“Eurovision»a Almaniyadan 2 dəfə çox xərcləyəcəyik

Ekspertlər bu məbləğin 100 milyonu aşacağını deyir

Hökumət gələn il Bakıda keçiriləcək “Eurovision-2012” yarışmasına ciddi hazırlıq işlərinin aparıldığını və bu tədbirin yüksək səviyyədə keçəcəyini deyir. Bəs bu müsabiqə ölkəmizə neçəyə başa gələcək?

47 milyonla Almaniyanı kölgədə qoyacağıq…

Azərbaycanda keçiriləcək müsabiqənin xərcləri barədə dəqiq rəqəm açıqlamaq hələ tezdir. Artıq məlumdur ki, müsabiqə Bakıda keçiriləcək. Bakıda yeni Idman-Konsert Kompleksinin tikilməsi ilə bağlı iyulun 7-də Ilham Əliyev sərəncam imzalayıb. Iyulun 11-də isə dövlət başçısı bu kompleksin tikintisini təmin etmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinə ilkin olaraq 6 milyon manat ayrılması haqqında sərəncam verib.
Rusiya KIV-nin hesablamalarına görə, Oslo “Eurovision”a təxminən 17 milyon avro, 2008-ci ildə Serbiya müsabiqənin təşkilinə 10 milyon avrodan az, 2007-ci ildə Finlandiya 14 milyon avro, 2006-cı ildə Yunanıstan 12 milyon avro, 2005-ci ildə Ukrayna 22 milyon avro xərcləyib. Berlin isə indiki ana rekord məbləğ – 47 milyon avro xərclədiyini açıqlayıb.
Yəqin razılaşmaq olar ki, Avropa bu müsabiqəyə kifayət qədər sakit yanaşır. Bəzilərinin fikrincə, müsabiqənin təmtəraqlı şəkildə keçirilməsi postsovet məkanının inkişaf etməkdə olan ölkələrinə lazımdır. Bu bir növ belə ölkələrə özünü yaxşı tərəfdən göstərmək üçün bir şansdır. Biz şahidi olmuşuq ki, özünü göstərmək istəyən yaxın qonşularımız müxtəlif təbliğatlara xeyli pul xərcləyib.
Şimal qonşularımızın məlumatına görə, müsabiqə Kremlə 35 milyon avroya başa gəlib. Ancaq gəlirlər xərclərdən xeyli az olub. Avropa Yayım Şurası Rusiyaya bu məbləğin cəmi 10 faizini ödəyib.
Qardaş ölkənin proqnozları, yaxud Azərbaycanda misli görünməmiş müsabiqə…
Yəqin bir çoxları Türkiyənin “Hürriyət” qəzetindəki Azərbaycanın “Eurovision-2011” xərcləri ilə bağlı məqaləni xatırlayır. Eldarla Nigarın şousuna, onların səhnə geyimlərinə və hazırlıqlara 2 mln. manat xərclənib. Bu, əvvəlki ildən 1 milyon manat azdır.
Hələ ötən il Azərbaycanın Səfurə Əlizadənin “Eurovision” hazırlığına 10 mln. manat xərclədiyi barədə məlumatlar yayılırdı. Ancaq sonradan bu rəqəmin şişirdildiyi məlum oldu.
Nigarla Eldarın qələbəsinin səhəri gün həm rəsmi, həm də qeyri-rəsmi şəxslər Avropa Yayım Şurasına vədlər verdilər ki, Azərbaycan misli görünməmiş müsabiqə keçirəcək. Əgər müsabiqənin keçiriləcəyi yerin məlum olduğunu nəzərə alsaq, xərclənən məbləğ ağlasığmaz dərəcədə çox olacaq. Tədbir “Kristall Palace”də keçiriləcək. Artıq tikinti ilə məşğul olan Avropanın nüfuzlu “Alpine” və Isveçrənin “Nussli AG” şirkətləri arasında razılaşma imzalanıb.
Bəs ekspertlər bu barədə nə deyir?

80 milyon gəlir…

Yenə rəqəmlərə qayıdaq. “Eurovision” müsabiqəsi zamanı Düsseldorfdakı hoteldə 4 gün qalmaq 800 avroya başa gəlib. Turistlərin xərci və eksklüziv yayımın hesabına Düsseldorf 140 mln avro gəlir götürdü. Azərbaycanda da turistlərin çox olacağı gözlənilir. Çünki Bakı Avropa tamaşaçısının marağına səbəb olub. Bunu sadə üsulla sübut etmək olar – Eldarla Nigarın qələbəsindən dərhal sonra google axtarış sistemində Bakı ilə maraqlananların sayı kəskin artmışdı.
Iqtisadi və Sosial Inkişaf mərkəzinin rəhbəri Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanda bu müsabiqənin keçirilməsi üçün heç bir iqtisadi xarakterli maneə yoxdur. Artıq ölkədə bir neçə yüksək səviyyəli idman yarışları təşkil edilib.
Ekspertin fikrincə, müsabiqəyə ciddi hazırlaşmaq lazımdır, üstəlik, onun iqtisadi və siyasi aspektləri var.
V.Bayramov Ukrayna modelinin tədbiqinin tərəfdarıdır. Bu ölkə qonaqların sayını maksimum artırmaq üçün müsabiqədən üç ay əvvəl və üç ay sonra ölkədə vizasız gediş-gəliş elan edib. Bundan əlavə, ekspert nağdsız ödənişləri sürətləndirmək üçün yanvarın 1-nə qədər bank kartları qəbul etməyən bütün xidmət sahəsi müəssisələrinə müvafiq avadanlıqlar quraşdırmaq üçün vaxt qoyulmasını təklif edib. Hətta uşağa da məlumdur ki, münasib qiymətlərlə kiçik kafe, restoranların açılması dövlət büdcəsinə əlavə gəlirlərin gəlməsinə gətirib çıxaracaq.
Iqtisadçı Ramiz Orucovun sözlərinə görə, “Eurovision-2012” Azərbaycanda turizmin inkişafına böyük təsir göstərəcək. Təxmini hesablamalara görə, turist axınından turizm sektorunun gəliri təxminən 80 mln. manat təşkil edəcək.
Ancaq uzun müddətli planda gəlir daha çox olacaq. Ona görə də Mədəniyyət və Turizm Nazirliyi bu müsabiqədən maksimum gəlir götürmək üçün tədbirlər görməlidir. “Düşünürəm ki, əgər müsabiqə üçün xüsusi arena tikilsə, onda o, tarixə düşəcək və hələ uzun müddət paytaxtın diqqəti cəlb edən məkanlarından birinə çevriləcək, müsabiqədən sonra da xeyli turisti özünə cəlb edəcək”.
Bir çox ekspertlər əmindir ki, Azərbaycan möhtəşəm  “Eurovision-2012” müsabiqəsindən xeyli gəlir götürə biləcək. Biz azərbaycanlılar puldan yaxşı baş çıxarırıq və onu demək olar ki, heç nədən düzəldə bilirik. Üstəlik, belə bir imkan olanda. Dövlət büdcəsini doldurmağa ancaq məmurların acgözlüyü mane ola, onlara görə ölkəmiz çətin duruma düşə bilər. Ona görə bu məmurların qızıl yumurtlayan toyuğu kəsəcəyi də istisna deyil”.