Bir il ərzində onu tamam sıradan çıxarıb məhv edəcəklər
Neva üzərində şəhərdə «Sankt-Peterburqun Azərbaycan icması» ictimai təşkilatı yaradılmışdır Bakı, 24 sentyabr (AzərTAc).
Maraqlıdır ki, bu xəbər yalnız AzərTac tərəfindən yayıldı, amma mabədi olmadı. Görünür, hökumət bu xəbəri, sadəcə olaraq, sıradan bir olay kimi təqdim edərək onun ətrafında ajiotaj yaratmamaqda maraqlıdır. Amma bu balaca xəbər və Peterburqda diaspor təşkilatının yaradılması çox qalmaqallı bir hadisə ilə bağlıdır.
Bu il Novruz bayramı ərəfəsində Peterburqdakı Azərbaycan konsulu Qüdsi Osmanovla biznesmen Vaqif Məmişov arasında ciddi konfliktin olduğu üzə çıxmışdı. Bu münaqişə bütün detalları ilə birlikdə Azərbaycan mətbuatında işıqlandırıldığından onun təfərrüatlarını təkrar etmirik. Sadəcə xatırladırıq ki, Vaqif Məmişov Peterburqda ən nüfuzlu bir iş adamıdır və yerli hökumətlə çox sıx münasibətləri var. O, Peterburqda Azərbaycan Milli Mədəni Muxtariyyəti diaspor təşkilatının rəhbəridir. Onun Qüdsi Osmanovla münaqişəsi başlayanda çoxları belə hesab edirdi ki, Azərbaycan hakimiyyəti Osmanovu vəzifəsindən uzaqlaşdıracaq. Həmin ərəfədə Vaqif Məmişov Ilham Əliyevə rəsmi müraciət göndərərək konsul Qüdsi Osmanovun bir sıra yaramaz əməllərlə, o cümlədən, Rusiyadakı Azərbaycanlı sahibkarları MTN adı ilə qorxudaraq onlardan pul yığmaqla məşğul olduğunu bildirmişdi.
Amma maraqlıdır ki, Azərbaycan hökuməti biznesmeni yox, konsulu müdafiə etdi və həmin ərəfədə Bakıda təşkil edilən Dünya Azərbaycanlıları Qurultayına Vaqif Məmişov dəvət edilmədi; Ilham Əliyev isə öz çıxışında bu münaqişəyə dolayısı ilə toxunaraq diaspor nümayəndələrini Azərbaycanın səfirlikləri və konsulluqları ilə işləməyə çağırdı.
Bir şəhərdə ikinci diaspor təşkilatı nə üçün yaradıldı?
AzərTAc xəbər verir: “Peterburqda Azərbaycan icması təşkilatının yaradılması haqqında qərar Azərbaycanlıların regional milli-mədəni muxtariyyətinin sentyabrın 24-də şimal paytaxtında keçirilmiş təsis konfransında qəbul olunmuşdur.
Konfransın işində Azərbaycan mənşəli alimlər, ictimai xadimlər, biznesmenlər, etnik ruslar, Peterburq Administrasiyasının xarici əlaqələr komitəsinin üzvləri, Azərbaycan Respublikasının rəsmi strukturlarının – MDB ölkələrinin diaspor təşkilatları ilə iş idarəsinin, birliyin Parlamentlərarası Assambleyasında Azərbaycan parlamentinin, Azərbaycanın Moskvadakı səfirliyinin və Sankt-Peterburqdakı baş konsulluğunun nümayəndələri iştirak etmişlər.
Nümayəndələr yeni təşkilatın şurasının üzvlərini seçmiş və nizamnaməsini təsdiq etmişlər. Təşkilatın sədri görkəmli alim, ictimai xadim akademik Heydər Imanov seçilmişdir.
Konfransın yekun materiallarından aydın olduğu kimi, Sankt-Peterburqun Azərbaycan icmasının məqsədi Rusiya Federasiyasının və Azərbaycan Respublikasının xalqları arasında dostluğu möhkəmləndirmək üçün hər iki ölkənin özünü azərbaycanlı hesab edən vətəndaşlarını könüllü surətdə birləşdirməkdir. Təşkilatın fəalları dövlət əlaqələrinin, siyasi, iqtisadi və mədəni əlaqələrin hər vasitə ilə inkişafına, gənc azərbaycanlıların Rusiya cəmiyyətinə inteqrasiyasına kömək göstərəcək, Sankt-Peterburqun həyatının bütün sahələrində, o cümlədən Dövlət Dumasına qarşıdakı seçkilərdə iştirak edəcəklər”.
