ATƏT, «Amnesty International» və ABŞ səfirliyi 3 oktyabr hökmünə dərhal reaksiya verdi
“Azərbaycan hökuməti dinc etiraz askiyasında iştirak etdiyinə görə həbs edilmiş 3 müxalifət fəalını dərhal azad etməlidir”. Bu bəyanatı “Amnesty International” təşkilatı oktyabrın 3-də Səbayel rayon məhkəməsində Müsavat və AXCP funksionerləri Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlı barəsində çıxarılan hökmə münasibət bildirərkən səsləndirib. “Bu gün Azərbaycanda tənqidi mövqedən çıxış edənlərə qarşı sərt münasibət sərgiləndiyinin şahidi oluruq. Hökumət müxalif düşüncəli insanları susdurmağa cəhd göstərir. Bu yolla digər müxalif yönümlü şəxslərin də gözünü qorxutmağa çalışırlar”, – deyə “Amnesty International” təşkilatının Avropa və Mərkəzi Asiya ölkələri üzrə direktoru Nikola Dukvors bildirib.
Dukvors bəyan edib ki, barələrində hökm çıxarılan müxalifət fəalları dinc aksiya zaman Ilham Əliyevdən ölkədə islahatlar aparılmasını və korrupsiyaya qarşı ciddi addımlar atılmasını tələb etdikləri üçün həbs olunublar. Təşkilat rəhbəri əlavə edib ki, Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidli barəsində çıxarılan hökm ləğv olunmalı və onlar dərhal azad edilməlidilər.
“Amnesty International” məhbəsə göndərilən 3 fəalın ifadə azadlığından dinc qaydada istifadə etdiyinə görə cəzalandırıldığını bildirir və onları vicdan məhbusu kimi tanıyır.
Təşkilat bildirir ki, 2011-ci ildə Azərbaycanda avtoritarizm və korrupsiyaya etiraz edən hökumət əleyhdarlarının təqibi halları artıb. Hökumətin siyasətinə etiraz edən insanlara qarşı ədalətsiz məhkəmə qərarları çıxarılır və onlar azadlıqdan məhrum edilirlər.
ABŞ-ın Azərbaycandakı səfirliyi də müxalifət fəallarına çıxarılan hökmlə bağlı açıqlama yayıb. Açıqlamada deyilir ki, ABŞ məhkəmənin dövlət əleyhinə etirazların planlaşdırılması və təşkil edilməsi yoluyla ictimai asayişin pozulması barədə gizli razılığa gəlmə ittihamı ilə adıçəkilən şəxslərə qarşı çıxardığı qərara təəssüflənir.
Açıqlamada Azərbaycan hökumətinin bütün vətəndaşların sərbəst toplaşmaq azadlığına və söz azadlığına hörmət etmək kimi konstitusion və beynəlxalq öhdəliklərinin olduğu xatırladılır: “Müvafiq olaraq Birləşmiş Ştatlar ədliyyə hakimiyyətini bu hökmlər barədə hər bir apelyasiya şikayətinin Azərbaycanın konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun şəkildə baxılmasını təmin etməyə çağırır. Bu öhdəliklər azərbaycanlıların öz ölkələrinin demokratik mədəniyyətinin, proseslərinin və qurumlarının daha dərin inkişafına yardım etməsi üçün mövcuddur”.
ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay da 2 aprel məhbusları Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlıya çıxardığı hökmə münasibət açıqlayıb.
Səfir deyib ki, ATƏT-in Bakı ofisi siyasi fəalların 2 aprel nümayişində iştirakları ilə əlaqədar məhkum olunmasından narahatdır: “Ümid edirik ki, Apelyasiya Məhkəməsi bu məsələyə Azərbaycan Konstitusiyası və ittiham olunan şəxslərin hüquqları, xüsusilə də effektiv hüquqi təmsilçiliyə dair ATƏT öhdəliklərinə tam uyğun olaraq baxacaq. ATƏT-in Bakı ofisi inanır ki, Azərbaycan xalqı ifadə və dinc toplaşmaq azadlıqları da daxil olmaqla fundamental hüquq və azadlıqlardan tam faydalanmağa layiqdir”.