Saxta seçki keçirənlər saxta endirimlərə qarşı

Dünən bizim Iqtisadi Inkişaf Nazirliyinin saxta endirimlərlə bağlı məlumatını oxuyarkən qarışıq hisslər keçirdim. Həm gülmək, həm ağlamaq gəldi içimdən. Bu gün saxta endirimlərlə mübarizəni görün kimlər aparır – aldıqları səsi saxtakarlıqla qaldıranlar. Hər seçkidə utanmadan özlərinə 80-90 faiz səs yazırlar, amma mağazalarının pəncərələrinə “Bütün geyimlərə 70 faiz endirim” yazanları bəyənmirlər. Xalqdan aldıqları 3-5 faiz səsi saxtakarlıqla 80-90 faizədək qaldırırlar, vicdanları sızlamır, amma söhbət saxtakarlıqla 70 faiz endirimdən gedəndə, guya, narahat olurlar. Kənardan baxanda bunların ana bətnindən “saxtakarlıq düşməni” kimi doğulduğunu düşünər.

Oysa saxtakarlıq bunların mahiyyətini, məzmununu təşkil edir. Aldıqları nəfəs belə saxtadır. Danışdıqları hər söz, gülsələr gülüşləri, ağlasalar göz yaşları saxtadır. Sevgiləri saxta, sevincləri saxta, kədərləri saxta…

“Uşaq Ili” elan etdilər 2008-i, “Uşaq Ili”ndə ölkənin yeganə Uşaq Teatrını sökdülər, uşaqlara sevgilərinin saxta olduğu aydınlaşdı.  Bir il keçdi aradan, bu dəfə 2009-u “Gənclər Ili” elan etdilər, bu dəfə də ölkənin iki təhsilli, gələcək vəd edən gəncini şərləyib həbsə atdılar, Azərbaycanın gəncliyinə və gələcəyinə münasibətlərinin nə qədər saxta olduğunu gördük.

Illərcə “muğam sevgisi” ilə zəhləmizi apardılar, axırda nə oldu? Əlahəzrət övladının toyuna Ağadadaş Ağayevi, Ədalət Şükürovu, Iradə Ibrahimovanı, Abbas Bağırovu, nağaraçalan Natiqi dəvət etdi, beləcə, hətta muğam sevgilərinin belə nə qədər saxta olduğu ortaya çıxdı.

“Korrupsiya ilə mübarizə” dedilər, hətta Zakir Qaralov yekə-yekə “əvvəlcə özümüzdən başlamalıyıq” dedi, amma Cabbar Savalanlıdan başladılar, antikorrupsiya vədləri də saxta çıxmış oldu.

Müstəqilliyin 20 illiyini təntənə ilə qeyd etməyə qərar verdilər, Ilham Əliyev bizzat sərəncam imzaladı, “tədbirlər planı hazırlansın” dedi, sərəncamın mürəkkəbi qurumamış müstəqilliyin lehinə səs vermiş Arif Hacılı haqqında həbs-qətimkan tədbiri seçildi, üstünə üstlük, bir də müstəqilliyin əleyhinə səs vermiş Arif Rəhimzadəni “Şöhrət” ordeni ilə mükafatlandırdı, yəni anlayacağınız bunların Azərbaycanın müstəqilliyinə sayğısının da saxta olduğuna şübhə yeri qalmadı.

Dahası da var. Qubada ermənilərin azərbaycanlılara qarşı soyqırımının canlı sübutu olan kütləvi məzarlıq tapıldı, hakimiyyət məzarlığa yiyə durmadı, kütləvi məzarlığı tədqiq edən qrupun rəhbəri dilə gəldi, “məzarlıqdakı sümüklərlə dolu yeganə quyu çatlayıb, quyunun tamamilə yerlə-yeksan ola bilmək təhlükəsi var, tezliklə tədbir görülməsə, o dağılacaq” deyə bas-bas bağırmağa başladı, bunlardan yenə səs çıxmadı, amma “Abşeron”da yeni qaz yatağı tapılınca Ilham Əliyev bizzat kameralar önünə keçdi, xalqa gözaydınlığı verdi, beləliklə, bunların Azərbaycanın dərdlərinin, problemlərinin deyil, sərvətlərinin sahibi olduğu növbəti dəfə təsdiqini tapdı, millətsevərlikləri, vətənpərvərlikləri haqqında bəlağətli çıxışları saxta çıxdı.

Və indi boğazacan saxtakarlıq içində, mayası saxtakarlıqdan tutulmuş, xəmiri saxtakarlıqdan yoğrulmuş bir zehniyyət durub saxta endirimlərlə savaşa başladığını elan edir.

Başqaları hansısa tuman-köynəyə 70 faiz saxta endirim yazanda guya içləri sızlayır, vicdanları ağrıyır, amma özlərinə hansısa seçkidə 80-90 faiz saxta səs yaza bilirlər. 
Utanmazlığın son həddidir bu.
Həyasızlığın, sırtıqlığın son həddidir.