Vəkillər Günel Həsənliyə bəraət istədi

cemilhasanli-ve-qizi

 

Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin barəsində Yasamal rayon məhkəməsinin hökmündən verilmiş şikayətə baxılıb. Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçən prosesdə Günel Həsənlinin vəkilləri Fəxrəddin Mehdiyev və Adil İsmayılov çıxış edib.

Fəxrəddin Mehdiyev hökmün əsassız olduğunu bildirib və Günel Həsənliyə bəraət verilməsini istəyib. Bildirib ki, hökm məhkəmə-tibbi və yol hərəkəti ekspertizalarına əsaslanan dəlillərlə deyil, yalnız mülahizələr əsasında verilib. Həmçinin, işin mənəvi tərəfinə – zərərçəkən kimi tanınan Ədilə xanımın hadisədən dərhal sonra həkimə aparılması, ona hər çür qayğı göstərilməsinə də nə ibtidai istintaqda, nə də Yasamal rayon məhkəməsində qiymət verilib.

Vəkil Adil İsmayılov da məhkəmə hökmünün ədalət prinsiplərinə sökənmədiyini bildirib. Qeyd edib ki, hətta Günel Həsənlinin CM-in 263 maddəsi üzrə təqsirli olduğu sübut edilsəydi belə, həmin maddədə maksimum 2 ilə qədər həbs və alternativ, həbs olmayan cəza nəzərdə tutulub. Günel Həsənliyə maksimum cəza – 2 il həbs cəzası verilib.

Günel Həsənli çıxışında özünü təqsirli bilmədidiyini deyi. Bildirib ki, bunun qərəz olduğu 2014-cü ilin oktyabrında DİN-nin yaydığı bəyanatla təsdiqini tapır.

Zərərçəkən kimi tanınmış Ədilə Səlimova çıxışında həmin hadisə zamanı ağır xəsarət almadığını, Günelin ona ilkin yardım etdiyini bildirərək, hakimlərdən onu ağbirçəkliyinə bağışlamalarını xahiş edib. O, həmçinin 2007-ci ildə xəsarət aldığını bildirib və ayağındakı ağrıları həmin xəsarətlə əlaqələndirib.

Bundan sonra vəkil Adil İsmayılov Ədilə xanımın 2007-ci ildə aldığı xəsarət nəticəsində ayağında sınıq yarandığını sübut edən rentgen müayinələrini məhkəməyə təqdim edib və bunu 2014-cü ildəki rentgen müayinəsinin saxta olduğuna bir sübut kimi dəyərləndirib. Vəkil ekspertlərin bu məsələ ilə bağlı dindirilməsini zəruri hesab edib.

Prokror vəsatətə münasibət bildirmək üçün vaxt istəyib.

Proses sentyabrın 14-ü saat 16-a qədər təxirə salınıb.

İnformasiya şöbəsi