Ruslar yazır ki, xarici işlər naziri S.Lavrovun BMT-nin sessiyasındakı dərin məzmunlu çıxışını gürcülər sarkazm, azərbaycanlılar anlaşma, ermənilərsə rəğbətlə qarşıladılar. Mən başqa millətləri bilmirəm, bizim azərbaycanlıların böyük hissəsi heç bilmir Lavrov kimdir, ondan qala onun çıxışını izləyələr! Nə isə. Ruslardır da, qoy, nə bilirlər, yazsınlar, onsuz elə onların da kitabını oxuyan yoxdur. Mənimsə yaddaşımda S.Lavrovun bir hədəsi qaldı ki, daha bundan sonra Rusiya Qarabağda müharibəyə imkan verməyəcək. Bəli, cəmi Qarabağ işğal olunandan sonra daha müharibə Rusiyanın nəyinə lazımdır? Amma yenə də soruşmaq istəyirəm: ay Rusiya, niyə bəyanatını əvvəl, tutaq ki, 18-19 il və yaxud da elə 20 il bundan əvvəl vermirdin? O vaxt müharibə olmasaydı, heç indiki vəziyyət də olmazdı və cənab D.Medvedev də özünün çox qiymətli vaxtını Qarabağ probleminin çözülməsinə həsr etməzdi! Bəli, başınızı nə ağrıdım, bu bəyanat bizim üçün verilib ki, birdən çaşıb müharibə edərsiniz ha! Ermənistana artıq müharibə lazım deyil, çünki lazım olandan da artıq işğal edib. Bu haqda düşünəndə mənim ağlıma qəribə fikirlər gəlir.
20 ildir ki, müstəqilik! Bu 20 ildə yarım milyon qaçqın, bir o qədər köçkün və 20 faiz də torpaq itirmişik! Yox, mən də peşiman deyiləm və peşimançılıq da aşılamaq fikrim yoxdur. Məsələ bundadır ki, bu itkilərin müəllifi birmənalı və qəti şəkildə Rusiyadır. Mənsə bunu ona görə xatırladıram ki, bəzi adamlar “onsuz da Azərbaycan müstəqil olacaqdı” – deməyi sevirlər. Bizim səhvimiz olmayıbmı? Təbii ki, olub. Birinci səhvimiz budur ki, indi bütün dünyaya car çəkirik ki, bəs Dağlıq Qarabağa dünyadakı ən böyük statusu belə, verməyə hazırıq! Amma bir vaxt götürüb Qarabağın o vaxtkı statusunu da ləğv etdik. Bəlkə də danışıq yolu ilə ərazi bütövlüyü prinsipi çərçivəsində onlara status vermək olardı. Yox, mən demək istəmirəm ki, Dağlıq Qarabağ erməniləri ilə, elə Ermənistanın özü ilə danışmaq cəhdləri olmayıb, olub. Ermənistanda bir vaxt zəlzələ olanda bir təyyarə azərbaycanlı yolladılar ora. Nəticəsi nə oldu?Daha sonra, Azərbaycanın yüksək vəzifəli şəxsləri Qarabağa səfər etmək və bir növ yerli ermənilərlə dil tapmaq istədilər. Nə oldu? Hə, məşhur vertolyot qəzası baş verdi! Sanki gizli bir əl bütün yolları bağlayırdı ki, təki danışıq və dialoq olmasın! Bu əl Rusiyanın əli idi! 20 il əvvəl də, indi də bu Ermənistan Rusiyanın nökəri olub. Rusiya onu o vaxt da, elə indi də öz yerində oturda bilərdi, sadəcə, bunu istəmir! Bir səhvimiz də oldu. Bizim üstün mövqelər qazandığımız vaxtlar da olmuşdu. Biz o üstünlükləri saxlaya bilmədik, daha çox yerli siyasi çəkişmələrə aludə olduq, enerjimizi, resurslarımızı lazımsız siyasi çevrilişlərə həsr etdik. Azərbaycanın ərazilərinin böyük əksəriyyəti ya siyasi çevriliş ərəfəsində, ya da çevriliş dövründə, hərc-mərclik vaxtında işğal olunub. Bunu ki, inkar edə bilmərik! Bəli, indi Rusiya “daha müharibə olmayacaq!” deyir, çünki tilova artıq Ermənistan da, Azərbaycan da düşüb və ruslar çox istərdi ki, bu iki ölkə hələ bundan sonra da on illərlə bu tilovda çabalasın. Rusiya hara tələsir ki? Tələsən bizik, amma təəssüf ki, əllərimiz heç yana çatmır. S.Sərkisyan məktəblilərlə görüşündə deyir ki, Qarabağı biz aldıq, Ağrı dağını da siz alarsınız! Bəlkə Rusiya bu cür müharibə çağırışları haqda düşünsə, daha yaxşı olar? Olmaya öz könlündən də Ağrı dağı keçir?!
Vətənpərvərliyi təkcə kitablardan öyrənirlər?
Hansı kitabı açırsan vətənpərvərlik haqda yazılıb. Bu tərəfdən də günahsız insanları məhbəsə atırlar, mən aprel məhbuslarını nəzərdə tuturam. Millət bir meşə kimidir, onun içində hər cür ağac və kol-kos da olur. Neçə illərdir ki, bu meşənin ən seçmə ağaclarını qırırlar. Bu yolla millət yaşaya bilərmi?Ruslar bunu başa düşər, çünki meşə bir arxetip kimi onların folkloruna belə, hopub. Sovetlər vaxtı bir yazıçı vardı, Leonov, elə onun da bir romanı vardı və adı da “Rus meşəsi” idi. Bunu ona görə dedim ki, bunları ruslar anlada bilər, heç olmasa, bəzi şeyləri onlardan öyrənsinlər…


