inkoqnito

Ata polis oğlunun qatillərini ifşa etdi

Musa Həsənov: «Qətlin sifarişçisi rəis müavini Oktay Mərdanov, icraçısı polis kapitanı Inqilab Sadıqovdur»

«Əlimdə tutarlı sübutlar və videolent var»

 

Göygöl rayon, Yeni Qızılca kənd sakini Musa Həsənov redaksiyamıza dəhşətli ölüm faktı ilə bağlı şikayət məktubu göndərib. 75 yaşlı M.Həsənov məktubunda oğlunun – Kəpəz Polis Şöbəsinin əməkdaşı, baş serjant Mehdi Həsənovun necə qətlə yetirildiyinin təfərrüatlarından bəhs edib.

“Əvvəlcə döyərək işgəncə veriblər”

Onun dediyinə görə, oğlu bu il mayın 17-də Gəncədə Avtozavod qəsəbəsinin ərazisində elə öz iş yoldaşı – polis kapitanı Inqilab Sadıqov tərəfindən öldürülüb: “Inqilab Sadıqov Gəncə sakinləri Elşad, Fazil və Oktayla əlbir olaraq tamah məqsədilə Mehdini amansızcasına qətlə yetiriblər. Əvvəlcə onu döyərək işgəncə veriblər. Bədənində yanıq izləri, cərəyana verildiyi üçün qollarında və kürəyində dəri yanıqları var idi. Kəllə sümüyü yerindən qopmuş, başının kəllə-beyin sümükləri tamamilə dağıdılmış, barmaqları qırılmış, zərbələrə görə barmağındakı üzük tamamən əzilmişdi. Məndə kifayət qədər faktlar var ki, oğlum Inqilab Sadıqovun odlu silahı ilə öldürülüb. Istintaq orqanı təqsirləndirilən şəxs barədə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi qaldırıb və istintaqı həmin maddə ilə tamamlamaq istəyir. Lakin məndə həqiqəti təsdiq edən sübutlar və videolent var. Həmin sübutlarla təsdiq olunur ki, onlar bu cinayətə qabaqcadan hazırlaşıblar. Istintaqı aparan Gəncə şəhər prokuroru Adil Vəliyev, müstəntiq Şəhriyar Zeynalov, Kəpəz Rayon Polis Şöbəsinin rəisi Ədalət Sadıqov və müavini Oktay Mərdanov külli miqdarda rüşvət alaraq cinayətkar dəstə saxlayan polis kapitanı Inqilab Sadıqovu müdafiə edirlər. Onlar digər cinayətkarları gizlədirlər ki, Inqilaba verilən ittiham ağırlaşmasın”.

“Rəis müavini oğluma demişdi ki, ”üç günə səni aradan götürəcəm”

Atası deyir ki, mərhum M.Həsənovun Gəncə bazarından pul toplayıb Kəpəz Rayon Polis Şöbəsinin rəisi Ədalət Sadıqova, rəisin müavini Oktay Mərdanova və sahə inspektoru Inqilab Sadıqova verməməsi qarşı tərəfin qəzəbinə səbəb olub: “Hələ sağ ikən bazardan pul yığmaq üçün Mehdinin yerinə polis nəfəri təyin etmişdilər. Kəpəz Polis Şöbəsinin rəis müavini Oktay Mərdanov hadisədən bir neçə gün əvvəl oğluma demişdi ki, üç günə səni aradan götürəcəm, səni yer üzündən siləcəm, məhv edəcəm. Həqiqətən üç gün sonra Mehdi həmin cinayətkar dəstə tərəfindən vəhşicəsinə qətlə yetirildi. Qatil Inqilab Sadıqov dəfələrlə demişdi ki, ”qarşıma çıxan oğlanın ağzından ataram”. Ona görə də oğlumun çənəsinin altından tapança ilə atdı. Inqilab hadisədən 6-7 ay əvvəl Elşad və Fazillə birlikdə nəvəmin toy məclisindən gedərkən deyibmiş ki, lazım gəlsə, Mehdini vurarıq və gedib yatarıq”.    
M.Həsənov deyir ki, oğlunun qətlinin sifarişçisi rəis müavini Oktay Mərdanovdur: “Oktay Mərdanov bazardan oğlum Mehdiyə pul yığdıra bilmədiyi üçün onu bazarın sahə inspektoru polis kapitanı Inqilab Sadıqova öldürtdürüb.
Indi də Oktay Mərdanov məni və digər oğlanlarımı cibimizə narkotik atıb həbs etdirəcəyi ilə hədələyir. Intihar etməkdən başqa yolum qalmır”.
M.Həsənovun sözlərinə görə, hadisə zamanı odlu silahdan açılan atəş səsini eşidənlər olub. Bundan başqa hadisə yerində Mehdinin idarə etdiyi avtomobillə yanaşı, “Mercedes” markalı qara rəngli avtomobil və əlavə 3-4 nəfəri görüblər. Hadisə yerinə baxış zamanı ərazidən mobil telefon və nömrənin qırıqları da aşkar olunub. Lakin istintaq maddi sübutlara laqeyd yanaşaraq obyektiv araşdırma aparmayıb.

“Cinayətkarlar cəzalarını almalıdırlar”

Şikayətçi prezidentə müraciət edərək oğlunun işini nəzarətə götürməyi və ailə üzvlərinin təhlükəsizliyini təmin etməyi xahiş edir: “Müstəntiq Şəhriyar Zeynalov işi bilərəkdən birtərəfli, səthi aparır. Cinayətdə iştirakçı olan digər 3-4 nəfər aşkar olunub ortalığa çıxarılmır. Həmin şəxsləri cinayət məsuliyyətinə cəlb etmək istəmirlər. Bugünə qədər odlu silah ekspertizaya təqdim olunmayıb. Xahiş edirəm cinayət işinin istintaqını Gəncə Şəhər Prokurorluğunun icraatından alınıb Baş Prokurorluğun ağır cinayətlər üzrə istintaq idarəsinə həvalə olunmasına qərar verəsiniz. Məsuliyyətdən kənarda qalan cinayətkarlar cəzalarını almalıdırlar. Bir məqamı da qeyd edim ki, oğlum Qarabağ döyüşlərində fəal iştirak edib, 18 il Kəpəz Polis Şöbəsində xidmət edib. Nümunəvi xidmətinə görə dəfələrlə fəxri diplomalar və mükafatlar alıb”.
Şikayət məktubunda yer alan ittihamlarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.