İdeoloji sahədə tam qayğısızlıq

dunya-ovucdaHər bir cəmiyyətin birliyi, mütəşəkkilliyi ideologiya olmadan mümkün deyil. Fikrimizcə, bütövlükdə demokratik, sivil, qüdrətli dövlətin qurulması milli ideologiya olmadan mümkün deyil. Tarixi və müasir təcrübə, müxtəlif xalqların keçdiyi tərəqqi yolu birmənalı olaraq sübut edir ki, məhz həmrəylik yaradan, geniş kütlələri səfərbər edən ideoloji dəyərlər olmadan böyük məqsədlərə nail olmaq qeyri-realdır. İstənilən dövlətdə yaşayan vətəndaşların milli ideologiyası olmalıdır. Xalq öz inkişaf yolunun istiqamətlərini məhz həmin ideologiyaya müvafiq müəyyənləşdirməlidir.

Xalqın gücü, enerjisi öz ali məqsədlərinə doğru tam və dəqiq yönəldilməsə bu məqsədlər daim təhlükədə olacaqdır. İdeologiyanın əsas funksiyalarından biri  məhz xalqı öz ali məramları istiqamətində fəaliyyətə hazırlamaqdır. Bu baxımdan azərbaycançılıq ideologiyasının ölkəmizdəki çox əhəmiyyətli rolu var.

Azərbaycançılıq   əsrlər boyu eyni bir ərazidə yaşayan, ümumi psixoloji cəhətlərə malik, oxşar sosiomədəni dəyərlərin daşıyıcısı olan xalqların, etnik birliklərin tarixi müəyyənləşmə formasıdır. Onun hədəfi Azərbaycanda yaşayan bütün əhali qrupları arasında həmrəyliyin və qarşılıqlı fayda verən əməkdaşlığın  möhkəmləndirilməsindən, vahid Vətən ruhunun müdafiəsindən ibarətdir. O milli həyat harmoniyasının əsasıdır.

Milli ideologiya cəmiyyətin siyasi-mənəvi həyatında çox əhəmiyyətli rol oynayır. O milli birliyin əsasını təşkil edən sistemdir. İdeologiya xalqda kollektiv iradənin oyanmasına və təşkilinə xidmət edir. İdeoloji dəyərlərin ictimai fikrə hakim olmadığı toplumlarda qeyri-mütəşəkkillik, daxili ziddiyyətlər, qeyri-müəyyənlik, çaşqınlıq var. İdeyasız potensial cəmlənməyən və istiqamət almayan güc deməkdir. Hər bir cəmiyyət üçün ən böyük təhlükələrdən biri, şübhəsiz ki,  xalqın çoxəsrlik zaman içində qazandığı, formalaşdığı milli-mənəvi dəyərlərin deformasiyaya uğradılmasıdır. Bu əvəzsiz sosial kapital cəmiyyətin bütövlüyünü, xalqın həmrəyliyini gücləndirən başlıca amildir. Bu gün ölkədə aydın görünən budur ki,ideoloji sahəyə dövlətin qayğısı son dərəcə zəifdir və hissedilən deyil. Təkcə TV-lərin fəaliyyətinə göz yetirmək mövcud durumun necə olduğunun göstəricisidi…

Şübhəsiz ki, azərbaycançılıq cəmiyyətdə siyasi-sosial həmrəyliyi formalaşdıran, ölkənin davamlı və ritmik inkişafını təmin edən ideologiyadır. Məhz bu ideoloji baza milli-demokratik qüvvələri Azərbaycanın köklü mənafelərinin həllinə səfərbər edə bilər. Azərbaycanizm – millətin təhlükəsizliyi vasitədir və yad ideoloji təmayüllərə qarşı ən təsirli vasitədir.

İdeologiya fundamental mənəvi amildir və “milli ideologiya vətəndaş həmrəyliyini, ümummilli həmrəyliyi və ictimai  ahəngdarlığı təmin edən başlıca mənəvi substratdır. Eyni zamanda, ideologiya milli-mənəvi identikliyi də təmin edən vasitədir. Əgər ideologiya bu qədər zəruri bir vasitədirsə, onun cəmiyyətdə olmaması cəmiyyətin əsas atributlarından birinin olmaması deməkdir.

