. O, Londonda hökumət binalarının yerləşdiyi 10 küçəyə, Böyük Britaniya kəşfiyyatına və təhlükəsizlik xidmətinə nəzarəti həyata keçirir. Haqqında danışılan komissiya müstəqildir. Ora birbaşa baş nazirin təyin etdiyi 9 parlamentari daxildir. Onlar yalnız baş nazirə hesabat verirlər. Bu komissiya parlamentin seçki komissiyası ilə müqayisədə daha böyük gücə, səlahiyyətlərə malikdir. Onların gələcəkdə komissiyalar təşkil etmək səlahiyyəti olmayan istənilən keçmiş hökumətlərdən və rəsmi nazirlər şurasından müvafiq sənədləri tələb etmək ixtiyarı var.
Heydərovun pulları ilə Bakıya səfər
Mark Fild Bakıda İlham Əliyevlə görüşdə
Mark Fildin yeni məsləhətçi rolu iyun ayından başlayıb. O, həmçinin parlamentdə Azərbaycanla bağlı işçi qrupun sədridir. Fild may ayında yüksək ranqlı siyasətçilərlə görüşmək məqsədilə Azərbaycanda səfərdə olub və onun səfəri 5 gün çəkib. Bu müddət ərzində onun səfər proqramının maliyyələşdirilməsi Azərbaycan lobbi qrupu tərəfindən həyata keçirilib və bu məqsədlə 3500 funt-sterlinq xərclənib. Bundan əvvəl isə o, 2010-cu ilin iyununda paytaxt Bakıda keçirilən NATO konfransında çıxış edib.
Əliyevin dostu Heydərovların dostunu qəbul edir
Mart ayında şahzadə Endryu Bukkinqem sarayında Mark Fildi qəbul edərək, parlamentdə və Ingiltərə hökumətində Britaniya investisiyasının Azərbaycana yatırılması məsələsini dəstəkləməyi xahiş edib.
Şəxsi vebsəhifəsində bildirildiyinə görə, Azərbaycan Avropa Cəmiyyəti 2008-ci ildə təsis olunub və təşkilatın əsas məqsədi beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycana cəlb etmək, Qərb ölkələri ilə körpü rolunu oynamaqdır.
“Azərbaycanın Abramoviçi” adlandırılan nazir balası
Atası Azərbaycanın nazirlərindən biri olan 26 yaşlı biznesmen Tale Heydərov isə cəmiyyətin əsas sponsoru və direktorudur. London Iqtisadiyyat Məktəbinin keçmiş şagirdi yerli futbol komandalarından birinə (“Qəbələ” futbol klubu – red.) Ingiltərə yığmasının keçmiş kapitanı Toni Adamsı illik 1 milyon funt maaş müqabilində baş məşqçi gətirdikdən və kluba milyonlar xərclədikdən sonra o, “Azərbaycanın Abramoviçi” adlandırılmağa başlandı.
Ilham Əliyevin diktatorluğu diqqətdən qaçmır
Təxminən Irlandiya respublikası boyda olan Azərbaycan Avropanın şərqi ilə Asiyanın qərbi arasında yerləşir. Zəngin neft-qaz yataqlarına malik olması səbəbindən bu kiçik ölkə daim xarici güc mərkəzlərinin xüsusi marağındadır.
Hazırda Azərbaycanı avtoritar Ilham Əliyev idarə edir. Ingiltərə Xarici Işlər Nazirliyinin məlumatına görə, Azərbaycanda insan haqları ilə bağlı vəziyyət olduqca pisdir. Jurnalistlər incidilir və həbs olunur, müxalifətdən olan namizədlər parlamentdən kənarda saxlanılır, seçicilər isə total qorxu altındadırlar.
Martda “Amensty International” təşkilatı bir neçə dəfə hökumətə çağırış edərək, Yaxın Şərq və Şimali Afrikada baş verən inqilabi hadisələrdən ilhamlanaraq dinc aksiyalar təşkil edən müxalifət təşkilatlarına qarşı repressiyaları durdurmağı tələb edib. Tutulanlar bildirib ki, həbsxanada onlar susuz saxlanılıblar və olmazın işgəncələrə məruz qalıblar.
