YAP-çı deputatlar təhsildəki problemləri qabartmaqla naziri gözümçıxdıya saldılar
Səyavuş Novruzov Elmar Qasımovun qisasını aldı
Milli Məclisin dünənki isclasında YAP-çı deputatlar təhsil naziri Misir Mərdanovu topa tutublar. Onlar təhsildəki problemlərə toxunmaqla nazirin yerində olmadığına diqqət çəkiblər. Bu mövzuda ilk olaraq YAP-çı deputat Səyavuş Novruzov danışıb. Deputat deyib ki, Milli Məclisdə təhsil sahəsinə aid qanun qəbul olunub.
Bu qanuna görə, uşaq bağçalarından keçməyən uşaqlar birinci sinfə qəbul olunmalı deyil. Onun sözlərinə görə, Təhsil Nazirliyi açıqlama verib ki, Azərbaycandakı uşaqların 20 faizi bağçalara cəlb olunub. Məktəb direktorları da bundan istifadə edib uşaqları birinci sinifə qəbul etmək istəmirlər: “Ona görə də hesab edirəm ki, ”Təhsil haqqında” qanundan bağçalara getməyən uşaqların birinci sinfə qəbul olunmamasına aid maddə çıxarılmalıdır”.
YAP-çı deputat daha sonra uşaqların birinci sinfə testlə götürülməsinə toxunub. Səyavuş Novruzov təhsilin icbari olması barədə Konstitusiya müddəasını xatırladaraq deyib: “Yaxşı, valideynlər uşaqlarını testdən keçmək üçün öyrətməlidirsə, o zaman məktəblər nə iş görəcək?!”.Səyavuş Novruzov həmçinin bildirib ki, onun məlumatına görə, 20 min şagird məktəbli forması ala bilməyib: “Məktəbli formasının satışını biznesə çeviriblər. Vətəndaşları günlərlə bir fabrikin qarşısında növbədə saxlamaq hansı qaydaya-qanuna sığır? Bunun qarşısı niyə alınmır? Adama məktəbli forması verilir və hamı bilir ki, bu necə olmalıdır. Bunu adam gedib Türkiyədə də tikdirə bilər, başqa yerdə də. Niyə məhz bir yerdən almaq lazımdır? Bu, biznesdir”. Deputat əlavə edib ki, məktəbli formalarını tək bir fabrik tikməli deyil.
YAP-çı deputat Məlahət Ibrahimqızı isə deyib ki, satışda olan məktəbli formasının tikildiyi parçanın tərkibi sintetikdir: “Hazırkı məktəbli forması revmatizm mənbəyidir. Qışda balaca, məktəb yaşlı uşaqlar soyuqdan, yayda isə istidən əziyyət çəkəcəklər. Ona görə məsələyə diqqət etmək lazımdır”.
Deputat Elmira Axundova da bu məsələyə toxunub və məktəbli formalarının baha olması və uşaqlardan pul yığılmasını qabardıb: “Amma çox təəssüf olsun ki, bu gün Təhsil Nazirliyi telefon zənglərimizə cavab vermir”.
Sonda qeyd edək ki, Səyavuş Novruzovun təhsil sahəsinə bu qədər diqqət göstərməsinin bir səbəbi problemlərin gözə girəcək səviyyədə olmasıdırsa, başqa bir səbəbi Misir Mərdanovun sabiq müavini Elmar Qasımovun işdən azad edilməsidir. Elmar Qasımovla Səyavuş Novruzovun dostluq münasibətləri var. YAP-çı deputat dostunun işdən çıxarılmasını həzm edə bilmədiyindən və bunun təqsirini Misir Mərdanovda gördüyündən Milli Məclisdə ürəyini “boşaldıb”. Halbuki YAP-çı deputat bilməmiş deyil ki, təhsil və digər sahələrdəki problemlər Azərbaycan hakimiyyətinin yeritdiyi siyasətin nəticəsidir. Digər tərəfdən yaxın günlərdə Misir Mərdanovun işdən çıxarılacağı bəlli olduğundan Səyavuş Novruzov və digər YAP-çı həmkarları ənənəyə uyğun olaraq yıxılana balta çalmağa başlayıblar.
Mehri