Lap elə belə. Birdən-birə. Birdən-birə Ilham Əliyev dönüb avropalı oldu. Möcüzədir, deyilmi? Ramiz Mehdiyevli, Kəmaləddin Heydərovlu, Ziya Məmmədovlu, Vasif Talıbovlu bir komandayla dönüb… avropalı olmaq! Inandırıcı deyil, ancaq günümüzün faktı, gerçəyidir: Ilham Heydər oğlu Əliyev öz əlilə yazıb, qol çəkib – avropalı olmaq öhdəliyi götürüb. Haçaq? 2011-ci ilin sentyabrında, Polşanın başkəndi Varşavada. Avropa Birliyinin “Doğu ortaqlığı” proqramı üzrə keçirilən sammitdə.
Kimlərsə dodaq büzüb deyə bilərlər: nə olsun? Ata-oğul Əliyevlər indiyədək dünyanın bu başından o başına gəzib, kef eləyib çox belə qollamalarda bulunub, çox belə öhdəliklər götürüblər; beləcə, bütün dünyanı aldada-aldada korrupsiyaçı diktatura rejimi qurublar. Doğrudur, bunların hamısı doğrudur; onlar uzun illər hamıya kələk gəldilər, hamını aldatdılar. Indi başqa çağlar gəlib: hamı aldana-aldana duyuq düşüb, ayılıb. Indi onların dünənki, bugünkü yalanlarına inanan yoxdur, daha olmayacaq. Indi ata Əliyevin də çoxillik yalanlarının ödüncü oğul Əliyevin boynuna düşür. R.Mehdiyevin, V.Talıbovun yox, Ilham Əliyevin. Indi Avropanın diktəsi belədir: ya demokratiya qurmalısan, ya da getməlisən! Avropa Birliyi I.Əliyevə iki yol göstərir: Saakaşvili yolu, Qəzzafi yolu. Bu iki yoldan hansını seçmək I.Əliyevin özünə qalır. Birinci yol özünüqurtarma yolu, ikinci yol özünübitirmə yoludur.
Varşava sammitində indiyədək dünyada olmayan oldu: Belarus, Ukrayna, Moldova ilə birgə Azərbaycan, Gürcüstan, “Ermənistan” da Avropa coğrafiyasına salındı. Güney Qafqaz ölkələrinin demokratikləşməsi baxımından bu, olduqca önəmli fakt, önəmli aktdır. Bu akta qol çəkib öhdəlik götürənlərin biri də I.Əliyevdir. Yeni Avropa coğrafiyası aktına qol çəkənlər belə öhdəlik götürüblər: özgürlük, demokratiya, insan hüquqları, qanunun üstünlüyü prinsipinə bağlı qalmaq, “Doğu ortaqlığı” proqramının gerçəkləşməsinə çalışmaq. Bir daha bildiririk: I.Əliyev prezident adıyla bunlara qol çəkib.
Bunlar nə deməkdir? Avropa coğrafiyasına qatılan, bu coğrafiya içində bulunan istənilən prezident qol çəkib götürdüyü öhdəliklərə bağlı qalaraq, bizdə olduğu sayaq, rüşvətin, korrupsiyanın, monopoliyanın başında dura bilməz; rüşvətxor, korrupsioner, monopolist komanda formalaşdıra bilməz; saxta prezident, parlament, bələdiyyə seçkiləri, yalançı referendum keçirə bilməz; özgürlük, demokratiya, insan hüquqları, qanunun üstünlüyü kimi aparıcı Avropa dəyərlərini tapdayıb keçə bilməz! Bu gün Xəzər dənizinə gəlib dirənən Avropa coğrafiyası başlıca, aparıcı Avropa dəyərlərinin gerçəkləşdiyi, toxunulmazlıq hüququ qazandığı bir coğrafiya deməkdir. Sən bu coğrafiyada Avropa dəyərlərinin başlıca qarantı olan məhkəmə-hüquq sistemini prezidentin, prezident ailəsinin məhkəmə-hüquq sisteminə çevirə bilməzsən. Eləcə də sən Avropa dəyərlərinin başlıca qarantlarından olan jurnalistləri repressiyaya uğrada, gerçək vəkillik institutunu aradan qaldıra bilməzsən.
“Doğu ortaqlığı” proqramında belə bir yer var: “Aktiv reformalar aparan ortaqlar Avropa Birliyi ilə əməkdaşlıqdan daha çox qazanacaqlar”. Aktiv ortaqlar üçün 16 milyard avro pul ayrıldığı da bildirilir. Demək, Avropa coğrafiyasında olan I.Əliyev kimi prezidentlər siyasi dustaqlığa son qoymaqla (Avropa coğrafiyasında siyasi dustaq ola bilməz!), aktiv, ardıcıl reformalara başlamaqla özlərini demokratiya yolçusu olaraq doğrulda bilərlər. Azərbaycanda bu reformalar yalnız indiki antidemokratik parlamentin buraxılıb yeni, demokratik parlament seçkisi keçirilməsi ilə başlaya bilər. Bu gün dünyada Avropa Birləşmiş Ştatları kimi bir qurum biçimlənməkdədir. Varşava sammitinin qərarı ilə Azərbaycan bu qurumun subyektlərindən birinə çevrilmiş olur. Yeni siyasi subyekt olmağın özü yeni siyasi davranış normaları ilə yaşama öhdəliyi deməkdir!