“Hakimiyyət məqsədinə nail ola bilməyəcək”

AXCP müxalifət fəallarına çıxarılan məhkəmə hökmü ilə bağlı bəyanat verdi

 

AXCP İctimai Palatanın 2 aprel 2011-ci ildə təşkil etdiyi mitinqə görə başlanmış cinayət işi üzrə mühakimə olunan müxalifət fəallarından daha dördünə – Müsavat Partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacılı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP-nin şöbə müdiri Məhəmməd Məcidli haqqında çıxarılan hökmlə əlaqədar bəyanat verib.
Məhkəmə hökmü ilə Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidli 2 il yarım müddətinə azadlıqdan məhrum edilib, Fuad Qəhrəmanlı isə 2 il şərti cəza alıb.
AXCP-nin bəyanatında bildirilir ki, bu hökmün hüquqi əsası yoxdur və onun arxasında siyasi sifariş dayanır: “Məhkəmə siyasi sifarişi yerinə yetirərək heç bir sübut təqdim etmədən, təqsirləndirilənlərin cinayət törətməsinə dair bircə fakt belə göstərmədən onların həbsi ilə bağlı qərəzli və qəddar qərar çıxardı. Həmin maddə üzrə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalar da nəzərdə tutulmasına baxmayaraq, məhkəmə əsas etibari ilə həbs cəzasını, həm də maksimum müddəti seçərək qərar verdi. Bunun özü də məhkəmə hökmünün arxasında siyasi sifarişin dayandığını təsdiqləyən əlavə dəlildir”.
AXCP hakimiyyətin müxalifət fəallarına qarşı belə sərt cəzaya əl atmasını dünyada baş verən demokratikləşmə dalğasının fonunda keçirdiyi qorxu hissi ilə əlaqələndirir: “Xalqın dəstəyindən tamamilə məhrum olan Azərbaycan iqtidarı dünyada və regionda getdikcə daha da güclənən demokratikləşmə prosesinin ölkəmizdən də yan keçməyəcəyinin əndişəsini yaşayır. Buna görə də belə qeyri-adekvat, qəddar cəzalarla cəmiyyətdə qorxu mühiti yaratmaq, siyasi fəallıqdan çəkindirmək istəyir”.
AXCP hakimiyyətin öz məqsədinə nail ola bilməyəcəyini, ölkənin demokratikləşməsi uğrunda mübarizənin daha qaətiyyətlə və əzmkarlıqla davam edəcəyini bəyan edir.
AXCP müxalifət fəallarına verilən qanunsuz cəzaya görə hakimiyyətin gec-tez məsuliyyət daşıyacağını qeyd etməklə, indiki hökmlərin siyasi rejimə əlavə zərbələr vuracağını bildirir.
AXCP hakimiyyəti dünyanın indiki dəyişən çağında yürütdüyü yanlış siyasətdən mümkün qədər tez imtina etməyə, müxalifət fəallarının həbsi də daxil olmaqla, buraxdığı səhvləri düzəltməyə çağırır.
Partiya eyni zamanda dünyanın demokratik ictimaiyyətini və beynəlxalq təşkilatları Azərbaycandakı son qanunsuz həbs cəzalarına diqqəti artırmağa və buna görə Azərbaycan iqtidarına təzyiqləri gücləndirməyə səsləyir.