Müsavatın 100 illik yubileyinin keçirilməsi üçün yer «tapılmır»
Müsavat partiyasının 100 illik yubileyilə əlaqədar oktyabrın 7-də Bakıda beynəlxalq konfrans keçiriləck. Yubileyini keçirmək üçün partiya Bakı Şəhər Icra Hakimiyyətinə rəsmi məktub göndərib. Məktuba cavabında isə meriya yubiley keçirmək üçün müvafiq yer ayrılmasının mümkün olmadığını bildirib. Yəni, qarşı tərəf meriyanın sərəncamında heç bir zal olmadığını bildirib.
AXCP sədrinin müavini Gözəl Bayramlının sözlərinə görə, Müsavat partiyası böyük bir keçmişi olan partiyadır və onun öz yubileyini keçirməyə haqqı var. Həmsöhbətimiz hesab edir ki, Azərbaycan hakimiyyətinin bu münasibəti ölkədə siyasi plüralizmə qarşı dözülməz olduğunun nümayişidir: “Hakimiyyət ölkədə müxalifət partiyalarına qarşı qədərsiz mənfi münasibət göstərir. Onun Müsavat partiyasının yubileyini keçirməmək üçün müxtəlif bəhanələr gətirməsi dolayısıyla müxalifətdən ehtiyatlandığını göstərir. Lakin başqa partiyalara, ”cib müxalifəti”nə, onların tədbirlərinə zal tapılır. Azərbaycan hakimiyyətinin yubiley keçirilməsinə imkan açmaması qəbuledilməz münasibətdir. Bu, “Siyasi partiyalar haqqında” qanuna, eləcə də Konstitusiyaya zidd hərəkətdir. Azərbaycan hakimiyyəti müxalifətə qarşı təəssüf ki, yenə də bu cür münasibətini davam etdirir”.
Yazıçı-publisist Mehriban Vəzirin qənaətincə, hakimiyyətin sözügedən addımı həmişəki kimi yanlışdır: “Əhaliyə qarşı böyük bir ayrı-seçkilik, diskriminasiyadır. Başdan bəri, idarəetməsindən bugünədək bu rejim öz siyasətini yeridir. Ilham Əliyev təəssüf ki, bütün vətəndaşların prezidenti ola bilməz və bunu qətiyyən istəmir. Ona görə də bütün addımlarda belə yanlış hərəkətlərə yol verirlər”.
Nigar