AP Azərbaycanın Qarabağ məsələsində haqlı mövqeyini dəstəkləyən 2 qətnamə qəbul edib
Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə hakimiyyətin aqressiv xətti davam etməkdədir. Artıq bir neçə gündür ki, hakimiyyət təmsilçiləri bir-birinin ardınca Avropa Parlamentini və təşkilata daxil olan dövlətləri sərt “tənqid” etməkdədirlər.
Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun açıqlaması da bu qəbildəndir. F.Ələsgərov AP-ın qəbul etdiyi qərarı siyasi idiotizm adlandırıb. “Ötəngünkü siyasi idiotizmin, habelə qərəzli antiAzərbaycan və ermənipərəst mövqeyin aşkar nümayişi nəzərə alınsa, nəinki Avropa Parlamentinin nümayəndə heyətini Dağlıq Qarabağ probleminin həlli prosesinə yaxın buraxmaq olmaz, hətta ölkəmizin Şərq Tərəfdaşlığı və Avronest Parlament Assambleyasında iştirakının məqsədəuyğunluğu haqqında məsələni müzakirəyə çıxarmaq lazımdır”, deyə F.Ələsgərov vurğulayıb.
“Novruz Məmmədovdan ”fərqli” tənqid”
Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri ÿNovruz Məmmədov ÿöz növbəsində AP-ı tənqid edib. N.Məmmədov bir qədər “fərqlilik” edərək AP-ı tibbi dildə tənqid edib. O, tvitter səhifəsində bu haqda yazı paylaşıb: “Avropa Birliyinin bəzi strukturlarının atdığı addımlar göstərir ki, bu qurum, heç şübhəsiz, siyasi klimaks keçirir”. Onun sözlərinə görə, bu gün miqrasiya böhranı Avropanın aparıcı ölkələrinin siyasətinin nəticəsidir.
Hakimiyyət təmsilçilərinin “ifşaedici” açıqlamalarına baxmayaraq, reallıq odur ki, Azərbaycan həm idxal, həm ixrac baxımından Avropadan asılıdır. AB-ın Azərbaycandan üz döndərməsi ölkəmiz üçün ciddi maliyyə itkilərinə səbəb ola bilər.
“Avropa pisdirsə…”
Tanınmış iqtisadçı ekspert Qubad Ibadoğlu son günlər AP-ın məlum qətnaməsini tənqid edən hakimiyyət təmsilçilərinə maraqlı suallar ünvanlayıb. Q.Ibadoğlu bu sualları facebook səhifəsindən paylaşıb:
– Niyə ixrac etdiyimiz məhsulların 53 faizini Avropa bazarlarında satır, 34 faizini Avropadan gətiririk?
– Nədən neft və qaz kəmərlərinini Avropaya istiqamətləndirir, Azərbaycan qazının Avropaya nəql edilməsi üçün TAP kimi kapital tutumlu layihələrə milyardlarla dollar xərcləyirik?
– Hansı maraqla Neft Fondu investisiya portfelinin 52 faizini Avropada yerləşdirir, aktivlərinin 40 faizini Avroda saxlayır?
– Neft Şirkətini kim məcbur edir ki, Isveç, Rumıniya və Ukraynada iri yanacaqdoldurma şəbəkələri, neft bazaları alsın?
– Nəyə görə Xaricdə Təhsil Dövlət Proqramı çərçivəsində təqaüd alan gənclərin 60 faizə qədərini Böyük Britaniya və Avropa Ittifaqına üzv olan ölkələrin Universitetlərinə oxumağa göndəririk?ÿ
– Nədən şəxsi avtomobili olan hər 3 vətəndaşdan 1-i, xidməti avtomobili olan hər 3 məmurdan 2-si Avropa, xüsusilə də alman istehsalı olan maşınlarda gəzir?
– Hansı səbəbdən səhhətində problemi olan hər yüksək vəzifəli 4 məmurdan 3-ü müalicəyə və sanatoriyaya Avropaya gedir?ÿ
– Nədən mirqantlar Avropada yaşamaq üçün həyatları bahasına riskə girirlər?
– Niyə imkanlı dövlət və iş adamları pullarını Avropa, xüsusilə də Isveç və Avstriya banklarında saxlayırlar?
– Nəhayət, nə məqsədlə biz müntəzəm olaraq Avropa musiqi festivallarına, idman oyunlarına ev sahibliyi edirik?
“Avropa Qarabağ məsələsində Azərbaycanı dəstəkləsə də, hakimiyyyət…”
Ekspertlərə görə, hakimiyyət təmsilçilərinin Avropaya ünvanlanan bəyanatlarında bir xətt də nəzərə çarpır. Iqtidar nümayəndələri Qərbi Qarabağ problemində obyektiv yanaşma sərgiləməməkdə ittiham edirlər. Halbuki bu məsələdə də reallıq tam başqa cürdür. Istər AP, istərsə də AB-a daxil olan ölkələr dəfələrlə Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyib.
Azərbaycan hakimiyyətinin çox yaxşı münasibətdə olduğu Rusiyadan fərqli olaraq məhz Avropa strukturları xüsusilə son illərdə Azərbaycanın Qarabağ məsələsində haqlı mövqeyini dəstəkləyən sənədlər qəbul ediblər. Avropa Birliyinə daxil olan ölkələrinin çoxunun üzvü olduğu NATO dəfələrlə ən yüksək səviyyəli toplantılarında Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini rəsmi şəkildə bəyan edib. 2010 və 2012-ci illərdə Avropa Parlamenti Qarabağ problemini beynəlxalq hüquq normalarına uyğun şəkildə həllinin vacibliyini bildirən qətnamələr qəbul edib. Avropa Birliyinin siyasi və iqtisadi cəhətdən lokomotivi hesab olunan Almaniyada ölkə parlamenti – Bundestaq bu ilin iyunun 12-də qəbul etdiyi qətnamədə Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığını rəsmi şəkildə təsdiq edib. Bundan əlavə, məhz Bundestaq Ermənistandan 250 min azərbaycanlının qovulması faktını qəbul olunmuş qətnamədə qeyd edib. Heç bir ölkənin parlamenti Qarabağ məsələsində Azərbaycanı bu şəkildə dəstəkləyən sənəd qəbul etməyib. Azərbaycan hakimiyyəti Almaniyaya təşəkkür etmək əvəzinə qətnaməni topa tutdu. Bundestaqın qətnaməsinə belə sərt münasibətin səbəbi həmin sənəddə Azərbaycanda siyasi məhbusların mövcudluğundan və onların azad edilməsi zərurətindən danışılması idi. Bütün bunlar göstərir ki, hakimiyyət Qarabağ məsələsindən yalnız spekulyasiya etməklə məşğuldur.
Xəyal



