Pentaqon şefi Suriya diktatorunun ömrünə az qaldığını açıqlayıb, Ərdoğan isə Bəşər Əsədi atasına bənzətdi
Suriyada gərginlik davam edir. Hökumət qüvvələrinin əməliyyat keçirdiyi Rastan şəhərində 3 min insanın həbsə olunduğu barədə xəbərlər yayılıb. “AP” xəbər agentliyinin məlumatına görə, günlərdir şiddətli qarşıdurmaların getdiyi Rastan şəhərinin bir hissəsi yenidən hökumət qüvvələrinin nəzarətinə keçib.
Ölkə müxlaifətinin fəallarının xarici xəbər agentliklərinə verdiyi məlumatlarda Suriyanın müxtəlif şəhərlərində keçirilən antihökumət aksiyalarına təhülkəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində ən azı 15 nümayişçinin həlak olduğunu bildiriblər. Bununla yanaşı Humus şəhərində 11 etirazçı, Cabal əz Zaviyyə şəhərində isə xalqa atəş açmaqdan imtina edən 4 əsgər öldürülüb.
Bu arada ABŞ-ın müdafiə naziri Leon Panetta Suriyada Əsəd rejiminin yıxılmasına az qaldığını bildirib. Pentaqon şefi İsrailli həmkarı Ehud Barakla Təl Əvivdəki görüşündən sonra keçirdiyi mətbuat konfransında Bəşər Əsədin legitimliyini itirdiyini söyləyib. Panetta beynəlxalq ictimaiyyətin və ABŞ-ın Əsədin hakimiyyətdən getməsinə dair həmfikir olduğunu, ölkəsinin Əsədin iqtidardan uzaqlaşdırılması və yerinə məsuliyyətli bir liderin gəlməsi istiqamətində Dəməşqə qarşı təzyiqlərini artıracağını təkrarlayıb.
Cənub Afrika Respublikasında səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayiib Ərdoğan Bəşər Əsədi sərt tənqdi edib. Onun sözlərinə görə, Suriyada Hafiz Əsəd dövründə görülən işlərin eynisiylə oğlu Bəşar Əsad dövründə də davam etdirilir:“Keçmişdə atasının Həmada Humusda törətdiyi qətliamları yenidən gündəmə gətirib”. Hökumət başçısı Suriyada yaşananların, dinc sakinlərə qarşı törədilən zorakılıqların heç bir insanı və vicdani açıqlaması olmadığını bildirib.
Bəşər Əsədlə yaxın zamana qədər çox yaxşı dost aduqlarını söyləyən Ərdoğan “Amma biz, dostluğumuzu, qanunlarla davam etdirməliyik. Əgər bu qanunlar tapdalanarsa, bu prinsiplər bir kənara qoyularsa o zaman biz dostu da, yoldaşı da kənara qoyacağıq. Çünki bizim üçün əsas olan Suriya xalqıdır, Suriyanın özüdür” deyib.
“Suriyada təxminən 40 il fövqəladə vəziyyət olub. Bəşər Əsəd “fövqəladə vəziyyəti dayandırdım” deyir. Bunu söyləyən prezident Lazkiyə şəhərini dənizdən bombalayır. Keçmişdə atasının Həmada, Humusta törətdiyi qətliamları təkrarlayır. Biz bunları Bəşər Əsəddən gözləmirdik”,-deyə Ərdoğan vurğulayıb.
İnformasiya şöbəsi



