“Fövqəlnazir”in ət biznesi ilə bağlı yeni məlumatlar

Bu iş Kəmaləddin Heydərovun yaxın çevrəsinə daxil olan gömrük sədrinin birinci müavini Səfər Mehdiyevə tapşırılıb

“Azadlıq”ın ötən saylarında məlumat vermişdik ki, ölkəyə ət idxalı fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətinə keçib. Ölkəyə ət idxal edən sahibkarlara bildirilib ki, bundan sonra bu biznesə əlvida deməlidirlər. Gətirdikləri məhsul isə Kəmaləddin Heydərovun yaxın ətrafına daxil olan şəxslərə satılmalıdır. Həmçinin bildirmişdik ki, “fövqəlnazir” ət idxalını nəzarətə götürəndən sonra qiymətlərdə dəyişiklik baş verib. Ölkəyə idxal olunan ətin 1 kiloqramı 3 manat 70 qəpikdən 4 manat 50 qəpiyə qalxıb.
“Azadlıq”dan sonra “Yeni Müsavat” da bu məsələ ilə bağlı maraqlı məlumatlar dərc edib. Həmin məlumatlarda deyilir ki, ət idxalı Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyevin monopoliyasına keçib. Indi bazarda Hindistandan mal ətinin idxalı və satışı ilə Səfər Mehdiyevin yaxın adamı olan Gündüz adlı şəxs məşğul olur. Bu səbəbdən də idxal ətinin qiyməti son həftədə 20 faiz bahalaşıb.
Əsasən Hindistandan idxal edilən ətin bazarda öz daimi alıcıları var. Bunlar da kolbasa istehsal edən kiçik sexlər və dönərxanalardır. Bazarı inhisara götürən Səfər Mehdiyev bu obyektlərlə birbaşa ünsiyyət quraraq malı ondan almağı tapşırıb. Paralel olaraq idxalçıların ölkəyə gətirdikləri mal 1 həftə gömrük anbarlarında saxlanılıb. Sonradan idxalçılara malı Gündüzə təhvil vermək və bir daha bu işlə məşğul olmamaq barədə qəti göstəriş verilib.
Oxucuların diqqətinə çatdıraq ki, Səfər Mehdiyev Kəmaləddin Heydərovun ən yaxın adamlarından sayılır. Heç şübhəsiz gömrük sədrinin birinci müavini bu işdə sadəcə icraçıdır.

Informasiya şöbəsi