Bakıda, may ayında binanın yanmasından sonra Facebook-da yazdığı statusla gündəmə gələn azərbaycanlı diplomat Arif Məmmədov BBC Azərbaycancaya müsahibəsində deyib ki, növbəti prezident seçkilərində namizədliyini verəcəyini istisna etmir.
O, Azərbaycan hökuməti tərəfindən beynəlxalq axtarışa verilib. Arif Məmmədov dövlətə külli miqdarda ziyan vrumaqda, büdcə vəsaitlərinin qanunusuz istifadəsində ittiham olunur və ona qarşı cinayət işi açılıb. O, bu addımları hökuməti tənqidinə cavab hesab edir.
Hazırda Brüsseldə olan Arif Məmmədovla müsahibəni Skype vsaitəsilə BBC Azərbaycancanın redaktoru Könül Xəlilova aparıb.
BBC: Sizə “üsyankar səfir” , “qiyamçı səfir” deyirlər. Siz necə oldu ki, uzun illər qulluq etdiyiniz hökumətə qarşı çıxdınız? Bunlar hamısı yanğından başladı, yoxsa daha əvvəldən?
AM: Bu, daha əvvəldən başladı. Bilirsiniz, mən nə polisəm, nə də icra başçısıyam. Səfir diplomatiya, yəni Azərbaycanın xarici siyasətilə məşğul olan insandır. Və mən 12 il səfir işlədiyim müddətdə altı il Avropa İttifaqının yanında səfir olmuşam, digər altı ilini Avropa Şurasında. Ona görə bu 12 ili birbaşa Azərbaycanın bu təşkilatlarla əməkdaşlığın qurulmasına və inkişafına xidmət etmişəm. Bundan əvvəl də, Brüsseldə səfir təyin olunandan qabaq da, 95-ci ildən mən səfirlikdə çalışmışam və demək olar ki, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin ən başlaca addımından məşğul olmuşam. Burada diplomat faktiki olaraq ölkənin xarici işləri, yəni mən yenə deyirəm, tam mənada “dövlət məmuru” deyiləm. Mən birbaşa diplomatam. Diplomatlar nə siyasi partiyada ola bilərlər, nə digər məsələlərə qarışa bilər. Mən hesab edirəm ki, diplomatlarımız daha çox rejimə yox, xalqa və ölkəyə xidmət edirlər. İnsaflı diplomat ilk növbədə öz xalqına xidmət edər.
BBC: Siyasi partiyada olmasanız da siz hazırkı iqtidarı – YAP hökumətini təmsil etmisiniz.
AM: Bilirsiniz, mən hökuməti təmsil etmişəm, amma bütün ətraflı şeylər, yani insaflı diplomat ilk növbədə öz xalqının yanında olmalıdır və tutaq ki, bizim ictimaiyyətə, bizim hökumətə də məlum olmayan halda beynəlxalq təşkilatlarda, o cümlədən Avropa İttifaqında, Avropa Şurasında, mənimlə bağlı ətraflı məlumat var idi və mənim bütün işlədiyim müddətlərdə, Azərbaycan hökumətinə də işlədiyim müddətdə də demokratik dəyərləri dəstəkləmək sayəsində işlərim olub. O cümlədən bu günkü mərhələdən öncə də, gərginliklər yaranırdı və təhlükələr də var idi ki, Aİ və AŞ ilə ümumiyyətlə münasibətlər [dondurulsun]. Və mən həmişə buna qarşı çıxış etmişəm və bu cür cəhdlərin qarşısını almışam. Bunu da beynəlxalq təşkilatlar da yaxşı bilirlər. Ona görə də bu qalmaqal çıxan vaxtı hamı bilirdi ki, əslində bu mümkündür. Məni xəbərdar edirdilər dostlar … və mən deyirdim ki, buna hazıram. Bilirdim ki, gec-tez bu məsələ olmalıdır, gündəmə çıxmalı idi. Əlbəttə ki, mən düşünmürdüm ki, bu konkret nə vaxt olacaq. Administrasiya mənə qarşı işləyirdi, bu – faktdır.
BBC: “Gec-tez” yəni, sizin tərəfinizdən olmalı idi, yoxsa narazılığı nəzərdə tutursunuz? Sizdən sonra bir neçə diplomat da..