Fikrimizcə, ölkədə milli dövlət quruculuğu prosesinin mühüm vəzifələrindən biri də xalqda vətənpərvərlik dəyərlərinin, milli şüur və tərbiyənin yüksəldilməsi ilə bağlı elmi əsaslandırılmış humanitar siyasətin işlənib hazırlanmasıdır. Fransız sosioloqu J.Qiyomara görə, “millət vətənpərvərlik hissinin təzahürüdür. Milli birlik, vahid ideologiya, tarixi dəyərlərə sədaqət hər bir xalqın ən böyük nailiyyətlərindən, onun mövcudluğunun, kimliyinin göstəricilərindəndir. Millətləşmə və ya millətin formalaşması prosesi milli dövlət və milli kimliklə yaxından əlaqəlidir. Tarixi proses içində “klan”dan millət səviyyəsinə yüksəliş sosial təkamülün ən son pilləsini təşkil etməkdədir. Türkçülüyün banilərindən olan Əlibəy Hüseynzadəyə görə, hər bir millət o zaman səadət və nicatda olur ki, əvvəl əmrdə özünü tanıya, yəni hər bir millət öz qövmiyyətini, dilini, dinini, tarixini, adət və əxlaqını, keçmişini, bu gününü və gələcəyini öyrənməlidir.

Məlumdur ki, xalqda vətənsevərlik hissini gücləndirən iki başlıca amil vardır:
–    xalqın tarixi qəhrəmanlıq keçmişi
–    xalqın bu gün ictimai həyatın müxtəlif sahələrində əldə etdiyi nailiyyətlər

Azərbaycan dövlətçiliyi tarixində böyük xidmətləri olan şəxsiyyətlərin təbliği istiqamətində görüləsi işlər kifayət qədər çoxdu. “Əgər millətin böyük insanları istifadə olunmaqdan qalmışlarsa, ruhdan salınmışlarsa, şöhrətləndirilmirlərsə, millətin özü necə böyük ola bilər? Belə bir cəmiyyət öz xarakterini, öz simasını itirir; təqlid vertikal olmaq əvəzinə horizontaldır, belə halda ali insan deyil, adi insan, əksəriyyətin bir nümayəndəsi olan insan ideala və modelə çevrilir; hər kəs istəyir ki, başqa bir kəsə oxşasın…” (U.Dürant)  Bu baxımdan digər bir fikir də çox qiymətlidir.
Fikrimizcə, Azərbaycan dövləti, onun ideoloji təsisatları qarşısında dayanan mühüm vəzifələrdən biri cəmiyyətin bütün təbəqələri, xüsusilə gənclər arasında vətənpərvərliyin gücləndirilməsi istiqamətində elmi baxımdan hazırlanmış sistemli fəaliyyətin olmasıdı. Gənclik hər bir millətin, dövlətin başlıca güc mərkəzidir. Gəncliyin mənəvi-ideoloji baxımdan hazırlığı fraqmental fəaliyyətin deyil, daimi, gündəlik, ardıcıl gənclər siyasətinin nəticəsidir. Millətin siyasi cəhətdən yetişməsi və formalaşması onun vətənpərvərliyi səviyyəsi ilə ölçülür. Millətin üzvləri öz millətinin, vətəninin həqiqi fədakarı kimi böyüməlidir. Bunun üçün habelə tələb olunur ki, mövcud iqtidar xalqı vətənpərvər kimi tərbiyə edə bilsin və özü də bu ruhda tərbiyə olunsun. Vətən hissinin formalaşdırılmasında tarixi dəyərlərin, milli kimlik dəyərlərinin rolu əvəzsizdir. Tarix milli mənliyin ən vacib komponentidir. Milli mənlik şüuru məhz tarixi yaddaş əsasında qurulur.

Milli mənlik şüurunun yüksəldilməsi  təhsil, təbliğat və s. sahələrdə görüləsi işlər kifayət qədərdir. Hər bir milləti digərlərindən üstün və ya zəif edən amillərdən ən başlıcası fikrimizcə, milli mənlik şüurunun səviyyəsi ilə bağlıdır. Milli  xüsusiyyətlərin, milli mədəniyyətin qorunub saxlanılması, təkmilləşdirilməsi və inkişafı hər bir müstəqil dövlətin əsas ideoloji qayğılarından hesab edilir. Millətləri yüksəldən milli məfkurələrdir. Milli məfkurəsi olmayan millət geriləməyə, heç olmasa, yerində saymağa məhkumdu.  Milli mədəniyyət və milli xüsusiyyətlərini qorumağa müvəffəq olmayan millət ölümə məhkumdur.

Bu gün ölkənin təhsil sistemində artıq 20 ildən çoxdur ki davam edən böhran, (təkcə bir faktı deyək ki, TQDK-nın rəsmi məlumatına görə orta məktəb məzunlarının 46 faizi ana dilindən 2-3 qiymətlər alırlar) kütləvi informasiya vasitələrinin  çox halda milli maraqlardan uzaq düşməsi, ölkədən beyin axını və ümumiyyətlə kütləvi miqrasiya, vətəndaş razılığına dağıdıcı təsir edən seçkilərin keçirilməsi və s. amillər bu sahədə sistemli bir böhranın olduğunun göstəricisidir.

Mehman Xanlaroğlu, politoloq