“Razi əməliyyatı”na tanınmış hüquqşünasdan öldürücü qiymət

qurban-memmedov-azad“Bunlar bir vaxtlar aslanların, pələnglərin girdiyi meydana indi siçanla, tarakanla girib nəsə əldə etmək istəyirlər…”

Tanınmış hüquqşünas, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Qurban Məmmədov hakimiyyətin AXCP-yə qarşı “Razi əməliyyatı”na orijinal və tutarlı münasibət bildirib. Q.Məmmədov bu mövzuda “ps-nota.com” saytına müsahibsənidə uyğun suallara cavab olaraq danışıb. Müsahibənin həmin hissəsini təqdim edirik:

– AXC-nin ətrafında baş verən bu hadisələrə heç vaxt ciddi yanaşmıram. Burda problem AXC ilə yox, rejimlə bağlıdı. Azərbaycanda hakimiyyətdə olan siyasi rejimin dərdidi bu. Görün bu bədbəxtlər nə günə qalıblar ki, bu cür metodlarla, belə uşaq-muşaqlarla, bu tərbiyə ilə, bu əxlaqla iş aparırlar, milyonlar xərcləyirlər və nəticəsi əvvəlcədən bəlli olan mənasız oyunlara gedirlər. Bu oyunu biz bir dəfə də görmüşdük və mən onda həbsdəydim. 2000-2001-ci illərdə Qobustan qapalı həbsxanasında olduğum zaman, yəqin, sizin də yadınızdadı ki, AXC-ni dağıtmaq məqsədilə cəbhədən klassikləri ayırdılar. Onda da İsa Qəmbər bir tərəfi, Sərdar Cəlaloğlu da digər tərəfi dəstəklədi. Bunun da nəticəsi olaraq, Əli Kərimlinin o zaman parlamentə getməkdən başqa yolu qalmadı. Adam siyasətlə məşğuldur və ən azı partiyasını qoruya bilmək üçün bu addımı atmaq zorunda qaldı. Məsələn, o zaman mən özüm də bunu xəyanət saydım və Əli Kərimlini qınadım ki, niyə seçkiyə qatılırsan. Sonradan onun özü ilə görüşüb, arqumentlərini dinlədim və  Əli bəyə haqq qazandırdım. Dövlət səviyyəsində müxalifətlə əlbir olub, kişinin partiyasını dağıdırdılarsa, o zaman Əli Kərimli neyləməliydi? Bütün hallarda alınan nəticələr və bu günkü situasiya onu göstərir ki, o vaxt Əli Kərimli ən düzgün olan qərarı qəbul edib. Parlamentə getməklə, məclisdə oturmaqla adam partiyasını tam dağılmaqdan və təşkilatını siyasətdən kənarlaşdırılmaqdan xilas edib. O zaman mənim özüm də daxil, Əli Kərimliyə parlamentə getdiyinə görə irad tutanların sayı nə qədər çox olsa da, sonucda o, partiyasını qorudu və bu günkü nəticəni ortaya qoya bilmək üçün həmin addım atılmalıydı. Həmin vaxt Əli bəy bütün hücumları öz üzərinə götürərək, bir siyasətçi uzaqgörənliyi nümayiş etdirdi. O vaxtdan bəri gedən proseslər də onu göstərir ki, biz, Əli Kərimlinin doğru qərarlar qəbul etdyini etiraf etməliyik. Indi həmin AXCP-ni bölmək, parçalamaq anlamına gələn o hadisənin 100 qat, hətta min qat balacası, kiçiyi baş verir. İndi meydanda nə Mirmahmud Mirəlioğlu, nə də Qüdrət Həsənquliyev var. Hesab edin ki, bunlar bir vaxtlar aslanların, pələnglərin girdiyi meydana indi siçanla, tarakanla girib nəsə əldə etmək istəyirlər…

Dovşanlarla oynayan birini belə ciddi proseslərə qoşub, nə əldə etmək istədiklərini başa düşmürəm. Mən bayaq bir statusumda yazdım ki, bunlar milçəkləri filin üstünə buraxıblar və əsas məqsədləri də sadəcə filin başını qatmaqdır. Dünən bu haqda Əli bəyin özünə də dedim və Milli Şurada da bu barədə danışmışam. Adətən prezident uçan təyyarəni qorumaq üçün onun ətrafına aşağıdan səs və istilik raketləri buraxırlar. Bu da ona görə edilir ki, kənardan atılan raketlər prezidentin təyyarəsinə yox, həmin o səs və istilik raketlərinə doğru gedərək, əsl hədəfdən yayınsınlar. İndiki baş verənlər və gedən proseslər də təxminən həmin məsələnin eynidi. Rejim sahibini qoruya bilmək üçün sağdan-soldan buraxılan boş raketlərdi havada görünənlər. Əli Kərimli, yaxud da Milli Şuradakılar uşaq-zaddı ki, durub o balaca raketlərə baş qoşsunlar. Əslində bizim hədəfimiz nə Razidi, nə də bizim və cəmiyyətin doğru-dürüst tanımadığı o cavan uşaqlardı.