Bu gün “Transqeyt” şirkəti rəsmi olaraq bağlanılıb.
Şirkətin nəzarətində olan bir neçə avtobus da artıq digər şirkətlərə verilib.
Əldə olunan məlumata görə, 189 və 10 saylı avtobus “Çinar-Trans” MMC-yə, 6 saylı avtobus “İqafqaz” MMC, 11 saylı avtobus “Xaliq Faiqoğlu” MMC-yə verilib. 132 saylı avtobus isə hələlik departamentin qarajına daxil edilib.
“Transqeyt” şirkətinin tabeliyində olan digər marşrut xətləri isə tamamilə bağlanılıb. Bağlanan marşrutlar 1, 14, 20, 25, 40, 59, 69, 90, 95, 100 və s. idi. İlk öncə Nəqliyyat Departamentindən marşrutların bağlanmasına səbəb kimi orada işləyən avtobusların istismara yararsız olması göstərilirdi.
Xatırladaq ki, bir vaxtlar Bakının 50 faizdən çox avtobus xətləri “Transqeyt” şirkətinin rəhbərliyi altında işlədilirdi. Hətta vaxt vardı həmin şirkət digər kiçik avtobus sahibkarlarına meydan oxuyur, onlara marşrutlarının hansı istiqamətdən keçib-keçməmələri barədə göstərişlər verirdi (“baku.ws”).
***
13:45
Nazirin şirkətinin bütün marşrut avtobusları xətdən çıxarılıb
Bakıda “Transgate” MMC-yə məxsus bütün marşrut avtobusları xətdən kənarlaşdırılıb. Şirkətə məxsus marşrut xətləri isə başqa daşıyıcılara verilib.
Bunu “Report”a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib.
Onun sözlərinə görə, şirkətə məxsus avtobuslar istifadəyə yararsız olub və nəticədə xətdən uzaqlaşdırılıb: “Bu yaxınlarda “Transgate”ə məxsus avtobusda yanğın baş verib və digər texniki nasazlıqlar da qeydə alındığı üçün həmin avtobuslar xətdən çıxarıldı. Bunun əvəzində başqa daşıyıcılara məxsus daha müasir və keyfiyyətli avtobuslar xəttə çıxarılıb, yəni hazırda eyni xətlə başqa daşıyıcıların yeni avtobusları hərəkət edir”.
Qeyd edək ki, “Transgate” MMC-yə məxsus 11 marşrut xəttinin 1-i ləvğ edilib, qalanları isə başqa daşıyıcılara verilib.
Xatırladaq ki, “Transgate” MMC nəqliyyat naziri Ziya Məmmədovun ailəsinin himayəsində olan şirkətlərdən biridir.