Ingiltərə Xarici Işlər Nazirliyinin mətbuat katibi bildirib ki, ölkənin insan haqları onlar üçün vacib məsələ olaraq qalır: “Biz və Avropa Birliyi çoxsaylı görüşlərdə Azərbaycanda insan haqlarının yaxşılaşdırılması işində olan ləngimə ilə əlaqədar narahatlığımızı bildirmişik. Bu problemlər hələ də həllini tapmır”.
Heydərovların dostu təkzib etməyə çalışır
Mark Fild özü barəsində deyilənləri “absurd” adlandırıb. Əlavə edib ki, o, Tale Heydərovla, sadəcə, bir neçə dəfə qısa təmaslarda olub. Səbəb isə iki dəfə Azərbaycanda olmağıdır. “Bu ölkə həqiqətən maliyyə xidməti sektorunu inkişaf etdirməyə çalışır. Ortada hansısa şəxsi fayda gatirəcək məsələdən söhbət belə, gedə bilməz”, – deyə Fild vurğulayıb.
“Mən məxfi məlumatlar haqda rəsmi akta imza atmışam və Azərbaycan hökuməti ilə bağlı, yaxud hər hansı bir təşkilatın nümayəndəsi və ya əlaqədə olduğum partiya komissiyalarının təmsilçilərindən ibarət qruplar barədə müəyyən məxfi məlumatları yaymaq fikrində deyiləm. Absurd və eyni zamanda tamamilə səhv olardı ki, təhlükəsizlik və kəşfiyyat komissiyasında təmsil olunan şəxslərin hansısa başqa kənar maraqları olmaya biləcəyini düşünək”, – deyə o, əlavə edib.
Partiya yoldaşları isə onu məzəmmət edir
Azərbaycan Avropa Cəmiyyətinin nümayəndəsi isə bildirib ki, Heydərovlar onların yeganə sponsoru olmayıb və təşkilat Azərbaycan hökumətinə tamamilə bağlı olmayan özəl bir qurumdur.
Məsələyə münasibət bildirən Leyboristlər partiyasının Basetloudan seçilmiş parlament üzvü Con Mann isə deyib: “Görünən odur ki, parlamentin üzvü öz üzərinə əlavə bir iş götürürsə, bu tendensiya necə səhv bir istiqamətə yön ala bilər. Bu, açıq-aşkar maraqların toqquşmasıdır”.
Uiqandan Leyboristlər partiyasının parlamentdəki üzvü və bütün partiya nümayəndələrindən ibarət korporativ məsuliyyət üzrə qrupun rəhbəri Liza Nandi də məsələyə biganə qalmayıb: “Britaniya kəşfiyyat xidmətinə təsir edə bilən və yüksək məxfilik daşıyan informasiyalara kifayət qədər sərbəst çıxış imkanı olan çox az sayda parlamentaridən birinin hazırkı status-kvo ilə barışmayanları əzmək əmri verən hökumətə lobbiçilik edən təşkilatdan maliyyələşməsi qəbuledilməzdir”.
***
Xatırladaq ki, bu, Britaniya mediasında son bir neçə günün içində Heydərovların adına bağlı maliyyələşmə qalmaqalına dair dərc olunan ikinci məqalədir. Bundan qabaq isə BBC telekanalında fövqəladə hallar naziri və Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərovun London Olimpiadasında 2 qızıl medal əldə etmək üçün AIBA-ya 9 milyon dollar ödədiyi haqda araşdırma yayımlanmışdı. Bununla bağlı yaranan beynəlxalq qalmaqalın sədası çəkilməmiş ikinci və heç də az səs-küy yaratmayacaq məqalə gündəmə düşdü. Bu qalmaqalların haralara aparıb çıxaracağı hər halda çox maraqlıdır.
Qeyd: yazının başlıqları “Azadlıq”a məxsusdur.
Rəşad Alp