Hələ qarşıdan Putin gəlir – yeni mürtəce layihələrlə…
Hər şeydən öncə, Ilham Əliyevin özü öz işlərini bir az da çətinləşdirir. Avtoritar rejimlərin yarpaq tökümü illərində yenə də köhnəlmiş üsullarla cəmiyyəti idarə etməyə çalışır. Yenə də ümidi həbslərədir. Yenə qorxutmağa, xofa arxalanır. Amma bu həbslər elə xalqın narazı olduğu tendensiyanın davamıdır. Vəziyyəti yaxşılaşdırmır. Bunlar cinayətlərdir – bu sözlərlə son həbslərə AXCP sədri Əli Kərimli yaxşı qiymət vermişdi. Təsəvvür edin ki, bir əmələ görə qınaqlara tuş gəlmisən, amma sən vəziyyətdən həmin əməllərlə çıxmağa çalışırsan. Bu, vəziyyəti daha da çətinləşdirir.
Heç bir islahata gedilmədi, xalqa doğru heç bir addım atılmadı. Korrupsiya ilə mübarizə də başlayandan iki ay sonra dayandırıldı. Deməli, uğurdan imtina edildi, çıxış yolundan imtina edildi…
Dörd bir yan da istəməyən qüvvələrlə əhatə olunub. Hətta Türkiyə kimi doğma və strateji müttəfiqlə münasibətlər yaxşı deyil. Iran və Rusiya ilə dostluqdan söhbət gedə bilməz. Yaxşı günlər arxada qalıb. Bu qədər istəməyənin qarşısına yalnız xalqa arxalanıb çıxmaq olardı, bu da yoxdur.
Bu yandan da, Vladimir Putin yenidən Rusiyanın irtica maşınının sükanı arxasına qayıdır. Həm də yeni layihələrlə. Onun «Izvestiya» qəzetində çıxmış məqaləsi çox şey deyir. Bu yazı Putinin xalqa yeni vədidir. O, Rusiya ətrafında yeni birlik, yeni bir inteqrasiya quracağını vəd edir. Məqalə açıq şəkildə MDB ölkələrinin gələcəyindən, Rusiyanın postsovet məkanında yeni arzularından bəhs edir.
Əvvəlki dönəmlərdə Putin xalqa tamam fərqli vədlər verirdi, daxili intizam və iqtisadi uğurlar. Hətta Ümumi Daxili Məhsuldan o qədər danışırdı ki, mətbuat ona VVP – Valovoy Vnutrenniy Produkt adı qoymuşdu – bu həm onun ad və soyadının baş hərflərinə uyğun idi.
Amma indi cənab Putin Avrasiya Iqtisadi Ittifaqından danışır. Onun xoş gələcəyini vəd edir.
Cənab VVP bu birliyin nüvəsi kimi Rusiya- Belarus-Qazaxıstan Vahid Iqtisadi Məkanını görsə də, onu indiki MDB üzərində düşünür. Iştahasını da gizlətmir: “2012-ci il yanvarın 1-dən çox vacib bir inteqrasiya layihəsi – Rusiya- Belarus-Qazaxıstan Vahid Iqtisadi Məkanı fəaliyyətə başlayacaq. Bu layihə təkcə bu üç ölkənin yox, bütövlükdə postsovet məkanının bütün dövlətləri üçün mübaliğəsiz tarixi hadisədir.”
Putin deyir ki, bu layihə Avrasiya Iqtisadi Ittifaqının formalaşması üçün zəmin yaradır və birlik tədricən genişləndiriləcək. Hətta onu Avropa Birliyi ilə müqayisə edir. Onun öz üstünlüklərinin olacağını da deməkdən çəkinmir.
Amma hər kəsə bəllidir ki, Rusiya bu iddialarında odu söndürüb, közü ilə oynayır. SSRI yoxdur və olmayacaq, onun yerində Avropa Birliyi kimi bir inteqrasiya üçün gərək Avropa dəyərlərinə, Avropa idarəçiliyinə, demokratiyaya sahib olan dövlətlər ittifaq qursunlar. Bu da yoxdur. Onu qəbul edən siyasi zehniyyət də yoxdur. Deməli, reallıqda söhbət Rusiyanın yaxın ətrafını daha sıx təsir mexanizmlərinə tabe etdirməkdən gedir.
Rusiya ətraf dövlətlərin hamısını Ermənistan kimi müti, Belarus kimi anti-Qərb halına salmaq istəyir. Yoxsa hamının gec-tez Gürcüstan yolu ilə gedəcəyi gözlənilir. Deməli, ətraf dövlətlərin hakimiyyətlərinə qarşı Rusiyanın basqı və tələbləri artacaq. Elə Azərbaycan hakimiyyətinə də. Yəni xalqdan dayağı olmayan bu hakimiyyətin işi bir az da çətinləşir…