AM: Strasburqda olanda administrasiya mənə qarşı çox narahat idi, Strasburqdan dönən məmurlardan [mənim haqqımda] məlumat istəyirdilər. Qazırdılar mənim altımı, bu var idi. Və bilirdim ki, mənim Avropada geniş münasibətlərimdən çox narahat idilər. Hər zaman.
BBC: Sizdən sonra bir neçə diplomat da hökumətə etiraz elədi. Bunlar sizinləmi bağlıdır? Sizmi ruhlandırmısınız onları?
AM: Bilirsiniz, bunların bir hissəsinin mənimlə hər hansı bağlantısı yoxdur. Digərləri faktiki olaraq, mənim tanıdığım diplomatları, ya mənim statusumu bəyəndiklərinə görə işdən uzaqlaşdırıblar, digərləri də mənimlə yaxınlıqda olduqları üçün işdən kəndarlaşdırmışdılar.
BBC: Nahid Cəfərovu nəzərdə tutursunuz?
AM: Mən Strasburqda, Avropa Şurasında vəzifəmdən dönəndən sonra təxminən bir ilə yaxın XİN-də işlədim və Nahidi bir bacarıqlı işçi kimi özümə faktiki olaraq, bir köməkçi kimi götürmüşdüm və mənim əksər görüşlərimdə Nahid də iştirak edirdi, o cümlədən Aİ səfirlərilə “Chatham House qaydaları” əsasında (Chatham House qaydaları danışıqların və ya müzakirənin ictimaiyyət üçün açıqlanmadığı görüş şərtləridir – red.) görüşlərində iştirak edib. Nahidi sıxışdırmağa başladılar və bu da mənə elə gəlir ki, əsas səbəb idi.
BBC: Bunlardan sonra yeni üsyan dalğası gözləyirsinizmi?
AM: Məndə olan xəbərlərə görə bu prosesin davam olacaq, amma mən yazmışdım yazımda. Tutaq ki, diplomatdır. Diplomat oturur tutaq ki, Niderlandda, Parisdə, Londonda. Ona telefonda zəng edirlər ki, xahiş edirəm Bakıya gəlin, sizə bəzi sorğular var. Bu diplomat da bilir ki, mənim yanımda işləyib. Kimdi, sızıb məlumat ki, prokurorluqda bəzi suallara cavab vermək lazımdır. İndi insanı – ailəsi, evi, eşiyi burada, bəzilərinin körpə uşaqları var. İndi bunun ailə üzvü, yoldaşı, bilir ki, bu Bakıya gedir və qayıtmamaq, işdən qovulmaq, cinayət işi ehtimalı var. Diplomat bunları başa düşür və bu təhlükənin qarşısında anlayır ki, ən düzgün qərar – sığınacaq istəməkdir. Digər məsələ də, diplomatlar –bizim diplomatik xidmətdə mən 12 ildir səfirəm, ondan qabaq da işləmişəm. Həyatımın böyük hissəsini bu sahəyə sərf eləmişəm və diplomatlar arasından təvazökarlıqdan [uzaq] olmasın, məni kifayət qədər tanıyırlar, mən kifayət qədər hörmət qazanmışam. Ona görə ki, həmişə sadəlik nümayiş etdirmişəm, diplomatların inkişafında köməklik etmişəm və onları savadlı, vətəni sevən diplomatlar kimi yetişdirməyə öz töhfəmi vermişəm.
BBC: Sizi “Qərbin layihəsi” adlandırırlar.
AM: Bilirsiniz, məni müxtəlif… Deyirlər ki, mən Hərbi İnstitutu bitirmişəm, ona görə mən Rusiyanın təhlükəsizlik xidmətinin zabiti olmalıyam. Yazdılar Qərbin layihəsiyəm… Bilmirəm, Norveçin layihəsiyəm. Nörveçdə hansısa İslam Əməkdaşlığı Təşkilatı xətti ilə hansısa tədbirə getdim, dedilər ki, “Norveçdə sığınacaq alacaq”. Yəni başını itirmiş hakimiyyət müxtəlif mülahizələr yazır. Məni tanıyırlar, Qərbdə də tanıyırlar, kontinental Avropada da tanıyırlar, şimali Avropada da tanıyırlar. Və məni demokratik düşüncəli insan kimi tanıyırlar. Mənə hansısa digər yardımlar yoxdur, amma mənim rəyimi nəzərə alırlar. Məni 20 ildən artıq tanıyırlar və portretimi hazırlayıblar. Yenə deyirəm, mən təmiz Azərbaycan ailəsində böyümüşəm. Rus mədəniyyəti əsasında, məktəb illərində 10 ili rus mədəniyyətini qəbul etmişəm, Moskvada oxumuşam. O vaxtlar Harvard və ya Oxford yox idi, Moskva əsas təhsil mərkəzi idi və fəxr edirəm ki bu qədər mötəbər bir təhsil ocağında təhsil almışam. Mən fikir vermirəm daha. Amma əslində müxtəlif qüvvələrin marağını artırırlar. Belə yazanda, Rusiyanın da marağını oyadırlar, Qərbin də marağını. Faktiki olaraq nə edirlərsə, yalnız səriştəsizliyin və savadsızlığın səbəbinə görə əslində mənim xeyrimə edirlər. Lap ən çirkin məqalələr də – sonda elə olur ki, mənim xeyrimə olur.
