Xədicə İsmayıl “The Washington Post”a nələr deyib? – «Onlar bilməlidirlər ki…»

xedice-ismayil2Araşdırmaçı jurnalist insan haqları və demokratiyanı enerji, təhlükəsizlik əməkdaşlığına qurban verən Qərb siyasətçilərini ittiham edib

ABŞ-ın nüfuzlu “The Washington Post” qəzeti dünyada xəbərləmə işinin insan həyatı bahasına başa gəlməsindən bəhs edən növbəti yazını dərc edib. “Azadlıq” radiosunun məlumatına görə, müəlliflər Dana Priest, Anita Komuves və Jourtney Mabeusun imzasıyla dərc olunmuş məqalədə deyilir ki, ABŞ hökuməti hər il xarici jurnalistlərin bacarıqlarının təkmilləşməsi üçün milyonlar xərcləyir, ancaq nadir hallarda bu səylər Azərbaycanda Xədicə Ismayılova kimi media superstarının meydana çıxması ilə nəticələnir.

2003-cü ildə Bakıda ABŞ-ın maliyyələşdirdiyi araşdırma seminarına qatılanda Ismayılovanın 27 yaşı vardı. 30 yaşında Vaşinqtonda ”Amerikanın Səsi” üçün işləməyə başladı və radio yayımı sahəsində təcrübə qazandı. Iki ildən sonra isə ölkəsinə təlimçi kimi qayıtdı. Az sonra “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri kimi, sonralar radioda proqram aparıcısı və araşdırmaçı jurnalist kimi çalışdı”.

Xədicənin üzə çıxardığı gizli sərvətlər

2010-cu ildən başlayaraq, Ismayılova telekommunikasiya, tikinti, qızılçıxarma, otel, media və hava xidməti sənayesində hökumətin gizli razılaşmalarını üzə çıxardı. Onun sensasiyalı araşdırmaları beynəlxalq mükafatlara, Dövlət Departamentinin, eləcə də qlobal anti-korrupsiya qruplarının təltiflərinə layiq görüldü. Ancaq dekabrda o, həbs olundu. Onun üzə çıxardığı gizli sərvətlər Azərbaycan prezidenti Ilham Əliyev və ailəsinə məxsus idi. O yazırdı ki, onlar vəzifələrindən yararlanaraq, dövlətin pulu hesabına varlanıblar”.

Xədicənin həbsi qisasçılıqdır”

Yazıda Xədicə Ismayılovaya qarşı irəli sürülən ittihamlardan, ona 7 il yarım həbs cəzası kəsilməsindən bəhs olunur. Qeyd olunur ki, “Azadlıq” radiosu isə jurnalistin həbsini məqalələrinə görə ondan qisas alınması ilə izah edir.

Bu hökm Xədicənin hökumətdəki korrupsiyanı aşkarlamasına görə açıq-aydın qisasçılıqdır və ölkədəki digər jurnalistlərə xəbərdarlıqdır”, – deyə xaricdə müstəqil medianı dəstəkləyən Yayım Idarəediciləri Şurasının (Broadcasting Board of Governors – BBG) sədri Ceff Shell bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti beynəlxalq ictimaiyyətə nümayiş etdirib ki, mətbuat azadlığını gözü götürmür, öz toxunulmazlığını dəstəkləyir, insan haqlarına hörmət qoymur.

ABŞ siyasətinin uğursuzluğu

The Washington Post” yazır ki, Xədicə Ismayılovanın ABŞ-ın sponsorluq etdiyi jurnalistika seminarlarından həbsxana kamerasına getdiyi yol əslində ABŞ siyasətinin bügünkü uğursuzluğunun göstəricisidir:

Bir tərəfdən ABŞ qurumları Ismayılova kimi araşdırmaçı jurnalistlərə təlim keçir, onları maliyyələşdirir. Konqres bu maliyyə ilində dünyada ”media və informasiya azadlığı proqramları”na 64 milyon dollar ayırıb. Digər tərəfdən mətbuat azadlığı və insan haqları ABŞ-ın xarici siyasətində hərbi, kəşfiyyat, neft və digər biznes maraqları ilə nisbətdə arxa plana keçir”.

McCain Institutunda insan haqları üzrə mütəxəssis David C.Kramer deyir ki,ÿAzərbaycanda olan digər maraqlar insan haqları problemlərini sıradan çıxarıb: “Xədicə və digər jurnalistlərin həbsinin qəbuledilməzliyini Azərbaycan hökumətinə aydın şəkildə başa salmaq üçün ABŞ hökuməti heç təzyiq göstərmir, sanksiyalar qoymur”.

