Xaricdə təhsil alan tələbələr üçün dövlət büdcəsindən ayrılan pul onlara çatmayıb
Son vaxtlar Azərbaycanın Təhsil Nazirliyi ilə bağlı mətbuatda qalmaqallı xəbərlər yayılır. Nazirliklə bağlı ortaya daha bir maraqlı məsələ çıxıb. “Qafqazinfo” xəbər verir ki, Azərbaycandan xaricdə dövlət hesabına təhsil alan tələbələr üçün büdcədən ayrılmış vəsait bu günə qədər onlara çatdırılmayıb. Baxmayaraq ki, bu vəsait təhsil ilinin başlanğıcında həmin tələbələrə ödənməli idi. “Qafqazinfo”ya xəbər verən valideynlərdən biri deyib ki, onun övladı uzaq ölkələrin birində təhsil alır. (Həmin şəxs övladına problem yaradılacağından ehtiyat edərək özünün, övladının və təhsil aldığı ölkənin adının yazılmamasını xahiş edib). “Bir ay bundan əvvəl Təhsil nazirliyindən bizə dedilər ki, uşaqları göndərin, pulu ödəyəcəyik. Mən imkansız ailəyəm. Uşaq 700 balla xarici ölkənin ali məktəbində təhsil almaq imkanı qazandı və dövlət hesabına xaricə göndərilib. Bir aydan artıqdır ki, onun yaşamaq xərci, yataqxana pulu öz tərəfimizdən ödənilir. İndi uşaq zəng edib ki, yataqxana rəhbərliyi mənə xəbərdarlıq etdi ki, növbəti ayın ödəniş vaxtı gecikir. Əks halda yataqxanadan çıxarılacaq. Bundan başqa onun yaşaması üçün də pul lazımdır. Borc-xərc edib 600 manat toplamışam və bu gün o pulu uşağa göndərəcəyəm. Amma belə davam edə bilməz axı”. O, dövlət tərəfindən hər ay tələbə üçün təhsil haqqından əlavə 1400 ABŞ dolları ödənməli olduğunu bildirib.
Valideynin sözlərinə görə Təhsil Nazirliyindən ona deyiblər ki, bütün xarici ölkələrdə təhsil alan tələbələrin pullarının ödənilməsində problem yaranıb. Nazirlik valideyni arxayın edib ki, problem tezliklə həll olunacaq: “Mən də inanıram ki, həll olunacaq. Amma axı indiki halda mən uşaq üçün pul göndərə bilmirəm. O uzaq ölkədədir, ac-susuz qala bilər. Ola bilər ki, başqa valideynlərin imkanı var, pul göndərir. Amma mən təqaüdüyəm, buna imkanım yoxdur”.
***
Vergilər Nazirliyi də Misir Mərdanova qarşı
Uşaq bağçalarına ərzaq satdığı iddia olunan şirkət, əslində, yanacaqdoldurma məntəqəsi kimi fəaliyyət göstərirmiş
Təhsil Nazirliyinin daha bir qalmaqallı tenderi! Bu dəfə iddia sahibi hansısa qeyri-hökumət təşkilatı, jurnalist, ya da tenderdə əliboş qalan iddialı şirkət sahibi deyil. Təhsil Nazirliyinin bir milyon dollara yaxın tenderi, əslində, mövcud olmayan bir şirkətə verdiyini söyləyən Vergilər Nazirliyidir.
Vergilər Nazirliyi Bakı şəhəri üzrə Təhsil Idarəsinin paytaxtda uşaq bağçalarına ərzaq alınmasına dair tenderlərini araşdırıb. Nazirlik təcili tədbirlər görülməsi üçün apardığı yoxlamanın nəticələrini başqa dövlət orqanlarına da göndərib.
Sənədə görə, Bakı şəhəri üzrə Təhsil Idarəsi 2011-ci ildə uşaq bağçalarına ərzaq alınması üçün ilin əvvəlində 8 169 044 manatlıq tender elan edib. (Bakıda 11 rayon üzrə uşaq bağçalarında 36 min uşaq qeydiyyata düşüb. Beləliklə, dövlət bir uşağın bağçada il ərzində yeməyinə təxminən 227 manat verir – red.)
