Spikerlə deputat dalaşdı

Oqtay Əsədov Zahid Orucun üstünə qışqırdı 

Parlamentin dünənki iclasında spiker Oqtay Əsədovla deputat Zahid Orucun arasında mübahisə yaranıb. Müzakirələr zamanı Zahid Oruc  təhsil sahəsinə aid qanunlarda dəyişiklik olunmasını təklif edib.

O, bildirib ki, xüsusilə ali təhsil haqqında qanunun qəbul edilməsinin vaxtı çatıb. Hansısa səbəbdən deputatın təklifi Oqtay Əsədovun xoşuna gəlməyib. Spiker Zahid Orucun sözünü kəsərək deyib ki, Milli Məclis diskussiya yeri deyil(?) və ondan gündəlik barədə danışmağı tələb edib. Deputatın cavabı spiker üçün gözlənilməz olub. “Bu binanın içində ciddi diskussiyalar, siyasi debatlar keçirilməsə, bura muzey deyəcəklər, parlament deməyəcəklər”, – deyə Zahid Oruc vurğulayıb. Deputatın bu cavabı Oqtay Əsədovu lap əsəbiləşdirib. “Zahid Oruc, mənə dərs keçməyə nə yaşın çatır, nə hüququn. Xahiş edirəm, danışığına fikir ver. Mövzu barədə danış. Sonra deyirsən ki, mənə danışmaq imkanı vermirlər”, – deyə spiker Zahid Orucun üstünə qışqırıb. Bununla belə, deputat yenə dilini dinc qoymayıb. O, spikerə xatırladıb ki, Milli Məclisin üzvü kimi öz funksiyasını yerinə yetirir.