Nəyi sübut etmək istəyirsiz?

seckiSabah üz tutacağınız qurumlar bugündən seçkiyə qiymət verib

Noyabrın 1-də ölkəmizdə parlament seçkiləri keçiriləcək. Dəfələrlə qeyd etdiyimiz kimi, ölkədə seçki ab-havası yoxdur və bu dəfə vəziyyət daha biabırçıdı. Vəziyyət o qədər bərbaddır ki, seçkiyə qiymət verəcək əsas qurum seçki müşahidəçiliyindən imtina edib. Bəli, ATƏT rəsmi şəkildə bəyan etdi ki, Azərbaycanda keçiriləcək parlament seçkilərini boykot edir. Eyni zamanda Avropa Parlamenti qətnamə qəbul etdi və qətnamənin bir bəndi seçki müşahidəçiliyindən imtinaya çağırışdı. Yəni ilk dəfədir ki, beynəlxalq aləm seçkidən öncə seçkiləri boykot edir.

Belə bir şəraitdə bir qrup insan həvəslə seçkilərdə iştiraka hazırlaşır. Təbii ki, hökumətin maraqlarını müdafiə edən, Avropanı söyən, avtoritarizmə haqq qazandıran namizədlərin iştirakı başadüşüləndir. Amma “bizim üçün mandat əsas deyil”, “biz seçkiyə gedib, hökuməti ifşa edəcəyik”, “məqsədimiz saxtakarlığı sübut etməkdir” deyənləri başa düşmək çətindir. Axı, nəyi və kimə sübut etmək istəyirlər?

Bu adamların seçkidən sonra üz tutacaqları bütün ünvanlar, artıq seçkiyə mənfi qiymət verib. Seçki saxtakarlığını, səsinizin oğurlanmasını, namizədliyinizin qeydə alınmamasını Avropa Ittifaqına, ATƏT-ə, Avropa Şurasına çatdırmaq istəyəcəksizsə, bu qurumlara artıq hər şey çatıb. Bir halda ki, daxili və xarici auditoriyaya nəticələr məlumdur və heç bir qurumun sübuta ehtiyacı yoxdur, bu canfəşanlıq nəyə lazımdı?

Məqsəd pul qazanmaq, mandat daşımaq deyilsə, o biri arqumentlər əsassız görünür. Indiki halda seçkiyə “müxalifət” adı altında daxil olmaq, bütün dünyanın “saxtakar” adlandırdığı hakimiyyətə legitimlik donu geyindirməkdi.

Kobud şəkildə ifadə etsək, Avropa dəyərlərindən danışıb, Avrointeqrasiya tərəfdarı kimi çıxış edib, sonra Avropanın tanımadığı seçkidə iştirak etmək “fenomenal” hadisədi. Beynəlxalq qurumların qəti mövqeyi onu deməyə əsas verir ki,  seçkidə iştirak edənlərin özlərinin səmimiyyəti şübhə altına düşəcək. Bu adamların sabah Avropadan ədalət tələb etməyə də üzləri olmayacaq.

Bir sözlə, hökumət seçkini saxtalaşdıracağını, beynəlxalq aləm də bunu öncədən gördüyünü nümayiş etdirir. Belə olan halda heç kim sübuta ehtiyac duymur. Sabah üz tutulacaq ünvanlar bu gün seçkidən üz çevirib.

A.Akifoğlu