Təkzib verən olmadı…

Martda “Azadlıq” radiosu və Beynəlxalq Yayım Bürosunun (IBB) iki rəsmisi Bakıya gedib, xarici işlər naziri, milli təhlükəsizlik müşaviri, prezidentin daha iki müşaviri, prokurorluq və vergi rəsmilərilə görüşüb.

Dedim ki, ”onun yazıqlarını təkzib edən konkret informasiyanız varsa, bizə verin”, – deyə IBB-nin direktoru müavini Ceffrey N.Trimble bildirib. Əlavə edib ki, ona heç nə verməyiblər, heç əməkdaşlığa meyl də göstərməyiblər.

Azərbaycanın ABŞ-dakı səfirliyi “The Washington Post”un suallarını cavablandırmaqdan imtina edib.

Prezidentin köməkçisi Əli Həsənov isə məhkəmə hökmündən sonra mediaya deyib ki, “Ismayılovaya jurnalist fəaliyyətinə dəxli olmayan konkret cinayət əməlləri törətdiyi üçün ittihamlar irəli sürülüb. Məhkəmə ittihamları tam sübut edib və adekvat qərar çıxarılıb. Bu səbəbdən, bəzi beynəlxalq təşkilatların, digər ölkə rəsmilərinin, insan haqları təşkilatlarının hökmü siyasiləşdirmək cəhdləri qəbuledilməzdir”.

Xədicənin “The Washington Post”a cavabı…

Məqalədə vurğulanır ki, Ismayılovanın həbsindən öncə rəsmilər onu dövlətin düşməni kimi təsvir edib. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Ismayılovanın “ictimaiyyətin tanınmış üzvlərinə destruktiv münasibət”indən yazırdı.

39 yaşlı Ismayılova hazırda saxlanıldığı Kürdəxanı təcridxanasından bu məqalə üçün sualları cavablandırıb:

Araşdırmaları ona görə dərc edirik ki, insanların bilmək hüququnu dəyərləndiririk. Insanların bilmək hüququ uğrunda mübarizə aparacağını, korrupsiyaya qurşanmış siyasətçilərin məsuliyyətə cəlb olunmasına çalışacağını gözləyirəm”.

Başağrısı…

The Washington Post” yazır ki, hökumət bütün televiziya telekanallarına yiyələnib, bütün qəzetlər də demək olar ki, prezidentə bağlanır.

Azərbaycan Birləşmiş Ştatların dostudur və radikal islama qarşı savaşda tərəfdaşıdır. Ancaq bu, onların torpağıdır, neftin Qərb istiqamətində axması vacibdir”, – deyə Nümayəndələr Palatasının üzvü, Konqresdəki Azərbaycan qrupunun həmsədri Stiv Cohen deyir. Ancaq Cohen əlavə edir ki, prezident Əliyev “insan haqları barədə danışsa da, bunu əməldə görmürük”.

Cohen bu yaxınlarda Əliyevə göndərilən məktubu imzalayanlar sırasındadır. Müəlliflər Əliyevi “Azadlıq” radiosunun bağlanması məsələsinə yenidən baxmağa çağırırdılar.

Xədicənin dostları onun haqqında…

Ismayılovanı tanıyan istənilən adamdan onu təsvir etməsini istəyəndə, əvvəlcə şaqqanaq çəkir.

O, Azərbaycanda ən cəsarətli adamdır!” – Bakı Dövlət Universitetinin professoru Altay Göyüşov belə söyləyib.

Məqalədə daha sonra Xədicənin intellektual ailədə böyüməsindən, türk və rus dillərini yaxşı bilməsindən, karyerasındakı uğurlardan bəhs olunur. Jurnalist Ələkbər Raufoğlu onu 1990-cı illərin ortalarından tanıyır:

Bəzən onu sevmirsən, çünki hər şeyi üzünə deyir; heç vaxt arxanca danışmaz”.

Elmarla Xədicənin fərqi

Ismayıovanın ABŞ jurnalistika texnikasına yiyələnməsi isə Azərbaycanda sülalə keçidi, Ilham Əliyevin atasını əvəzləməsilə eyni vaxta təsadüf edir. Müəlliflər Xədicənin Don Rey, Drew Sullivan, Paul Radu kimi jurnalistlərdən öyrəndiyini, onlarla birgə işlədiyini qeyd edirlər.

Ismayılova vaxtilə Don Reyə müsahibəsində deyib ki, 2005-ci ildə “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov öldürüləndə özünü günahkar sayıb: “Özümü idarə də bilmirdim, ağlamağımı dayandıra bilmirdim”.