Yazanda mənim babam belədir, belədir, Gəncədə spekulyantdır yazıblar. Gəncədə mənim babamı bütün indiki gənclərin ataları da, babaları da, babalarının babaları da tanıyır ki, belə bir adam olub. Dedilər ki, mənim burda yoldaşım Qrabağdandır, özüm Gəncədə anadan olmuşam. Əslimiz Gürcüstandandır.
Bunlar başa düşmürlər ki, nə qədər mənə hücum olur, o qədər də, sosial bazam yüksəlir.
BBC: Sizcə sosial bazanız kifayət qədər güclənəcəkmi ki, siz prezidentliyə namizədliyinizi verə biləcəsiniz? Ümumiyyətlə belə bir planınız varmı?
AM: Bilirsiniz, mən istərdim ki, islahatlar olsun. Mən yoldaşıma da deyirəm, o da… Mən 50 yaşıma kimi çox mutlu həyat yaşamışam. Allaha min şükür, bütün 50 yaşımda ən yüksək təbəqələrə qalxmışam. Gözəl ailə qurmuşam. Həyatdan mutlu və çox xoşbəxt bir insanam. Və başa düşürəm ki, bu mərhələdən sonra mənim fərqli həyatım başlayır. Yəni, Azərbaycanı nə olursa olsun, ilk 5 il, 10 il – çox çətin illər gözləyir. Bilirsiniz ki, bank sistemi çökür. İqtisadiyyat, təhsil pis vəziyyətdədir. Böyük bir polis güc xidmətləri var, onları yenidən hansısa islahlatlar nəticəsində… Deyirlər, Gürcüstanda demokratik qüvvələr gələndə vəziyyət çox pis idi. Onları da yalnız maliyyə məsələlərində, ölkənin pulu yox idi. Bu məsələləri asandı həll etmək. Bu korrupsiyanın, polis dövlətinin necə yenidən qurmaq, neyləmək lazımdırsa, bu çox çətindir və güclü komandaya ehtiyac var. Mənim belə bir iddiam yoxdur. Mən Avropada xoşbəxt həyat yaşaya bilərəm və uşaqlarım da çox gözəl oxuyublar. İddiam da yoxdur. Mən istərdim ki, ölkəmdə xalqım normal yaşasın. Ayrı bir adam eləsə, eləyə bilsə, mən böyük xoşbəxtliklə hər insana köməklik edərəm.
BBC: Arif bəy, konkret cavab verin lütfən: növbəti prezident seçkilərində namizədliyinizi irəli sürəcəksinizmi?
AM: Bilirsiniz, bizdə hakimiyyət məsələsi təəssüflər olsun ki, seçkilər vaxtı həll olunmur. Ona görə də görürsünüz ki, beynəlxalq təşkilatlar boykot elədi. Avropa Parlamenti çağırış etdi, ardınca ATƏT müşahidəçilər göndərməmək qərarını verdi. Çox güman ki, hakimiyyət Qırğızıstandan, Qazaxıstandan, Belarusdan müşahidəçilər gələcək. Bu isə legitimliyi təmin etmək üçün kifayət deyil. ATƏT və digər əsas Qərb institutları seçkiləri tanımırlarsa, bu boş bir şey olacaq və parlament tanınılmayacaq. Parlament tanınılmırsa, ümumiyyətlə qanunverici orqan tanınılmırsa, hökumətlə bugünkü gərginliyi nəzərə alaraq, mən heç bilmirəm gələcək inkişaf nə olacaq. Ya gərək islahatlar olsun, ya da bilmirəm. Ən ilginc istiqamətdə gedə bilər.