Vaqif Məmişovun məhv edilməsi üçün təsis yığıncağı
Bu ifadə xüsusilə maraqlıdır: “Azərbaycanlıların regional Milli Mədəni Muxtariyyətinin… təsis konfransında”. Bu muxtariyyət uzun illərdir ki, orada fəaliyyət göstərir. Deməli, Azərbaycan hökuməti Vaqif Məmişovun təkcə təşkilatını əlindən almaqla kifayətlənmir, hətta onun “tarixinin” də üstündən xətt çəkir.
Bu yaxınlarda “Azadlıq”da belə bir xəbər getmişdi ki, bu günlərdə Vaqif Məmişov qohumlarını görmək üçün Bakıya gəlmək istəyib, amma onun həyatına və təhlükəsizliyinə təminat verilməyib. Yəni, faktiki olaraq, onu Azərbaycana buraxmayıblar və Vaqif Məmişov şəxsi təyyarəsi ilə Tbilisi aeroportuna enməyə məcbur olub. O zaman Məmişova yaxın bəzi çevrələr Azərbaycan mətbuatında bu xəbəri təkzib etməyə çalışmış, onun Gəncəyə, oradan da Bakıya gəlməsi ilə bağlı xəbər yaymışdılar. Amma biz dəqiq bilirdik ki, Məmişov Azərbaycana buraxılmayıb və bu, tamamilə təbiidir. Azərbaycan hökuməti müstəqil mövqeyi və özünün prinsipləri olan hər kəsi cəzalandırmaq üçün bir aparatdır, mükafatlandırmaq üçün deyil. Məmişov isə onlarla Azərbaycanlı biznesmen kimi sadəlövhcəsinə hələ də belə düşünə bilər ki, həqiqətləri prezidentə çatdırmağa nail olsa, o, müqəssir tərəfi cəzalandıracaq.
Növbəti mərhələdə Vaqif Məmişovun bir biznesmen və sosial vahid kimi sıradan çıxarılması planları gəlir. Əgər cənab Məmişov bu mərhələdə də “çar baba”nın lütfünə bel bağlasa bircə il ərzində onun faciəvi sonluğunun şahidi olacağıq. Bu plan isə hökmən işə düşəcək. Çünki Azərbaycan hökuməti onun diaspor təşkilatının dublikatını ona görə yaratmayıb ki, Məmişov özünün bütün əzəməti ilə həmin təşkilatı zərərsizləşdirməyə və sıradan çıxarmağa nail olsun.
Alternativ icmanın lideri kimdir?
Azərbaycan hökumətinin Peterburqda yaratdığı alternativ icma təşkilatının rəhbəri kimi təqdim edilən Heydər Imanov da oradakı iş adamlarından biridir.
Onun orada hansısa bir Institutu var və bu Institutda verilən (?) təhsilin səviyyəsi barədə məlumatlar heç kimə bəlli deyil. Institunun tələbə heyətinin əsas kütləsi azərbaycanlılardan ibarətdir və onlara verilən diplomun da nəyə yaradığı barədə heç bir məlumatımız yoxdur.
Qeyd edək ki, Heydər Imanov 1944-cü ildə Qubadlı rayonunda anadan olub. 1953-cü ildə Bakıya köçüb. 1963-cü ildə Bakı Texnoloji Texnikumunu bitirəndən sonra təhsilini davam etdirmək üçün Sankt-Peterburqa gedib. 1986-cı ildən 1992-ci ilə qədər Azərbaycanda yaşayıb. Bu dövrlər ərzində Gəncə Çini Qablar Zavodunda baş direktor vəzifəsində çalışıb. 10 il müdafiə sənayesi sahəsində işləyib. Texnika elmləri doktorudur. 2004-cü ildən Sankt-Peterburq Smolnı Universitetində fəaliyyətə başlayan akademik Heydər Imanov hal-hazırda həmin universitetin rektorudur.
H. Imanov bu təsis yığıncağında yeni təşkilatın Peterburqdakı bütün azərbaycanlıları birləşdirəcəyini qeyd edib. Hərçənd, bu bəyanat çox şübhəli səslənir, çünki bu təşkilatın çox ciddi parçalanma nəticəsində ortalığa çıxdığı, tərəflərdən birinin o birini tamamilə sıradan çıxarmaq iddiasında olduqlarını hamı bilir.
(Bu məsələ ilə bağlı bəzi təfərrüatlara bir daha aydınlıq gətirəcəyik).
Azad Akifoğlu


