İqtidar sanksiyalar barədə qətnaməyə görə anti-Avropa kampaniyasına başladı
Avropa Parlamentinin Azərbaycan hökumətinin əleyhinə qəbul etdiyi qətnamə iqtidar düşərgəsində zəlzələ effekti yaradıb. Məlumat üçün deyək ki, bu qətnamə indiyə qədər qəbul edilmiş oxşar sənədlərdən xeyli sərtliyi ilə fərqlənir. Qətnamədə Azərbaycandakı repressiyalarda əli olan şəxslərə qarşı sanksiyaların tətbiqi üçün Avropa Komissiyasına çağırış öz əksini tapıb.
“Avropa Parlamenti Avropa Komisiyasını və üzv ölkələri Azərbaycanda davam edən təqiblərə güclü və birgə cavab verməyə, habelə siyasi təqiblərdə əli olan hakimlər, rəsmilər və siyasətçilərə qarşı sanksiya və viza qadağası məsələsinə baxmağa çağırır”, – deyə sənəddə bildirilir.
Qətnamədə həmçinin Avropa Ittifaqının rəhbərliyi jurnalist Xədicə Ismayılın araşdırmalarında prezident Ilham Əliyev və ailə üzvlərinə qarşı korrupsiya ittihamlarıyla bağlı hərtərəfli araşdırma aparmağa çağırılıb.
Qətnamədə Azərbaycan hakimiyyəti bütün siyasi məhbusları, insan haqları fəallarını, jurnalistlər və vətəndaş cəmiyyəti təmsilçilərini, o cümlədən Xədicə Ismayılova, Leyla və Arif Yunuslar, Anar Məmmədli, Rəsul Cəfərov, Intiqam Əliyev, Rauf Mirqədirov, Ömər Məmmədov, Tofiq Yaqublu, Nicat Əliyev, Araz Quliyev, Pərviz Həşimli, Seymur Həzi, Hilal Məmmədov, Taleh Xasməmmədov, Ilqar Məmmədovu dərhal həbsdən azad etməyə, onlara qarşı ittihamlara xitam verməyə çağırılır.
Sənədin qəbulu Avropa Parlamentində Liberal-Demokratlardan ibarət fraksiyanın (ALDE qrupun) təşəbbüsü olub. Qətnamə layihəsini də bu fraksiyanın üzvləri hazırlayıb. Lakin layihə Avropa Parlamentində müzakirəyə çıxarılmamışdan bir gün əvvəl digər fraksiyalar da onu dəstəklədiyini bəyan edib. Beləliklə, qətnamə layihəsi Avropa Parlamentinin müzakirəsinə digər fraksiyaların da dəstəklədiyi sənəd kimi təqdim olunub. Yəni sənədi Avropa Parlamentindəki bütün siyasi partiyalar dəstəkləyib.
Azərbaycan hakimiyyətinin qətnaməyə reaksiyası isterik həddə olub. Iqtidar düşərgəsi səfərbər olaraq qətnamənin qərəzli, anti-Azərbaycan mahiyyət daşıdığını ictimai rəyə sırımaq istəyirlər.
Əli Həsənov həmişəki ampluasında
Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “AZƏRTAC”a bildirib ki, şübhəli mənbələrdən daxil olan informasiyalar əsasında hazırlanmış subyektiv mülahizələr heç bir halda ciddi qəbul oluna bilməz: “Hər bir demokratik ölkədə olduğu kimi, Azərbaycanda da hökumətin əsas tələbi ondan ibarətdir ki, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində mövcud azadlıqlardan sui-istifadə hallarına yol verilməsin, bu sahədə şəffaflıq və qanunların aliliyi təmin olunsun. Nə Azərbaycan qanunlarında, nə də beynəlxalq qanunvericilikdə konkret cinayət əməli törətmiş hər hansı peşə sahibi ilə bağlı xüsusi imtiyaz nəzərdə tutulmamışdır. Azərbaycanda məhkəmələr qərar çıxararkən ayrı-ayrı siyasi dairələrin, fərdlərin iddialarını, arzu və istəklərini deyil, qanunun tələblərini əsas götürürlər. Azərbaycanda konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmuş şəxslərin bütün hüquqları təmin olunur və qanunla qadağan olunmayan ehtiyacları tam ödənilir. Azərbaycan Avropa Insan Haqları Məhkəməsinin yurisdiksiyasına daxildir və yerli məhkəmələrin qərarlarından həmin instansiyaya şikayət verilə bilər. Buna görə də konkret cinayət əməlləri törətdiyi açıq məhkəmədə faktlar və şahid ifadələri əsasında sübut olunmuş bəzi şəxslərin işini qərəzli şəkildə siyasiləşdirən Avropa Parlamenti bununla hüququn aliliyinə hörmətsizlik nümayiş etdirir”.