Həmin tenderdə aşağıdakı şirkətlər qalib gəliblər:
“Arko” MMC: udduğu tenderin məbləği – 3.626 milyon manat;
“Aqro-Inpeks” MMC: udduğu tenderin məbləği – 1.621 milyon manat;
“Nar-M” MMC: udduğu tenderin məbləği – 1.378 milyon manat;
“Arzu” firması: udduğu tenderin məbləği – 722 800 manat.
Amma bu tenderi araşdıran Vergilər Nazirliyi əsl müəmmalarla üz-üzə qalıb. Nazirliyin tərtib etdiyi yekun məlumatda qeyd edilir: “Araşdırma zamanı məlum olub ki, bu şirkətlərin nə məhsul istehsalı üçün torpaq sahələri, nə işçiləri, nə nəqliyyat vasitələri, nə məhsul saxlayası anbarları, nə də heç olmasa, bu işləri onun əvəzinə görəsi subpodrat müqavilələri var. Hətta, ”Arzu” firmasının yanacaqdoldurma məntəqəsi kimi fəaliyyət göstərdiyi ortaya çıxıb. “Aqro-Inpeks” MMC-nin isə cəmi iki işçisi qeydiyyatda olub”.
Bağçalar və internat məktəblərinə ərzaq alınması üçün keçirilən tenderlərdə qaranlıq məqamlar haqqında isə hələlik rəsmilər jurnalistlərə açıq şəkildə bir söz demirlər. Amma elə həmin tenderdə qalib gəlməyə iddialı şirkətlərdən birinin sahibi – “Kapital-Inşaat” MMC-nin direktoru Ifadə Cəfərzadə hələ bu ilin əvvəlindən ölkə başçısı Ilham Əliyevə və onun xanımı Mehriban Əliyevaya açıq məktub da göndərib. Özü də vaxtilə Təhsil Nazirliyinin tenderlərində qalib olmuş Ifadə Cəfərzadə “Bizim Yol” qəzetində çap olunan müsahibəsində bütün gizli əməllərdən xəbərdar olduğunu iddia edərək bəzi maraqlı əməliyyatlar haqqında da danışıb: “Ərzaq vermirdim, boş faktura yazırdım. Filan faizi bağçaya, filan faizi də yuxarılara verirdim. Ömür boyu 1 aylıq ərzaq verilən bazanı heç kim işlətməz ki, malın hamısını bağçaya versin. 200 kq. kartofdursa, 40-60 kq. verilir. 500 litr süddürsə, 50-60 litr verilir. Qalanı da yazılıb, silinir. Bəs, yazıq bağça müdirləri neyləsin? Uşaqlar bağçaya evdən yemək aparırlar.
Tender bazardır. Rəsmən bazar! Hansı ərzaqdan, hansı maldan söhbət gedir? Orada yazırsan kiloqramı 8 manatlıq ət, ancaq hərbçilərə verilən ətdən verirsən. Hansı ərzaqdan danışırlar? Bağçadan ərzaq əvəzinə pul götürən bütün bağça müdirlərinə qol çəkdirmişəm. Məndə bu sənədlər var. Uşağın ərzağının pulunu ayı ilə, imzası ilə göstərərəm. Bağçaları müfəttişlər yoxlayanda görmürdülər ki, ərzaq yoxdur? Hər baza müdiri 85 min manat verib tenderə girir. Bunu haradan çıxardacaq?”.
Bakı şəhəri üzrə Təhsil Idarəsinin müdir müavini Müslüm Qəzənfərov isə özünün və təmsil etdiyi qurumun ünvanına səslənən bütün iddiaları əsassız adlandırır. O, hətta məhkəmə qarşısında bu iddiaların heç nəyə əsaslanmadığını sübut etməyə hazır olduqlarını bildirir.
“Azadlıq” radiosu