Ziyafət Əsgərovun “seçki mədəniyyəti”

MDB-dən olan bir xeyli ekspert Bakıya gəlib ki, burada seçki keçirməyin əsaslarını öyrənsin. Milli Məclisdə baş tutan seminara vitse-spiker Ziyafət Əsgərov süftə eləyib. Deyib ki, Azərbaycanda tam oturuşmuş, formalaşmış demokratik seçki sistemi var və xalqımız seçki mədəniyyətini kifayət qədər mənimsəyib.

Seminardan belə məlum olur ki, xalqımız mənimsədiyi, tam oturtduğu və formalaşdırdığı seçki mədəniyyətini artıq ixrac etməyə başlayıb. Yəni, təxminən MDB-nin ABŞ-na dönmüşük, seçki texnologiyaları sahəsində o qədər qabağa getmişik ki, qonşu dövlətlər bizdən öyrənməkdən ayrı əlac görmürlər.Ekspertlərə hansı “seçki mədəniyyətini” öyrədəcəyik, onlara baxaq:1. Hansı müxalifət namizədini seçki yarışmasından kənarda qoymağın yolları. Bura onun sənədini qeydə almamağın min bir üsulu daxildir. Işdi, müxalif fəal bütün ilkin maneələri aşıb sənədləri toplaya bilsə və DSK-ya təqdim etsə, onda analoqsuz seçki modeli işə düşməlidir: seçicilərin üstünə 5-10 polis göndərirsən və vətəndaşlar kəmali-ədəblə dərk edir ki, namizəd oların imzasından sui-istifadə edibmiş, sən deməyəsən, onların atdığı imzalar həqiqi deyilmiş. Bir az əziyyətli də olsa, həmin seçicilərin DSK-lara “zəhmətkeş teleqramları” təşkil edilməlidir və DSK üzvləri məsələyə tam oturuşmuş, demokratik tərzdə yanaşaraq adamı qeydə almamalıdırlar.

2. Birinci bəndi bütün ölkə boyu tətbiq etmək olmaz. Dost var, düşmən var – beynəlxalq təşkilatlar ağızlarını ac qurd kimi açıb saxtakarlıq gözləyirlər ki, hesabatlarına salsınlar. Ona görə də bir neçə müxalifəti seçkilərin gözünə qatmaq vacibdir. Amma bu o demək deyil ki, onlar rahatlıqla seçkiyə gedə bilərlər? Yer vermirsən, təbliğatına mane olursan, seçicilərlə görüşünü əngəlləyirsən, seçki qərargahına daxil olan adamları hədə-qorxu ilə kənarlaşdırırsan və… Iqtidar namizədinin xeyrinə geri çəkilmək üçün təkliflər göndərirsən: bura yağlı vədlərdən tutmuş övladlarının başına açılacaq oyunlar haqda xəbərdarlığa qədər – bütün şantaj üsulları daxildir.

3. Bülletenlərin sayını mümkün qədər çox eləmək lazımdır. Məsələn, əgər bir məntəqədə ortalama 1000 seçici varsa, ora ən azı 1500 bülleten göndərmək vacibdir – bərai-ehtiyat; birdən 500 bülleten müxalif namizədin xeyrinə olar və təbii ki, “etibarsız” çıxar!

4. Ölən, itən, adı hər yerdən silinən “seçiciləri” seçici siyahısına əlavə etmək zəruridir. Elə etmək lazımdır ki, rəhmətliklərin sayı seçici siyahılarında heç olmasa, 10 faizə bərabər olsun və beləliklə, seçici aktivliyi formalaşdırılsın.

5. Icra başçıları, polis, tibb, təhsil, bələdiyyə və s. hamısı mütəşəkkil qaydada öz qohum-əqrəbalarını seçkiyə gətirməli və hakimiyyətin dediyi namizədə səs verdirməlidir. Hər büdcə təşkilatına konkret məntəqələr üzrə öhdəlik qoyulmalıdır!

6. Fürsət düşən kimi əvvəlcədən kəsilib hazırlanmış o “500 ehtiyat bülleten”dən qutulara salmaq lazımdır. Çalışmaq lazımdır ki, topa-topa atılmasın, ayrı-ayrı bükülsün. Tələsiyə düşsəniz, jurnalda seçicilərin qeydiyyatını və imzasını aparmamaq olar – qaçaqaç deyil ki? Kim yoxlayacaq o jurnalları?

7. Işdi, əgər beynəlxalq müşahidəçi zəhlənizi töksə, sizi texnologiyanı həyata keçirməyə qoymasa və bülletenlər sayılanda başınızın üstündə dursa, ən unikal varianta əl ata bilərsiniz: bülleteni götürürsünüz, orda kimə səs verilməsindən asılı olmayaraq iqtidar namizədinin adını qışqırıb səliqə ilə bir tərəfə yığırsınız. Həyəcanlanmayın, ehtiyat da etməyin – xarici müşahidəçilər sizin dilinizdə yazılan bülletenləri oxuya bilmir və onların hardan ağlına gələr ki, bu boyda fırıldaq edə bilərsiniz…

Bu, əsas tezislərdir. Əyani vəsaitlər də var – məsələn, “Yutub” saytına daxil ola və orada 2010-cu il parlament seçkilərində “Azərbaycan texnologiyasını” izləyə də bilərlər.

Belə mükəmməl “seçki mədəniyyətini” eşidib-görəndən sonra inanıram ki, MDB texnoloqları Azərbaycandan yüz faiz razı gedəcəklər. Zatən, onlara da demokratik yox, “oturdulmuş seçki texnologiyaları” lazımdır. Demokratiya axtarsaydılar, Azərbaycanda nə gəzirdilər?