Əli Hüseynov hədə-qorxu gəlir
“Avropa Parlamentinin dünənki qətnaməsi hələ ilk Avropa Oyunları ərəfəsində Qərbin Azərbaycana qarşı apardığı qərəzli siyasətin davamıdır və biz bunu öncədən proqnozlaşdırmışdıq. Sadəcə, budəfəki qətnamə Azərbaycan dövləti və Azərbaycan hakimiyyəti haqqında daha qərəzli, bəzən isə təhqiramiz ifadələrlə müşayiət olunur. Onlar əmin ola bilərlər ki, həm milli səviyyədə, həm də Avropadakı tədbirlərdə onların adekvat cavabı veriləcək”.
Bunu isə APA-ya açıqlamasında Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib. Ə.Hüseynli iddia edib ki, qətnamədə guya siyasi təqiblərdə əli olan rəsmilərə, siyasətçilərə qarşı sanksiya və viza qadağası məsələsinə baxmaq çağırışı gülüncdür: “Azərbaycan rəsmilərinə kənardan heç kim heç nəyi qadağan edə bilməz. Əgər hər hansı bir Avropa Ittifaqı ölkəsi və onların nümayəndəsi belə bir ağılsız fikrə düşərsə, onda biz o ölkələrlə ikitərəfli münasibətlərimizə yenidən baxmalı olacağıq. Bu addımlardan biz yox, onlar əziyyət çəkərlər. Amma o avropalı deputatlar ki, işğal olunmuş Azərbaycan ərazisinə qanunsuz səfərlər ediblər və dünənki qətnamədə də Azərbaycan əleyhinə səs veriblər, onların Azərbaycana yolu birdəfəlik bağlıdır. Görün vəziyyət nə yerə çatıb ki, özləri siyasi korrupsiyaya bulaşmış avropalı deputatlar Azərbaycan hakimiyyətini korrupsiyada ittiham edib, araşdırmalar aparılmasına çağırırlar. Əgər bizim hüquq-mühafizə orqanları Qərb təşkilatlarından, o cümlədən Avropa Birliyindən qrantlar almış və qətnamədə adı çəkilən ”hüquq müdafiəçiləri” ilə bağlı araşdırmaları bir qədər də dərinləşdirsəydilər, bu cinayət əməllərinin bir tərəfi elə həmin avropalı rəsmilərə gedib çatardı. Həmin avropalı rəsmilər və deputatlar erməni lobbisi ilə əlbir olaraq siyasi korrupsiyaya qurşanıb və məqsədləri müstəqil siyasət yürüdən Azərbaycana zərbələr endirmək olub”.
Əli Əhmədov Avropada “xəstəlik” tapdı
“Avropa Parlamentində Azərbaycan ilə bağlı qəbul edilmiş qətnaməni qərəzli, ədalətsiz və yersiz hesab edirəm. Insanda belə bir təəssürat yaranır ki, Avropanın bu mötəbər qurumu sanki, anti-Azərbaycan xəstəliyinə tutulub”. Bunu isə YAP-ın icra katibi, baş nazirin müavini Əli Əhmədov AZƏRTAC-a bildirib. “Bu, insanlarımızın Avropa dəyərlərinə inamını sarsıdır. Onsuz da Avropa dəyərləri çətin anlarını yaşayır, aşınır. Avropanın da yaxından iştirakı ilə həyata keçirilən Orta Şərq siyasətinin qurbanları olan qaçqınlara, uşaq və qadınlara sərgilənən münasibət bunun əyani misalıdır. Avropanın Avropa Parlamentində müzakirəyə çıxarılmalı olan kifayət qədər ciddi problemləri var”,- deyə o, əlavə edib.
