Əliyevin hansı sözünə inanaq?

aliyev ilhamÖlkə başçısı müşavirədə iki mühüm məsələyə iki fərqli şərh verdi

Hökumətimiz daha bir “ilk”ə imza atdı. Belə ki, ölkə başçısının yanında 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə keçirildi. Amma belə mühüm bir müşavirə 8 nəfərin iştirakı ilə keçirildi və büdcədən xəbər verən olmadı. Çünki, büdcə hazırlığı tamam deyil, proqnozlar ürəkaçan deyil və ortada real layihələr yoxdur.

Digər tərəfdən, ölkədə yaranmış böhran bir çox sahələrdə “qayçılama” əməliyyatının aparılmasını zəruri edir. Amma hansı sahələrin “qayçı”lanacağının anonsunu vermək, hakimiyyət daxilində müəyyən narazılıq yarada bilər. Çünki, ölkədə bütün sahələr məmurlar arasında bölünüb və “qayçı”lamada kimlərinsə biznes maraqları qurban verilməlidi. Beləliklə, büdcə müzakirəsində büdcə haqqında konkret məlumatların verilməməsi həm daxili ziddiyyətlərdən ehtiyatlanmağın, həm də böhrandan çıxmaq üçün pozitiv bir sənədin mövcud olmadığının göstəricisidir. Hökumət bu  “nümunə”ni də göstərdi ki, büdcə müzakirəsi keçirib, büdcə haqqında danışmamaq da olar.

Amma ölkə başçısı başqa məqamlardan danışdı və bütün danışıqlar ziddiyyətlərdən ibarət oldu.

Ölkə başçısı bir tərəfdən “bizim gəlirlərimiz böyük dərəcədə azalıb. Keçən il neftin qiyməti 100 dolardan yuxarı idisə, bu il 50 dollardan aşağıdır. Qiymət iki dəfədən çox düşübdü. Biz bu xoşagəlməz mənzərə ilə üzləşmişik və çalışmalıyıq ki, 2016-cı ildə iqtisadi inkişafı təmin edək” söyləyir. O biri tərəfdən isə “Bu il Azərbaycanda iqtisadi inkişaf çox sürətlidir. Gələn ay biz 9 ayın yekunları ilə bağlı müzakirə edəcəyik. Amma 6 ayın nəticələri deməyə əsas verir ki, biz bu ili çox yüksək nəticələrlə başa vuracağıq”- deyir.

Indi biz bu fikirlərdən hansına inanaq. Bir tərəfdən gəlirlərin kəskin azalması, bəzi sosial layihələrin “qayçı”lanmasından söhbət edilir, o biri tərəfdən sürətli inkişafdan söhbət açılır. Görəsən, həm gəlirlərin kəskin azalması, həm də sürətli inkişaf necə bir araya sığır?

Daha sonra ölkə başçısı sübut etmək istəyir ki, bütün dünya ilə münasibətlər əladır: “Apardığımız siyasət nəticəsində dünya böyük hörmət, rəğbət qazanmışıq. Azərbaycan beynəlxalq birliyin dəyərli, böyük hörmətə malik üzvüdür. Bizimlə əməkdaşlıq edənlərin sayı gündən-günə artır. Bizim beynəlxalq mövqeyimiz daha da güclənir”- deyə ölkə başçısı bildirib.

Amma bu sözlərin üstündən 1-2 dəqiqə keçməmiş dünyanın bizimlə düşmənçilik etdiyini təsdiqləməyə çalışır: “Bu gün Yaxın Şərqdə həyata keçirilən çirkin ssenarilər Azərbaycan üçün də hazırlanmışdı. Azərbaycanda ”Maydan” hərəkatını yaratmaq istəyirdilər. Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün böyük pullar xərclənib. Avropa Ittifaqının siyasətinə gəlincə, indi həyat göstərir ki,  Avropa Ittifaqı bəyan etdiyi dəyərlərə nə dərəcədə sadiqdir. Antiazərbaycançı qüvvələr bizim işlərimizə kölgə salmaq istəyir. Bu gün də bizə qarşı çirkin oyunlar davam edir”-deyə ölkə başçısı bildirir.

Axı bu necə olur? Həm dünyada nüfuzumuz artır, beynəlxalq aləm hökumətimizi dəstəkləyir, həm də Azərbaycanda “Maydan”, “Ərəb baharı” yaratmaq istəyirlər? Iki fikrin ikisini də ölkə başçısı söyləyir.

Göründüyü kimi həm iqtisadi, həm siyasi məsələlərdə ziddiyyətli fikirlər səsləndirilir və isterik vəziyyət hiss olunur.

Bizim kimi sadə vətəndaşlar da çaş-baş qalıb. Bilmirik uğurlu inkişafa, yoxsa uğursuzluğa inanaq. Bilmirik dünyanın bizi sevdiyinə, yoxsa bizə nifrət etdiyinə köklənək. Ölkə başçısı büdcə müzakirəsinə həsr olunmuş iclasda elə “manevr”lər edib ki, qərar qəbul etmək çətindi.

Bəlkə də “absurdlar ölkəsi”ndə, “ziddiyyətlər müşavirəsi” keçirmək təbiidir. Allah axırımızı xeyir eləsin.

Akif