Hərbiyə çağırılanların problemini kim həll edəcək?

muzeffer baxisMüzəffər Baxışov: «Azərbaycan reallığında səlahiyyət olan yerlərdə sui-istifadəyə yol verilir»

Xəbər verdiyimiz kimi hərbi xidməti bitirib ehtiyata buraxılan əsgərlərin bir hissəsi yenidən hərbi hissələrə çağırılır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən verilən məlumata görə, vətəndaşların yenidən çağırılmasına səbəb Müdafiə Nazirliyinin sentyabrın 6-dan 13-dək Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə Komanda Qərargah Hərbi Oyunları ilə əlaqədardır.

Dövlət Xidmətindən yenidən əsgərliyə çağırılan gənclərin hansı müddətə qədər hərbi hissələrdə qalacağının hələlik məlum olmadığını bildiriblər.

Təlimlərə 65.000 nəfərədək şəxsi heyət, 700-dək zirehli texnika, 500-dən çox raket və artilleriya qoşunlarının qurğusu, Hərbi Hava Qüvvələrinin 40-dək təyyarəsi və 50-dək helikopteri, Hərbi Dəniz Qüvvələrinin 20-dək gəmi və kateri, eləcə də Xüsusi Təyinatlı Qüvvələrin və qruplaşmaların havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb edilib.

Təlimlər zamanı birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə ehtiyatda olan 6.000 nəfərdən artıq hərbi vəzifəli təlim toplanışına cəlb ediləcək. Döyüş hazırlığı çərçivəsində onlarla silah və hərbi texnikadan istifadə qaydaları üzrə praktiki məşğələlər, döyüş atışları, mənəvi-psixoloci hazırlıq və döyüş uzlaşması üzrə tədbirlər keçiriləcək.

Bütün bu addımlar qanunla tənzimlənsə də reallığı da nəzərə almaq lazımdır. Çünki qanunla hərbi xidmətə və toplanışa çağrılan vətəndaşın iş yeri itirilmir.

Hüquqşünas Müzəffər Baxışov da bildirdi ki, təlimlərə çağrılan vətəndaşların iş yerləri qanunla saxlanılır. M.Baxışov vurğuladı ki, vətəndaş təlimə çağrıldığı dövrdə heç bir işə götürənin onu işdən azad edə bilməz. Amma yaranmış situasiyadan sui-istifadə halları ola bilər: “Azərbaycan reallığında sui-istifadə halları ola bilər. Məsələn, sovet dövründə də hazırkı kimi altı min hərbi quluqçu təlimlərə cəlb edilirdisə, otuz min vətəndaşa çağırış vərəqəsi göndərilirdi. Nəticədə iyirmi dörd min şəxsdən rüşvət alınırdı. Hazırda eyni təcrübədən istifadə edilib-edilmədiyini bilmirəm. Amma Azərbaycan reallığında səlahiyyət olan yerlərdə sui-istifadəyə yol verilir”.

Azərbaycanda hər yerdə korrupsiya olduğuna görə bu sahədə də eyni tendensiyanın ola biləcəyini istisna etməyən M.Baxışov vurğuladı ki, amma bununla bağlı hələ ki, konkret fakt yoxdur.

Hikmət