Hər şeyin bir sonu var. Deyilənə görə, zülmün də sonu olur. Mən indi başa düşürəm ki, müxalifəti niyə bütün tribunalardan məhrum etdilər. Bir yanda insanlar məşhərə çəkilir, o biri yanda isə çalıb-oxuyurlar. Parlamentin bu sessiyası məni çox güldürdü. Bəli, zaman dəyişir. Ürəyində azacıq ədalət hissi olanlar ölkədə proseslərin heç də ürəkaçan olmadığını başa düşür. Bəli, bir gündə ondan çox qanun və onlarla saziş! Bax, məhsuldar iş rejimi buna deyirlər! Bir də görürsən ki, illərlə hamının demək istədiyi sözü qəfildən tamam başqa bir insan deyir. Parlamentdə gözəl dedilər. Bəli, buna gözəl bina, muzey demək olar, amma parlament demək mümkün deyildir! O qədər sərrast deyilib ki, elə bir izafi şərhə ehtiyac yoxdur. Özü də bunu biz demədik, onların özləri dedilər. Hiss olunur ki, ölkə müxalifətçilik üçün tam qəribsəyib. Mən bunu zarafat mənasında demirəm, həqiqi sözümdür. O gün yenə də oturub özüm üçün fikirləşirdim. Bir vaxt gələcək, bu kadrların belə, qiyməti olmayacaq. Mən bilmirəm, onları saxlayırlar, ya yox? Hər halda, çox yaxşı olardı ki, bu kadrlar qalsın. Adam bu kadrlara baxanda əvvəlki çağırış parlamentləri üçün darıxır…
Avropadan necə görünürük?
Bunu prezidentdən soruşmaq lazımdır. Bir neçə gündür Polşada Avropa ilə münasibətlərimizi yoluna qoymaqla məşğuldur. Adam Avropanı da qətiyyən dərk edə bilmir. Bir rus slavyanistinin sözü vardı: “Günəş Şərqdə çıxır, zira Qərbdə batır. Ona görə də Şərqlə Qərb heç vaxt qovuşa bilməz!”. Yox, mən özüm qərbçi və liberalam, belə fikirləri qətiyyən bölüşmürəm. Sadəcə, mən öz hökumətimizi qərblilər arasında təsəvvür edə bilmirəm, onları Afrika və Asiyada görəndə, bu, məndə elə bir etiraz və protest yaratmır. O gün maraqlı bir detal dedilər. Suriyada təhsil alan tələbələrimizə bu ölkəyə qayıtmamaq tövsiyə olunurdu. Ay qardaş, Suriyada nə təhsil? Orada məgər elm, peşə var? Hətta bizimkilərin belə ölkələrdə dini təhsil alması məqbul deyil, çünki müxtəlif dini təriqətlər var və bizimkilər də onların təsiri altına düşə bilər. Bu ölkənin qəribəliyi elə bundadır ki, Harvard Universitetini bitirənləri damlayır, amma başqalarını Suriyaya təhsil almağa göndərirlər. Amma maraqlı nədir? Bizim hakimiyyət dünyanın hansı ölkəsini özü üçün təhlükəsiz hesab edirsə, orada bir problem baş qaldırır. Bunlar ərəb ölkələrini özləri üçün əsl cənnət sayırdılar. Amma indi bütün ərəb ölkələri bir-birinə dəyib! Hələ indi baş verənlər, necə deyərlər, müqəddimədir, girişdir, əsas hissə sonraca baş verəcək. Bu günlərdə bir yazı oxudum. Maraqlı nə idi? SSRI-nin dağılması, ərəb ölkələrindəki proseslər eyni prizmadan şərh olunurdu. Artıq heç kimsə “şərq incə məsələdir” – demir və Şərqi əlahiddə siyasi-kulturoloji fenomen tək nəzərdən keçirmir, dünya tamlaşır. Bu, bizə ümid verən əsas məqamdır.
Suriya haqda dediklərim sizə ziddiyyətli görünməsin. Bu ölkənin milləti son bir neçə ayda göstərdiyi rəşadətə və mətanətə görə ən yüksək təriflərə belə, layiqdir. Amma həqiqət yenə də həqiqətdir. Düzdür, S.Ə.Şirvani də elə Şərq ölkələrində dini təhsil almışdı, amma hamı Seyyid Əzim olmaycaq ki! Suriya təhsil sarıdan öncül ölkələr sırasında deyil. Bunu digər ərəb ölkələrinə aid etmək olar. Bu, reallıqdır. Elm və təhsil Qərbdədir. Avropa da bizi elə Qərbin bir hissəsi sayır, amma nə təəssüflər, bizim hakimiyyət sahibləri buna mane olurlar, özləri Qərb dəyərləri ilə yaşayır, amma bizə Şərq despotizmini aşılayırlar, sanki ancaq belə idarə etmək mümkündür. Nədən belə olur? Bu, çox qəliz məsələdir. Bir vaxt qara dərililərin çoxluğundan ehtiyat edən ABŞ Afrikada torpaq alır və adını da, deyəsən, Liberiya qoyur. Qara dərililərin bir hissəsini ora köçürürlər. Həmin qara dərililər nə edir? Bəli, onlar yerli zənci insanları qul edirlər! Təsəvvür edirsinizmi? Bəli, məsələ təfəkkür və təcrübə məsələsidir! ABŞ-dan gələn zəncilər özləri bir vaxt qul olmuşdu, başqaları ilə münasibətdə də bundan qeyri-bir şey təsəvvür edə bilmirdilər. Hə, belə də işlər olur…


