Avropanın Azərbaycandan istədikləri nədir?

qanimatzahid-yeni

«Azərbaycan Saatı»nın verdiyi xəbər çin çıxdı

Qənimət Zahid

Deyəsən, tam 9 ay keçdi. Bu ilin yanvar ayının 11-də “Azərbaycan Saatı”nda ərz etmişdim ki, Avropa Birliyi və ABŞ Azərbaycan hökumətinə və konkret olaraq müəyyən edilən siyahı üzrə sanksiyalar tətbiq etməyə hazırlaşır. O zaman mən TV proqramında müzakirə üçün hazırlanmış siyahını da təqdim etdim.

Açığını deyim ki, o zaman bu siyahı və gözlənilən sanksiyalar ətrafında diqqətimi çəkən bir məqam gözləmədiyim adamlardan gözlənilməz reaksiyalar idi. Ümumən, ictimai fikir bundan ibarət idi ki, sanksiyalar tətbiq edilə bilər və Azərbaycan hökuməti bunu haqq edir. Ictimai rəy, haqlı olaraq, belə hesab edirdi və indi də hesab etməkdədir ki, Azərbaycanda dövlətin bütün strukturlarını dağıdan bir dəstənin törətdiyi özbaşınalıqlar sivil dünyanın diqqətini cəlb etməli və məsələn, Avropalılar öz ölkəsində bu qədər dibsizliyi yarada bilmiş bir hökumətin nümayəndələrini öz aralarında görmək istəməməlidirlər.

“Aktivləşdirilmiş ictimai elementlər”

Amma istisnalar vardı və bunlar da… ictimai sektordan idi. O zaman xüsusi olaraq aktivləşdirilmiş… bəzi ictimai fəallar belə hesab edirdilər ki, ya mən bu informasiyanı havadan götürmüşəm; ya da bu xəbər onları, nəyə görəsə, məsələn, hətta Əli Həsənovdan da artıq narahat edirdi.

Xüsusilə fəallardan biri isə mənə ayrıca məktub göndərərək bildirmişdi ki, mən bu xəbəri səsləndirməklə ehtiyasızlıq etmişəm və hansısa böyük bir prosesin qarşısını almışam (Belələrindən birinə o vaxt ironikÿcavab da yazmışdım ki, “Bəyəm sanksiyalar Qırat-zaddır ki, 39-cu gün üstünə işıq düşən kimi qanadları əriyəydi”).ÿQısa müddət sonra mən hansı “prosesin” qarşısını aldığımı da öyrəndim. Azərbaycandakı “ictimai fəalların” əhəmiyyətli sayda elementləri xarici səfərlərinə maddi və sair dəstək almaq üçün hökumətdən zərfin içində paralar alır və Avropadan gözlənilən bu cür xəbərləri inkar edirdilər. Onlar öz aləmlərində hökumətə yalan məlumat verib ezamiyə xərclərini almaqda davam edirdilər. Amma “öz aləmlərində”, çünki hökumətin içindəkilər gözlənilən sanksiya təhlükəsinin nə qədər real olduğunu yaxşı bilirdilər.

“Rusiya və Iran blefi”

Buna görə də, bu sanksiya təhlükəsinin qarşısını ala bilməyən, bu zamana qədər Avropaya yalançı inteqrasiya planları barədə danışan hökumət başçıları artıq, aşkar və ciddi şəkildə Rusiyaya doğru dreyf etməyə başlamışdılar. Əslində, Əliyevlərin hakimiyyəti həmişə Rusiya meylli olub, amma xeyli müddət ərzində Avropada Rusiya və Iran təhlükəsi haqqında boş-boş danışıb bir ayaqlarını da Qərbdə möhkəmləndirmək istəyirdilər. Çünki Qərb onlara demokratiya üçün deyil, öz çirkli pullarının etibarlı saxlanc yeri kimi lazım olub həmişə. Azərbaycan mafiozları Rusiyada böyük biznes qurmaq istəməyiblər, çünki Rusiyaya yerləşdirilən kapitalın perspektivləri yoxdur. Təkcə ona görə yox ki, Putin istənilən zaman buna əl qoya bilər, həm də ona görə ki, Rusiyada sabit iqtisadiyyat yoxdur.

“Insanlara insan kimi davranmaq tələbi”

Indi Avropa Parlamenti dəfələrlə edilən xəbərdarlıqdan sonra ən sərt qətnamələrindən birini qəbul etdi. Qərbin dediyi sadə bir həqiqətdir: əgər siz Qərb dəyərlərinə inteqrasiya haqqında danışırsınızsa, o zaman şəffaf cəmiyyət qurmaqda maraqlı olmalısınız, insanları siyasi motivlə həbs etməkdən çəkinməlisiniz, jurnalistləri şərləyib tutmamalısınız, şəffaf iqtisadiyyat qurmalısınız və azad seçkilər keçirməlisiniz. Əliyev xanədanı isə hakimiyyətə sahibləndiyi zamanlardan indiyə qədər yalançı hesabatlar verməklə özünün imzaladığı bütün bu şərtləri pozmaqla məşğul olub.