Vaxtilə Hüseynovun Əliyevlər ailəsinə qarşı sənədsiz iddialar irəli sürdüyünü düşünən Xədicə, daha sonra anlayıb ki, o, təkbaşına hakimiyyətin izinə düşüb və düzgün yolda olub, ancaq bunu necə etməyin yollarını bilməyib.

2010-cu ildə “The Washington Post”un Azərbaycanın prezident ailəsinin Dubay mülkləri barədə yazması azərbaycanlı jurnalistlərə də bir təkan oldu.

Məqalədə daha sonra Xədicənin prezident ailəsinin biznesini aşkarlayan araşdırmalarından bəhs olunur. Jurnalistin özəl həyatına dair görüntülərin yayılması da onu yolundan çəkindirə bilməyib və araşdırmaları dərc etdirib.

Melia da Xədicəyə qayıtmamağı məsləhət görübmüş…

Ismayılovanın məqalələri ölkədə kiçik demokratiya etirazlarına səbəb olur, Əliyev hökumətinin istefasına çağırışlar səslənir. O da qırmızı xətti keçərək, bu etirazlara qoşulur. DrewÿSullivan çalışır ki, Ismayılova ancaq jurnalistika ilə məşğul olsun, ancaq…

O düşünürdü ki, hökumət o qədər pisdir və hüquqları pozur ki, o da tərəf tutmalıdır”, – deyə DrewÿSullivan bildirib.

Xədicəyə təzyiqlər artır və bir dəfə saxlanır da. ABŞ rəsmisi Tomas Melia xatırlayır ki, bir dəfə Xədicəyə vətənə qayıtmamağı, Vaşinqtonda qalıb aranın sakitləşməsini gözləməyi təklif edib. Xədicə isə imtina edib və Meliaya deyib ki, “məni tutsalar, danışın, etiraz edin”.

Dekabrın 5-də Xədicə həbs olunur.

Bilirdim ki, məni tutacaqlar. Mən qaçıb aradan çıxanlardan deyiləm”, – deyə Xədicə həbsxanadan bildirir.

2008-ci ildə Xədicəni Bakı bürosunun rəhbəri təyin etmiş Kənan Əliyev deyir: “O, elə bir qadındır ki, hökumət onu təhqir edir, ancaq o, savaşmaqdadır; o, zorlanır, ancaq yenə savaşır. O deyir ki, ”bundan qorxmamalıyıq”. O, hazırda Azərbaycanın simvoludur.

Ismayılovanın həbsi ABŞ-ın müstəqil mediaya dəstəyinin limitini göstərir. Redaksiya məqalələri ABŞ siyasətini əks etdirən “Amerikanın Səsi” yalnız hökm çıxarılan gün, sentyabrın 1-də ona redaksiya məqaləsi həsr edib”.

Top onlardadır”

ABŞ Dövlət Departamenti isə Ismayılovanı dəstəkləyən qısa bəyanatlarla kifayətlənib.

Həmkarları, ABŞ Konqresinin bəzi üzvləri Dövlət Departamentini jurnalistin buraxılması üçün çox çalışmadığına görə tənqid edir, münasibətlərdə neft və təhlükəsizliyin üstünlük təşkil etdiyini bildirir.

Dövlət Departamentinin insan haqları üzrə təmsilçisi Tom Malinovski isə qurumun addımlarını müdafiə edir: “Biz çox çalışdıq, onlar da münasibətlərə təsir edən formada əks reaksiya verdilər. Mühitin yaxşılaşdırılması üçün nə etməyin gərəkdiyini anlayırlar, indi top onların meydançasındadır”.

Amma Malinovski konkret misal çəkməkdən imtina edib.

Qərb siyasətçiləri bilməlidirlər ki…”

Ismayılovanın isə həbsxanadan bu barədə fikri belədir: “Insan haqları və demokratiyanı enerji və təhlükəsizlik əməkdaşlığına qurban verən Qərb siyasətçiləri bilməlidirlər ki, korrupsiya və mütəşəkkil cinayətkarlığın sərhədi yoxdur. Digər ölkələrdə bu xəstəliklərə dözməklə, onlar öz ölkələrini korrupsiyanın üzünə açırlar”.

***

Hakimiyyət ölkədə siyasi motivlərlə heç kəsin həbsə atılmadığını, fərdlərin konkret cinayətlərə görə cəzalandırıldığını bildirir. Rəsmi “Azərbaycan” qəzeti isə avqustun əvvəlində “The Washington Post”, “The Guardian” kimi nüfuzlu media orqanlarını ölkəyə qarşı kampaniyaçılıqda, Bakıyla Qərb arasında “atəşkəs”i pozmaqda ittiham edib.