BBC: Siz növbəti prezident seçkilərində namizədliyinizi irəli sürəcəksinizmi?
AM: Bilirsiniz, mən artıq siyasətə girmişəm. Burada müxtəlif inkişaflar ola bilər və mən bunu istisna etmirəm. Belə deyək.
BBC: Siz bayaq Azərbaycandakı problemləri qeyd etdiniz. Amma insanlar İlham Əliyevi dəstəkləyirlər və deyirlər ki, ona alternativ görmürlər. Sizcə ona bir alternativ varmı?
AM: Bilmirəm onu kim deyir. Əlbəttə ki, AzTV-ə baxsanız elə təsəvvür yaranır ki, 100% yox 200% əhali belə düşünür və digər ölkələr də belə düşünür. Amma ki, siz sosial şəbəkələrə baxsanız, mən tendensiyanı son yazımda qeyd etdim: aparat təhlil etsə, üç ay, beş ay, bir il bundan qabaq hakimiyyətin reytinqi. Kimsə lap “bəyəndim” də qoyurdular ki, hansısa hökumət ya ailə üzvünün şəkillərinə də “bəyəndim” var idisə, indi yoxdur. Baxın şəkil qoyurlar, məqalələr qoyurlar. Üç nəfər, 5-10 nəfər. Bu onu göstərir ki, artıq camaatda bu düşkünlük var, ümidsizlik var.
BBC: Arif bəy, amma sizin “Ağ qərənfillər” hərəkatını da Facebook-da “like” edənlərin sayı cəmi 500-neçə nəfərdir.
AM: Bilirsiniz, birincisi ölkədə qorxu var. Mənim şəxsi səhifəmdə daha çoxdur inkişaf, çünki mən şəxsi səhifəmlə başlamışam. Səhifəni genişləndirmək üçün mənə işçi lazımdır. Mən üç aydır ki səhnəyə girmişəm, məni o qədər tanımırlar. Faiznən baxanda daha çox tanınmışam. Bu bir partiya olsaydı, üzvlərin sayı mühüm olardı. Partiya deyil. Açıq olmayaraq bilirəm ki, gizli dəstək çoxdur. İqtidara işləyən media orqanları da, yazım çıxandan beş dəqiqə sonra onu çap edir. Bu da göstərir ki, lap iqtidar mediası da anlayır ki, insanların diqqətini cəlb etmək üçün yazılarım maraqlı olur. İşlər gedir, insanlar izləyir. Hərəkət yalnız ideyalar, dəyərlər əsasında müvəffəq olur. Biz inqilabi addımlar qoymuruq, insanlar üçün rifah [istəyirik] və ölkəmizin bütün imkanlarımız var bunun üçün ölkəmizdə. Biz faktiki olaraq müxtəlif qüvvələrin mübarizə mərkəzinə çevrilmişik.
BBC: Sizi axtarışa veriblər, vəsaitlərin qanunsuz istifadəsində ittiham edirlər, dövlətə külli miqdarda ziyan vurmaqda ittiham edirlər. Sizə qarşı cinayət işi açılıb.
AM: Bu, boş şeylərdir. Mən işıq pulu verməmişəm? Bu, gülməlidir. Mən heç ayrı iqamətgahda yaşamırdım. Nümayəndəliyin binasında idim, bircə “şotçik” var idi. Gülməlidir bu.. Heç bir səfirlikdə işıq pulu verilmir. Mənim ölkə verdiyi mənə güzəşti – hər bir diplomata güzəştli faizlə maşın satırlar. Bunlar deyirlər ki, mən bunu qanunsuz… Bütün diplomatlar ölkəyə qayıdanda maşın alırdı və əksər hallarda özləri üçün almırlar. Avorpadan alıb gedib Bakıda onu satıb 5-10 min manat qazanıb bir il, 2 il başlarını fırladırlar gələn ezamiyyətə qədər. Məqsəd də bu idi. İnterpola da məktub vermişəm, avropalılar da buna gülürlər. İnanmıram bunu məni saxlamaq məqsədilə edirlər, bu, məlumat da yayılıb ki, cəmiyyətdə qorxu yaransın – birdən Arif Məmmədov kimi etsəniz, sizə qarşı cinayət işi açılacaq. Qoşulsanız, belə olacaq. Bu hakimiyyət qorxu əsasında qurulmuşdur və bu qorxunu yaymaq istəyir. Biz də, xalq da bu qorxunu aradan qaldırmağa çalışmalıyıq.