“Əli Əhmədov yalanlarından əl çəkmir”

Gözəl Bayramlı: «Hakimiyyətin avtoritar siyasətindən əl çəkməməsi öz ziyanına işləyəcək»

“Yol xəritəsi”ndə müzakirə oluna biləcək, hər hansı ciddi müzakirə üçün diqqəti cəlb edəcək nəsə yoxdur. Azərbaycanın çoxdan keçdiyi, həllini tapmış məsələləri Ictimai Palata adlandırılan qurum yenidən müzakirə predmetinə çevirmək istəyib. Guya ki, Azərbaycanın demokratiyaya keçidini təmin etmək üçün tədbirlər görürlər. Azərbaycan bu yolu çoxdan keçib”. Bu fikirləri YAP-ın icra katibi Əli Əhmədov Ictimai Palatanın hazırladığı və tanış olmaq üçün bu yaxınlarda hakim partiyaya göndərdiyi “Yol xəritəsi”nə münasibətində açıqlayıb.

AXCP sədrinin müavini Gözəl Bayramlı isə Əli Əhmədovun adəti üzrə yalan danışdığını deyir: “Insanlara yalan danışmağı tərgitmirlər. ”Yol xəritəsi”ndə demokratiyaya keçidin yumşaq formasını təklif etmişik. Burada da xeyli formalar var. Məsələn, yeni parlament seçkilərinin keçirilməsi, bir çox sahələrdə islahatların aparılması və s. Əli Əhmədovun sözlərindən belə çıxır ki, sonuncu parlament seçkiləri demokratik keçib? Əslində bütün Azərbaycan cəmiyyətinə məlumdur ki, bu hakimiyyət iqtidarda olduğu illər ərzində ölkənin heç bir problemi həll olunmayıb. Islahatlar istiqamətində bir addım da atılmayıb. Bu gün insanların siyasi sifarişlə həbs olunması, jurnalistlərə təzyiq olunması Azərbaycan hakimiyyətinin fərqli fikrə necə münasibət bəslədiyini göstərir. Insanların güzaranı həddən artıq pisdir. Nələr yerinə yetirilib? Əli Əhmədov nəyi nəzərdə tutur?”.

G.Bayramlı deyir ki, hakimiyyət heç olmasa indi – insanların həqiqətlərdən xəbərdar olduğu bir vaxtda yalanlarından əl çəkməlidir: “Bu cəmiyyəti nə qədər aldatmaq olar? ”Yol xəritəsi” əslində YAP-ın xeyrinə olan bir sənəddir. Biz istəmirik ki, cəmiyyətlə hakimiyyət arasında qarşıdurma olsun. Əksinə müxalifət olaraq qarşıdurmanı aradan qaldırmaq, avtoritarizmdən demokratiyaya yumşaq keçid etmək istəyirik. Əli Əhmədov isə dolayısıyla bu sənədi qəbul etmədiklərini və siyasətlərini davam etdirəcəklərini çatdırmaq istəyir. Nə qədər belə davam etsələr, etiraz dalğası bir o qədər böyüyəcək. Hakimiyyətin öz avtoritar siyasətindən əl çəkməməsi onların öz ziyanına işləyəcək”.