Xatırlatma: Avropa məcbur etmir, Azərbaycan hökumətinin özünün imzaladığı şərtlərə hörmətlə yanaşmaq tələb edir. Əgər imzalamısansa, əməl et. Şimali Koreyalı diktator heç bir beynəlxalq akta-pakta qol çəkməyib və buna görə özü üçün balaca sarı dünya qurub təcrid edilmiş durumda yaşayır. Amma Ilham Əliyev bunu istəmir. O, həm Avropada mötəbər şəkildə qarşılanmaq, həm də Avropa dəyərlərini tapdalamaq istəyir. Çünki neft və kürü vardı. Qaz da vardı.

Avropanın kiçik şərtləri

Indi isə yol dalana dirənib. Mən Avropa Şurasının, Avropa Birliyinin, BMT-nin, ABŞ Dövlət Departamentinin, eləcə də bütün nüfuzlu beynəlxalq təşkilatların Azərbaycan hökumətinin aqressiv daxili siyasəti ilə bağlı xatırlama bəyanatlarını və hesabatlarını bir-bir yada salmaq fikrində deyiləm; bunların hamısını internetdən tapıb oxumaq olar. Bütün bu bəyanatlar günün birində keyfiyyətcə yeni mərhələni başlayan bu cür sərt bir qərarla yekunlaşmalı idi. Avropa Parlamenti də həmin qərarı verdi.

Bu qətnamədə söhbət bir neçə mühüm məsələdən gedir: siyasi dustaqlar azad edilməlidir;ÿsöz azadlığına hörmət bərpa edilməlidir; azad seçkilər üçün siyasi şərait təmin edilməlidir; korrupsiya cilovlanmalıdır.

Gördüyünüz kimi, o qədər də geniş tələblər siyahısı yoxdur. Amma divin canı şüşədə olduğu kimi, Ilham Əliyev hökumətinin canı da, məhz bu deyilən şərtlərin təmin olunmadığı və zorakılıq üzərində bərqərar olan bir cəmiyyətdədir.

Qəbul edilən qətnamədə bu şərtlərin təmin olunmadığı halda Avropa Birliyinin atacağı ilk addımlar da müəyyən edilib. Bunlar da, hələlik, geniş bir siyahı deyil. Ən başlıcası isə iki mühüm hadisə planlaşdırılır.

1.Avropa Parlamenti Avropa Ittifaqı Şurasını Azərbaycanda insan haqlarının pozulmasına görəÿməsuliyyət daşıyan şəxslərəÿqarşı ünvanlı sanksiyaların mümkünlüyü məsələsinəÿbaxmağa çağırır.

2.Ilham Əliyevin ittiham edildiyi korrupsiya hallarının araşdırılması.

Bundan başqa məsələlər də nəzərdə tutulur ki, onlar cari qayğılar sırasına daxil edilə bilər.

Təsəvvür edirsinizmi ki, Azərbaycan prezidentinin və hökumətin digər üzvlərinin bulaşdığı korrupsiya əməliyyatlarının Avropa Birliyi səviyyəsində araşdırılması Azərbaycanın imici, siyasi perspektivləri və diplomatik nüfuzu üçün nə deməkdir?! Bu, bir hökumət üçün əsl rəzalət deməkdir!

Bu cür hökumətlərlə də danışmağın başqa yolu yoxdur. Belələrini əvvəlcə hissə-hissə, sonra isə tam tərkibdə mədəni dünyadan təcrid edirlər.

Azərbaycan hökumətinə düşünmək qadağan edilib

Əlbəttə, kimsə deyə bilməz, indi Azərbaycan hökuməti bu qətnamə haqqında nə düşünür. Məncə, hökumət bu barədə heç düşünmür də. Onların hamısı birinci şəxsin reaksiyasını və nə düşündüyü bilmək istəyir. Çünki Azərbaycan hökumətinin bu cür məsələlər ətrafında düşünməsinin yasaqlanmadığını təsəvvür edə bilmirəm. Bunlar siyasi söhbətlərdir. Ilham Əliyev isə hələ hakimiyyətə gəldiyi ilk zamanlarda hökumət üzvlərinə siyasətlə məşğul olmağı qadağan edib. Açıq tekstlə deyib ki, siyasətlə məşğul olmaq istəyənlər çıxıb getsinlər!

Ona görə də, hökumətdə təmsil olunan heç kim siyasətlə məşğul olmur.

Cəngəlliyə doğru və ya 5-ci kolonun sirləri

“Cənab Əliyev illər boyu Avropanı şantaj etdiyi Rusiyanın ağuşuna atılacaqmı” sualını gündəmə gətirmək istəyənlər də səhv edəcəklər. Ilham Əliyev hər zaman Rusiyanın yanında olub.ÿOnun siyasətini açıq, qapalı, üstüörtülü dəstəkləyənlərin də hamısı Rusiyanın yanında olub. Və maraqlıdır ki, bütün bu güruh bütün dünyanı və Avropanı aldatmaq istəkləri kimi, yerli ictimai rəyi də aldatmağa cəhd ediblər ki, guya Ilham Əliyevin avtoritarizminə qarşı çıxanlar Rusiyaya işləyir, beşinci və ya nə bilim neçənci kolonu təmsil edirlər. Əslində isə, Azərbaycanda hakimiyyət tamamilə və bütünlüklə beşinci kolonun əlində, kontrolundadır. Rusiyanın yetişdirdiyi və nəzarətə götürdüyü beşinci kolonun.