Öz adını özgəsinə qoyanlar

siyavushYaxud, Siyavuş Novruzovun YAP-dan xəbəri varmı?

YAP-ın cəmiyyətə millət vəkili kimi yapışdırdığı Siyavuş Novruzov yenə palaz boyda müsahibə verib və “ənənə”sini davam etdirib. Əsrimizin Siyavuşu deyib ki, Milli Şuranı, Milli Satqınlar Şurası adlandırmaq lazımdı: “Sadəcə, orada 3-5 nəfər Vətən xaini, milli satqın qalıb.

Onlar ”Milli Şura”nın yanında “Milli Satqınlar Şurası” yazmalı idilər. Digər tərəfdən Cəmil Həsənliyə heç kim səs verən deyil. Vaxtilə o, millət vəkili seçilib. Seçilməyinin səbəbi isə odur ki, o müəyyən pərdə arxasında gizlənirdi. Onun iç üzü artıq açılıb, bundan sonra heç kim ona dəstək verməyəcək. AXCP-də anti-milli qüvvələr toplaşıb. Az-çox millətini, xalqını, dövlətini sevən, dünyada gedən prosesləri bilən və başa düşən insanlar artıq AXCP-dən üz döndəriblər. Vaxtilə Əbülfəz Elçibəyin müavinləri olanlar bu gün özləri siyasi təşkilat yaradıblar” – deyə Siyavuş Novruzov müsahibənin bir hissəsində bildirib.

Əslində, “millət vəkili” statusunu daşıyan adam, belə yanaşmaları özünə yaraşdırmamalıdır. Amma nə etmək olar, Siyavuş Novruzov özünə yaraşını etməyə məcburdu.

Qeyd edək ki, Siyavuş Novruzov pərt vəziyyətdə qalıb və mandatı sığortalamaq üçün Milli Şuranın bostanına daş atmağı prioritet hesab edir. Vəziyyət o həddə çatıb ki, bu adamı partiyanın rayon konfranslarına da aparmırlar. Bütün konfransları dövlətdə vəzifə tutan Əli Əhmədov və Mübariz Qurbanlı həyata keçirir. Hanıski, bu işlərlə Siyavuşun məşğul olmağa daha çox vaxtı var və ona həvalə olunmalıydı. Yəni, bu mərhələdə Siyavuşu partiyanın qərargahında “vaxt öldürməyə” yönləndiriblər. Arabir açıqlamadan, müsahibədən verib, təsəlli tapır.

Mandatlı YAP-çının Milli Şura ilə bağlı səsləndirdiyi fikirlərə gəlincə, bu 100 minlərlə vətandaşı təhqir etməkdi. Çünki, Milli Şuranın prezident seçkilərində iştirak etmiş namizədi MSK-nın bütün saxtakarlığından sonra 200 min səs almışdı. Daha doğrusu MSK Cəmil Həsənliyə 200 mindən artıq səs yamağa məcbur olmuşdu. Indi özünü millət vəkili adlandıran biri Milli Şuranı, “Milli Satqınlar Şurası” adlandırırsa, bu 100 minlərlə vətəndaşın seçiminə hörmət etməməkdi. Amma bu təəccüblü deyil. Bu hakimiyyət 9 milyonun hüququna hörmət etmirsə, yüzminlərin hüququna niyə hörmət etsin? 9 milyonun haqqını oğurlayanlar, yüzminlərin haqqını niyə oğurlamasın?

Daha sonra Siyavuş Novruzov Elçibəyin müavinlərinin AXCP-dən getdiyini, yeni partiya yaratdığını xatırlayır. Cənab Siyavuşa xatırlatmaq istəyirik ki, haqqında danışdığınız həmin müavinlər AXCP-ni “simasız quldurlar partiyası” adlandırmayıb. Əksinə, AXCP-dən gedənlərin hamısı cəbhəçi adına iddia edib, Xalq Cəbhəsində olduqları dövrlə qürur duyduqlarını bildiriblər.

Digər tərəfdən, əqidəsini, ləyaqətini satışa çıxaranlardan bütün pislikləri gözləmək olar. Bu gün YAP-ı ifşa edənlər isə müxalifətə satılanlar deyil. Bəli, Eldar Sabiroğlu, Əli Əlirzayev satılmayıblar və bu partiyanın üzvü kimi qalırlar. Buna baxmayaraq YAP-ın simasını ortaya qoyurlar, partiyada mənəvi aşınmanın getdiyini, şəffaflığın olmadığını bəyan edirlər. Əli Insanov həbsxana divarları arxasında da bu hakimiyyətin anti-milli olduğunu faktlarla ortaya qoyur.  Demək istəyirik ki, Siyavuş Novruzov bəzi məsələlərə girişəndə, ayıbına kor olsun.

Siyavuş Novruzov məlum müşavirədə daha bir “şedevr” fikir söyləyib. Deyib ki, Əli Kərimlini silkələsən nə qədər mülklər və xarici banklarda vəsaitlər ortaya çıxacaq.ÿ

Əvvəla, 20 ildən artıqdır ki, Əli Kərimlini silkələyirsiz. Amma cəsarətdən, əqidədən, prinsipiallıqdan başqa heç nə ortaya çıxmır. Məcbur olub şər-böhtana əl atırsız.

Digər tərəfdən, bu hakimiyyəti silkələməyə də ehtiyac yoxdur. Məmurların, hakim ailənin milyardları haqqında dastanlar yazılıb. Dünyanın müxtəlif yerlərində bank hesabları, villaları, şirkətləri olan, ölkənin hər yerini inhisara alan, bank sistemindən tutmuş, turizm sektoruna qədər bütün sahələri ələ keçirən bu hakimiyyətin “yetirmələridi”. Siyavuş Novruzov karrupsiya ağacının budağında oturub, vicdanlı insanların gəlirini hesablayır.

Heç olmasa kiminsə villa aldığını, kiminsə bank hesabı olduğunu siz deməyin də. Offşorlardakı milyardlarınız, hökumətinizin korrupsiya layihələri bütün dünyaya məlumdu. Yaxta, təyyarə, qızıl mədənləri və.s sizin hökumətin cibindən çıxıb. Hələ silkələsələr, çox şey çıxacaq.

Akif