Deyirlər, sabah da Milli Məclis növbədənkənar iclas keçirib, Avropa Birliyinin (AB) dərsini verəcək. Heyf Avropa Birliyindən. 500 milyondan artıq azad, firavan avropalını birləşdirən bu qurum indi çox çətin sınaqdan keçir. Əgər bu sınaqdan çıxa bilməsə, gələcəkdə tarixçilər indi baş verənləri təqribən belə nəql edəcəklər:
“2015-ci il AB üçün əvvəldən çətin başlamışdı. Yunanıstandakı maliyyə böhranı, Ukraynada Rusiya işğalı və iqtisadi böhran, Yaxın Şərqdən qaçan milyonlarla mühacir axını birliyə ciddi problemlər yaradırdı. Amma AB də möhkəm dayanmışdı. 90 milyard dollara yaxın pul ayırıb Yunanıstanın, 40 milyard dollara qədər pul ayırıb Ukraynanın iqtisadiyyatını dağılmaqdan xilas etdilər. Rusiyanı Ukraynada atəşkəsə məcbur etdilər. Əsasən Suriya və Liviyadan olan 850 minə yaxın müsəlman qaçqını necə yerləşdirəcəklərini də planlamışdılar ki, şanssızlıqdan Azərbaycandakı rejimlə üz-üzə gəldilər. Bu dəfə problem daha ciddi idi. Bir tərəfdən rejim “əsgər”lərinin AB nümayəndəliyi qarşısında keçirdiyi aksiyalar, digər tərəfdən dünyada nüfuz sahibi olan “Yeni Azərbaycan”, “Səs” və bu qəbildən başqa mətbuat orqanları öz hücumları ilə AB-ni sarsıtmaqda idi. AB müqavimət göstərirdi, hücumları dəf edirdi, tam bu arada Azərbaycanın ağır çəkililərdən ibarət, dövlət başçısı tərəfindən şəxsən seçilib təyin edilmiş parlamenti də AB-yə qarşı mübarizəyə qoşuldu. AB üçün bu hücumları dəf etmək həm də ona görə çətin idi ki, hücum edən tərəf ən son model olan Rusiya bayraqları ilə silahlanmışdı. Ancaq AB hətta Milli Məclisin də hücumları qarşısında mərdliklə müqavimət göstərəcəkdi. Amma xəbər yayılanda ki, artıq Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev də məsələyə qoşulub və Avropa İttifaqını hədələyib, AB-də sonlarının çatdığını başa düşdülər. Anladılar ki, Azərbaycanın iqtisadi sanksiyalarından qaçıb qurtara bilməyəcəklər. Zamanında çox nəhəng qurumlardan biri olan Avropa Birliyinin də sonu belə gəldi…”