YAP-ın sədr müavini vurğulayıb ki, Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasətin kökündə dövlətin və xalqın mənafeyi dayanır: “Milli mənafelər Azərbaycanın təmsil olunmadığı qurumun qəbul etdiyi qərəzli, ədalətsiz qətnamədən daha vacib və daha əhəmiyyətlidir”.
Avropa İttifaqının nümayəndəsi XİN-ə çağırıldı
Avropa Ittifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard isə bu məsələ ilə bağlı Xarici Işlər Nazirliyinə (XIN) çağırılıb. XIN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev tərəfindən Malena Mardın diqqətinə çatdırılıb ki, Azərbaycan 10 sentyabr 2015-ci il tarixində Avropa parlamenti tərəfindən qəbul edilmiş qətnaməni kəskin şəkildə qınayır. “Qərəzli və destruktiv xarakter daşıyan bu sənəd Avropa Ittifaqı ilə Azərbaycan arasında əlaqələrə zərbə vurur və münasibətlərimizin gələcək perspektivlərinə ciddi əngəl yaradır.
Plenar iclasda Avropa Parlamentinin bəzi üzvləri tərəfindən də deyildiyi kimi aidiyyəti komitələrdə əvvəlcədən müvafiq müzakirələr aparılmadan plenar iclasda tələm-tələsik səsvermə yolu ilə qətnamənin tez bir şəkildə qəbulu bir sıra prosedur çatışmamazlıqları ilə müşayiət olundu. Qətnamə Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə əlaqədar qərəzli və təhrif olunmuş məlumatla doludur. Məxsusi olaraq sənəd fərdi cinayət hallarını siyasiləşdirilir və onların əsl mahiyyətinin ziddinə olaraq, əsassız iddialar irəli sürür”.
Malena Mard Azərbaycanın mövqeyinin Avropa Ittifaqının aidiyyəti strukturlarına çatdırılacağını bildirib.
Azərbaycan Avropa İttifaqı ilə danışıqları təxirə saldı
Həmçinin Avropa Ittifaqı arasında Strateji tərəfdaşlığa dair saziş üzrə ilkin müzakirələrin aparılması üçün gələn həftə Azərbaycana gəlməsi nəzərdə tutulan Avropa Ittifaqı Komissiyasının nümayəndə heyətinin səfəri Azərbaycan tərəfindən təxirə salınıb. Bu barədə Lent.az-a Xarici Işlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Açıqlamada deyilir: “Avropa Parlamentinin 10 sentyabr 2015-ci il tarixində Azərbaycan haqqında qəbul etdiyi qərəzli qətnaməsinə görə Azərbaycan ilə Avropa Ittifaqı arasında Strateci tərəfdaşlığa dair saziş üzrə ilkin müzakirələrin aparılması üçün gələn həftə Azərbaycana gəlməsi nəzərdə tutulan Avropa Ittifaqı Komissiyasının nümayəndə heyətinin səfəri Azərbaycan tərəfindən təxirə salınır. Ümumiyyətlə, anti-Azərbaycan və anti-Islam meyllərin güclü olduğu Avropa Ittifaqı ilə əlaqələri yenidən nəzərdən keçirməliyik”.
YAP-dan Avropa Parlamentinin qətnaməsinə
Hakim Yeni Azərbaycan Partiyası da (YAP) Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə ilə əlaqədar bəyanat verib. APA-nın məlumatına görə, bəyanatda qeyd edilir ki, YAP Avropa Parlamentinin bir qrup deputatının növbəti anti-Azərbaycan bəyanatından böyük təəssüf hissi keçirir və regional parlament assambleyasının prosedur qaydalarından sui-istifadə edərək müstəqil bir ölkənin vaxtaşırı hədəfə götürülməsi heç də qarşılıqlı əməkdaşlığa və səmimi münasibətlərə dəstək verən siyasət hesab edilə bilməz.
Bəyanatda vurğulanır ki, Azərbaycanda gedən proseslərə obyektiv qiymət verməkdən uzaq duraraq bir qism avroparlamentari mütəmadi olaraq ölkəmiz barəsində qarayaxma kampaniyasına dəstək verir.