Siyavuş Novruzov parlamentdən məmurları danışıqlarda ehtiyatlı olmağa çağırıb
Hakimiyyət yetkililərinin “WikiLeaks”də gedən məlumatlara müxtəlif cür münasibət bəsləməsi adamı heyrətləndirir. Məsələn, YAP funksioneri Siyavuş Novruzov parlamentdəki çıxışında öncə saytda Azərbaycan barəsindəki məlumatların müxalifət mətbuatından köçürüldüyünü vurğulasa da, daha sonra iqtidar nümayəndələrinə xaricilərlə görüşdə ehtiyatlı olmağı məsləhət görüb. Burada təzad açıq hiss olunur. Digər bir tərəfdən “WikiLeaks”in Ermənistan barəsində verdiyi məlumatlara efirlərində geniş yer ayıran hakimiyyətin nəzarətində olan kanallar saytın Azərbaycanla bağlı yaydıqlarına gəldikdə isə onları cəfəngiyat və həqiqətdən uzaq adlandırır.
AXCP sədrinin müavini Nurəddin Məmmədlinin fikrincə, “WikiLeaks”ə qarşı hakimiyyətin bu cür münasibət bəsləməsi təəccüblü görünməməlidir. Beynəlxalq aləmdən hakimiyyətin ünvanına səslənən tövsiyələrin, tələblərin süngü ilə qarşılanmasını hakimiyyətin mahiyyətində axtarmağı doğru sayan N.Məmmədli vurğuladı ki, bu avtoritar hakimiyyətlərin özünəxas davranış metodudur: “Hakimiyyət barəsində söylənilən cüzi müsbət ifadə aylardır təbliğat vasitələrində kampaniyaya çevrildiyi halda, ölkədə baş verənlər barədə həqiqi söyləyənlərə reaksiya verilmir. Əksinə, hər addımında özünün talançı, cinayət mahiyyətini gizlətməyə çalışır. Bu baxımdan Siyavuş Novruzovun da söylədikləri reallıqdan uzaqdır. Onun fikirləri həmişə yalan və böhtan xarakterli olub. ”WikiLeaks”dəki məlumatlar dünyanın normal ölkələrində istefalara səbəb olur. Çünki Amerika diplomatları onları inkar etmir”.
“WikiLeaks”dəki məlumatlardan ən çox ziyan çəkən tərəfin də məhz ABŞ olduğunu deyən N.Məmmədli vurğuladı ki, dünyada heç kim “WikiLeaks”dəki məlumatlara şübhə ilə yanaşmır. N.Məmmədlinin sözlərinə görə, sadəcə olaraq, o məlumatlardan nəticə çıxarmaq lazımdır. “Azərbaycan hakimiyyəti isə bu niyyətdən çox uzaqdır”, deyə N.Məmmədli vurğuladı.
Hikmət